ABŞ və İran nümayəndələri nüvə sazişinin ilkin konturları barədə razılığa gəliblər
ABŞ və İran nümayəndələri davam edən məsləhətləşmələrin bir hissəsi olaraq mümkün nüvə sazişinin ilkin konturları barədə razılığa gəliblər. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Amerika hökumət dairələrindəki öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilibn ki, bu sənədin uzun müddətdir davam edən diplomatik qarşıdurmaya son qoyacağı gözlənilir.
Danışıqlar prosesi dörd əsas sahəyə yönəlib. Birinci məqam uranın zənginləşdirilməsinin uzunmüddətli dondurulması ilə bağlıdır. ABŞ iyirmi illik moratorium tələb etsə də, Tehran on illik müddətdə israr edir. Amerika diplomatları hesab edirlər ki, on beş illik müddətdə kompromisə nail olmaq mümkün olacaq.
İkinci şərt İranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsinin azaldılması ilə bağlıdır. Vaşinqton bu prosesdə MAQATE ilə birlikdə fəal iştirak etmək niyyətindədir, lakin İran tərəfi yalnız ABŞ-ın müşahidəçi kimi iştirakına razıdır. Rəsmi Tehran hələlik toplanmış nüvə materiallarından imtina etmək istəyi ilə bağlı heç bir açıqlama verməyib.
Müzakirə olunan üçüncü məqam nüvə infrastrukturunun sökülməsidir. ABŞ Fordo, İsfahan və Natanzda yerləşən üç əsas obyektin sökülməsində israr edir. İran iki obyektin bağlanmasına razıdır, lakin uranı zənginləşdirmək hüququnu təsdiqləmək üçün bir obyektin fəaliyyətdə qalmasını tələb edir.
Danışıqların dördüncü sahəsi beynəlxalq müfəttişlərin təcili yoxlamalar aparmaq üçün girişi ilə bağlıdır. Amerika tərəfi MAQATE mütəxəssislərinin istənilən vaxt istənilən əraziyə maneəsiz girişini tələb edir. Jurnalistlər qeyd edirlər ki, bir çox şübhəli ərazilər əvvəllər giriş ciddi şəkildə məhdudlaşdırılan qapalı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazalarında yerləşir.