Yarımçıq tələbə kredit

Cəmiyyət

24.06.2021 - 20:00

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.  Bu fondun yaradılması maddi imkanları zəif olan minlərlə tələbənin ödənişli təhsil almasına imkan yaradacaqdır. Ayna-nın əməkdaşı təhsil ekspertlərindən bu fondun gələcəkdə təhsilə və təhsil sisteminə necə təsir edəcəyini soruşub. Təhsil ekspertləri yeni yaradılan fondun təhsil sisteminə təsirlərindən danışıblar.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, hələ 2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulmuşdu, amma yaradılmamışdı: “Qeyd edim ki, son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Qanunla isə insanların təhsil alması üçün şərait yaradılmalıdır. Azərbaycanda hər il məzunların cəmi 42 faizi ixtisas üzrə iş tapa bilir. Qalanlar ya digər ixtisaslar üzrə işləyir, ya da, ümumiyyətlə, işləmir.Qeyd edim ki, tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və ayrılan 80 milyon manat 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcəkdir. Hesab edirəm ki, kreditlər faizsiz verilməlidir, çünki sonra tələbələr problemli kredit alana çevrilməli deyil. Həm də kredit verilən uşaqlar sonra işlə təmin edilməlidir ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər”.

“Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər və faizlər də çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Hətta bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada var, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də bu sistem vardır. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün tələbələrin krediti qaytarılmasında çətinlik yaratmır”-deyə ekspert əlavə edib.

Kamran Əsədov onu da əlavə edib ki, adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır: “Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Ümumiyyətlə tələbə kreditləri  konstitutsiyanın tələblərinə ziddir”.

Təhsil eksperti Adil Vəliyev bildirib ki, istər pandemiya dövründə, istersə də əvvəlki illərdə tələbələrin əsas problemlərindən biri təhsil haqqı olub: “Bu problemi aradan qaldırmaq üçün 2015-ci ildə “Maarifçi tələbə kredit fondu” təsis edildi. Ancaq bu fonda bütün universitetlər təəsüf ki, qoşulmadı və beləliklə, “Maarifçi tələbə kredit fondu”ndan yalnız 10 təsisçi, 4 tərəfdaş universitetin tələbələri müəyyən edilmiş sayda yararlana bilərdi. Təxminən 2 həftə əvvəl bu mövzuda bir yazı və müraciət də ünvanlamışdım. Təəssüf ki, banklar da tələbə kredit fondu adı altında müəyyən şərtlərlə kredit təklif edirdilər, ancaq faiz dərəcələri heç də digər kreditlərdən seçilmirdi. Hal-hazırda Cənab Prezidentin belə bir fərman imzalamağı tələbələr üçün çox sevindirici xəbər oldu. Kreditin məbləğinin yüksək olması daha çox tələbənin bu şansdan istifadə etməsinə səbəb olacaq. Təbii ki, müraciət edən bütün tələbələrə verilməyəcək, çünki burada əsas meyarlardan biri tələbənin topladığı bal da önəmli olacaqdır. Kredit tələbələrin müraciəti əsasında təhsil müəssisəsinə veriləcək və kreditin hər tədris ili üzrə tələbənin təhsil haqqına ödəniləcək. Verilən kreditin 20 il müddətinə qaytarılması, tələbənin hərbi xidmətdə olduğu zaman və ya işləmədiyi zaman krediti ödəmək kimi bir məcburiyyətinin olmaması fikrimcə bu günə kimi təhsil sahəsində verilən ən önəmli qərarlardan biridir”.

Müəllif: Təranə Xudabaxşiyeva