“Siyasi sifarişi yerinə yetirməmək üçün hələ ki, şansı var"
Çiçəklənən Ermənistan Partiyasının səlahiyyətlisi Naira Zöhrabyan təşkilatın sədri Qaqik Çarukyanla bağlı Ermənistanın Baş prokuroruna müraciət edib. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, Zöhrabyan Çarukyana açılan cinayət işinin siyasi sifariş olduğunu bildirib.
“Baş prokurorun siyasi sifarişi yerinə yetirməmək üçün hələ ki, şansı var", - deyə Zöhrabyan qeyd edib.
Xatırladaq ki, sabah Ermənistanın Baş prokuroru Artur Davtyan Çarukyanın deputat toxunulmazlığının əlindən alınması məsələsi ilə bağlı qərar verəcək.
Qeyd edək ki, dünən səhər saatlarında Ermənistanın Milli Təhlükəsizlik Xidməti müxalifətin lideri, Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın evində və partiyanın ofislərində araşdırmalar aparıb. Çarukyan 9 saatlıq dindirmədən sonra deputat toxunulmazlığı səbəbindən sərbəst buraxılsa da, onun haqqında 3 maddə üzrə cinayət işi başladılıb. Müxalif lider qanunsuz biznes fəaliyyətində, seçiciləri rüşvətlə ələ almaqda və qanunsuz torpaq sahələri zəbt etməkdə təqsirləndirilir. Sabah Baş prokuror Çarukyanın deputat toxunulmazlığının götürülməsi məsələsinə baxacaq.
Qeyd edək ki, Çarukyan və Çiçəklənən Ermənistan Partiyasının üzvləri cinayət işlərini Baş Nazir Nikol Paşinyanın siyasi sifarişi sayırlar.