Yeni qanun, köhnə problemlər: deputatlardan irad və təkliflər - MÜZAKİRƏ

İqtisadiyyat

28.10.2022 - 14:21

Milli Məclisə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi komitə iclasında müzakirə olunub

Milli Məclisə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi daxil olub. Sözügedən qanun layihəsi bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb. Qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir. Bu qanun qəbul edildikdən sonra dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Eyni zamanda, dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarının müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisində dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyəcək.

Ələt azad iqtisadi zonasında dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

Özəl müəssisələr bu halda dövlətin mülkiyyətinə keçəcək

“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində əksini tapan maraqlı məqamlardan biri odur ki, bundan sonra özəl tərəfdaşın yaratdığı infrastruktur özəl tərəfdaşın mülkiyyətində qala və ya dövlət tərəfdaşının mülkiyyətinə keçə bilər. Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, özəl tərəfdaş dövlət tərəfdaşının əvvəlcədən yazılı razılığı ilə infrastrukturu dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən edilmiş müddətdən artıq olmayan müddətə icarəyə və ya istifadəyə vermək hüququna malikdir.

Dövlət-özəl tərəfdaşlığı müqaviləsində başqa qayda nəzərdə tutulmadığı halda, həmin müqavilə ləğv edildikdə və ya ona xitam verildikdə:

- özəl tərəfdaşın yaratdığı infrastruktur özəl tərəfdaşın mülkiyyətində qala və ya dövlət tərəfdaşının mülkiyyətinə keçə bilər;

- dövlət tərəfdaşı özəl tərəfdaşın yaratdığı infrastrukturu sonuncudan satın almaqda üstünlük hüququna malik ola və ya belə öhdəlik daşıya bilər;

- özəl tərəfdaş onun idarəetməsinə verilmiş infrastrukturu dövlətdən satın almaqda üstünlük hüququna malik ola bilər. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün tələb olunan torpaq sahələrinin müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu formada və müddətdə, lakin dövlət-özəl tərəfdaşlığı müddətindən çox olmamaq şərtilə özəl tərəfdaşa ayrılması Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq səlahiyyətli orqan tərəfindən təşkil olunur.

Dövlət mülkiyyətində olan torpaq sahəsi özəl tərəfdaşa icarəyə, istifadəyə verilə bilər və ya layihə şirkətinə pay şəklində qoyula bilər. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi özəl tərəfdaşa dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsini zəruri edirsə, özəl tərəfdaşla torpaq sahəsinin icarə müqaviləsi səlahiyyətli orqan tərəfindən bağlanılacaq. Özəl tərəfdaşa icarəyə verilən torpaq sahəsinin icarə haqqı ”Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək. İcarəyə götürülmüş torpaq sahələri özəl tərəfdaşa icarəyə və ya istifadəyə verilə bilər.

Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün tələb olunan bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri keçirilmədən dövlət mülkiyyətinə və ya icarəsinə veriləcək.

Dövlət özəl tərəfdaşlığı layihənin həyata keçirilməsi üçün tələb olunan xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələri mülkiyyətçi ilə müqavilə əsasında dövlət tərəfindən satın alınacaq və ya icarəyə götürüləcək. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna əsasən dövlət-özəl tərəfdaşlığı layihəsi dövlət ehtiyacı hesab edildikdə, torpaqların alınması həmin Qanun əsasında həyata keçiriləcək.

Komitə sədri: “2026-cı ildə iqtisadiyyatda özəl sektorun payı 88 faizə çatdırılacaq”

İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin iclasında müzakirə zamanı komitə sədri Tahir Mirkişili Azərbaycan iqtisadiyyatının inkşafı haqqında danışıb. Deputat bildirib ki, son illərdə iqtisadiyyatın inkişafında irəliləyiş var: “Son 5 ildə Azərbaycanda iqtisadi şəffaflaşma artıb. Bununla yanaşı, 2026-cı ildə iqtisadiyyatda özəl sektorun payı 88 faizə çatdırılacaq. Bunun üçün imkanlar var. Eyni zamanda, biz qeyri-neft sahəsinə nəzər yetirməliyik. Ötən il Azərbaycanda qeyri-neft sahəsi 44,6 faizə çatıb”.

Nazir: “Həyat səviyyəsi artdıqca gözləntilər də, əhalinin istəkləri, tələbləri də artır”

İclasda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qanun layihəsindən danışıb, bir sıra məsələlərə aydınlıq gətirib. “Sual oluna bilər ki, dövlətin maliyyə qaynaqları artırsa, niyə bu gün böyük kapital tutumlu layihələrə ehtiyac yaranır”, - deyən nazir vurğulayıb ki, inkişaf olduqca, iqtisadiyyat getdikcə çətinləşir: “Həyat səviyyəsi artdıqca gözləntilər də, əhalinin istəkləri, tələbləri də artır. Büdcə nə qədər artırsa artsın, onun idarə edilməsi vacibdir. Bu gün xarici bazarlardan cəlb etdiyimiz sərmayələrdən istifadə edə bilməyəcəyiksə, gələcək inkişafımız üçün məhdudlaşdırılmalar olacaq. İctimaiyyətin, xarici kapitalların bu sahəyə marağını artırmaq lazımdır”.

“Özəl kapitalçı hər zaman daha səmərəli işlər ortaya qoymaqda maraqlı olur. Bu gün dövlət başqa sahələrə nəzarət etməlidir. Bunlar qanunvericiliyin tənzimlənməsi, ictimaiyyətin maraqlarını qarşılamaq və digərləri. Bu, dövrün tələbləridir. Bir məsələyə diqqət yetirək. Hazırda infrastruktur obyektləri tikilir, amma bu sahənin idarə edilməsini düzgün yerinə yetirə bilmirik. Ona görə də bu sahədə özəl sektor daha vacibdir. Özəl investor maraqlı olur ki, işin keyfiyyətli təşkil edilməsi ilə gəlirlərini artırsın”, - deyə M.Cabbarov əlavə edib.

Yeni qanun iki sahəyə aid edilməyəcək

Nazir onu da söyləyib ki, "Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi iki sahəyə aid edilməyəcək: “Bunlardan biri neft-qaz sahəsidir, digəri isə elektrik enerjisi istehsalında bərpa olunan enerji sahəsidir”.

““Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunda özəl sektorlara nəzarət mexanizminin hazırlanması nəzərdə tutulub. Bununla bağlı elektron sistem yaradılacaq. Eyni zamanda, səlahiyyətli orqan layihənin icrası barədə bütün sənədləri qeyd edəcək. Hər hansı imtina olarsa, bununla bağlı məlumat veriləcək. Valyuta dəyişikliyi, və riskli sahələrə nəzarət olunacaq", - iqtisadiyyat naziri diqqətə çatdırıb.

Deputat: “Xaçmazda 20 hektar sahədə taxıl əkilməlidir, amma hazırda yalnız 9 hektara yaxın ərazidə taxıl əkilib”

Müzakirəyə qoşulan deputat Vahid Əhmədov bildirib ki, Azərbaycan iqtisadiyyatında rəqabət mühitinin yaradılmasına ehtiyac var: “Bu, çox vacib məsələdir. Hesab edirəm ki, yeni qanunda bu məsələ öz əksini tapmalıdır”.

“Diqqət yetirilməli başqa məsələ rayonlardakı iqtisadi problemlərdir. Taxıl, buğdanın istehsalı ilə bağlı ciddi problemlər var. Bunun birinci səbəbi gübrədir. Gübrə Rusiyadan gəlir. Qiyməti də sürətlə artır. Xaçmazda 20 hektar sahədə taxıl əkilməlidir. Hazırda yalnız 9 hektara yaxın ərazidə taxıl əkilib. Biz Xaçmazda sahibkarlarla görüş keçirdik. Orada ən böyük problem taxılın, buğdanın istehsalı ilə bağlı məsələdir. Eyni zamanda, subsidiya ilə bağlı da problem var. Baxmayaraq ki, elektronlaşıb, lakin problemlər qalmaqdadır. Düşünürəm və ümid edirəm bu məsələyə diqqət yetiriləcək”, - deyə deputat vurğulayıb.

“Bir suala cavab tapmalıyıq ki, yeni qanun layihəsi niyə indi qəbul olunur? Çünki bu barədə 2016-ci ildə qanun layihəsi qəbul olunmuşdu. Amma qanunun özü olmasa da, fəaliyyəti nəzərə çarpırdı. Qəbələdən su çəkilmişdi, yollar salındı. Özəl şirkətlərin əksəriyyəti burada çox qazanclı oldu. İndi müzakirə edilən qanunun qəbul olunması yaxşıdır, iri layihələr həyata keçriləcək. Dövlət üçün ən vacib məsələ rəqabət mühitinin yaradılmasıdır. Ölkəyə ən çox zərər elə budur. Bu məsələni həll etmək lazımdır”, - deyə millət vəkili əlavə edib.

“Özəl sektorun mənfəətləri, səmərəliliyi çox azdır”

“Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. 1990-cı illərdə biz yeni iqtisadi sistemi formalaşdırırdıq. O zaman bizim iqtisadiyyatımız çox zəif inkişaf edirdi. İndi isə Azərbaycanın iqtisadiiyatı inkişaf edib. Bu qanun bizə imkan verəcək ki, dünya ölkələri ilə əməkdaşlığımız genişlənsin”. Bu sözləri deputat Ziyad Səmədzadə səsləndirib.

Millət vəkilinin sözlərinə görə, artıq Azərbaycanın gələcək inkişafı ilə bağlı yanaşması yeni prioritetləri özündə əks etdirir: “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər onu göstərir ki, 10-15 il əvvəl biz bunu edə bilməzdik. Nəzərə almaq lazımdır ki, xarici investorlar kapitalı mənfəət olan yerə qoyurlar. Banklar Assosiasiyası da azad olunmuş ərazilərlə bağlı kifayət qədər bu gün işlər görür”.

“Eyni zamanda, yaxşı olardı ki, qanun layihəsində özəl sektorla əlaqədar məsələləri artıraq. Bu qanunda dövlət xidmətləri anlayışı öz əksini tapmayıb. İnfrastruktur layihələrinin həyata keçirilməsi özlüyündə görülən işlərdir. Amma qanunda buna başqa mənada yanaşılıb. Azərbaycan iqtisadiyyatında 85 faizin özəl sektora aid olduğunu deyirik, amma əsas onların mənfəətidir. Onların da mənfəətləri, səmərəliliyi çox azdır”, - deyə deputat qeyd edib.

Deputatdan sual: “Bunlar nəzərə alınıbmı?”

Deputat Əli Məsimli isə bildirib ki, xarici investorların Azərbaycanda qeyri-neft sektoruna gəlməyə marağı yoxdur. Onun sözlərinə görə, yeni qanunla investorların qeyri-neft sektora cəlb edilməsi çox önəmli məsələdir: “Bu qanunda qardaş ölkə Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin təcrübəsindən istifadə edilməsi yaxşı haldır. Lakin müəyyən istisnalar da var. MDB ölkələrinin təcrübəsində də çatışmazlıqlar var. Mənə maraqlıdır, onlar nəzərə alınıbmı? Düşünürəm ki, çatışmazlıqlar qanunda əks olunmalıdır”.

“Bununla yanaşı, maliyyə təminatı sahəsində qanunun inkişaf etdirilməsinə ehtiyac var. Qanunda dövlət-özəl tərəfdaşlığı hissəsi təkmilləşdirilməlidir. Layihədə ümumi xarakterli çox  məlumatlar var. Azərbaycanda yerli investorlarla bağlı problemlər var. Bu gün qanunun tələblərinə cavab verən şirkətlər bəllidir. Hamı üçün şərait yaradılacaqsa, qanunda maddələr genişlənməlidir. Sadaladığım məsələlərin qanunda əksini tapması vacibdir”, - deyə Ə.Məsimli bildirib.

“Kəndli kredit alana kimi məhsul yığımı bitir”

Deputat Rüfət Quliyev isə kənd təsərrüfatı ilə məşğul olan kənd sakinlərinin kredit götürməsi çətinliyindən danışıb: “Kənddə işləyən sakinlərin kredit alması üçün o qədər sənəd tələb edirlər ki, krediti alana qədər əkin mövsümü bitir. Mən böyük rəqəmlərdən, milyonlardan danışmıram. 5-50 min arası kreditlər üçün kənd sakinlərinə güzəştlər edilə bilər. Bunun üçün düzəlişlər edilməlidir ki, kreditlər iki həfətə ərzində kəndliyə verilsin. Təbii ki, vətəndaş məsuliyyət daşımalıdır, amma bu qədər sənədin tələb olunması yersizdir. Kredit kəndlinin əlinə gəlib çıxana qədər məhsul yığımı da bitir".

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Müəllif: Anar Bayramoğlu