“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.
AYNA.AZ xəbər verir ki, layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidir. 10 iyun tarixində layihəyə cəlb olunan uşaqlara “Təfəkkürün inkişaf etdirilməsi” adlı təlim keçirildi. Keçirilən təlim zamanı layihədə iştirak edən 15 uşaqla təfəkkürün inkişaf etdirilməsinə yönəlmiş korreksiyaedici və inkişafetdirici məşğələlər təşkil olunub.
Təlimin əsas məqsədi uşaqlarda məntiqi düşünmə, səbəb-nəticə əlaqələrini anlama, analiz və sintez etmə, müqayisə aparma, problem həll etmə, ümumiləşdirmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi olub. Məşğələlər zamanı uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun müxtəlif metodika, didaktik material və vizual vəsaitlərdən istifadə edilib.
Təfəkkürün inkişafı məqsədilə rəng-kodlaşdırılmış məntiq tapşırıqları, nümunəyə uyğun düzülüşlər qurma, predmetlərin məkan yerləşməsini müəyyən etmə, sxem və modellər üzrə fəaliyyətlər, rəng və rəqəm uyğunluqlarını müəyyən etmə, nümunəyə əsasən fiqur və predmetləri yerləşdirmə, kölgə və predmet uyğunlaşdırma tapşırıqları, əşyaların xüsusiyyətlərinə görə qruplaşdırılması, səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi, müqayisə və ümumiləşdirmə məşqləri, problem vəziyyətlərinin həlli üzrə çalışmalar həyata keçirilib.
İstifadə olunan metodikalar uşaqlarda
– məntiqi təfəkkürün inkişafı,
– analiz və sintez bacarıqları,
– müqayisə etmə, ümumiləşdirmə, təsnifat aparma
– səbəb-nəticə əlaqələrini anlama,
– məkan təsəvvürləri,
– problem həll etmə bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.
Təlim müddətində bəzi uşaqlarda məntiqi əlaqələrin qurulmasında, tapşırığın şərtini anlamaqda və müstəqil qərar verməkdə çətinliklər müşahidə edilmişdir. Bununla yanaşı, əyani və praktik materiallardan istifadə uşaqların fəaliyyətə marağını artırıb, tapşırıqların yerinə yetirilməsini asanlaşdırıb.