Mətbuat "qan qoxuyur", cəmiyyət "qana susayıb"

Cəmiyyət

13.09.2019 - 10:12

Adamlar niyə ölüm xəbəri axtarırlar, cəmiyyətin psixologiyasında nə baş verir?

 

"Neçə vaxtdı muxtəlif səhifələrdə 18+ materiallara yazılan şərhlərə baxıb, bu qənaətə gəlmişəm ki, adamlar indi heç erotika və porno da axtarmırlar, adamlar məhz aqressiyalarına hədəf axtarırlar. Bəyənmirsənsə, oxumaya bilərsən də. Oxumursansa, rəy bildirmək nəyinə lazımdı? İndi ən çox qəza xəbərləri oxunur. Maraqlıdır, adamlar niyə ölüm xəbəri axtarırlar. Cəmiyyətin psixologiyasında nə baş verir?"

 

AYNA xəbər verir ki, bu fikirləri jurnalist-yazar Rəbiqə Nazimqızı paylaşıb. Bəli, bu, həqiqətdir ki, insanlarımız indi kriminal xəbərlərə daha çox üstünlük verirlər. Bugünkü oxucunu nə ciddi, düşündürücü, maarifləndirici, elmi, publisistik yazılar cəlb edir, nə də 18+ xəbərləri ilə aldatmaq mümkündür. Həmçinin xəbərləri oxumadan belə, kin-küdurət, qəzəb, nifrət püskürürlər.

 

Maraqlıdır ki, bəs səbəb nədir? Azərbaycanlı oxucuları, Rəbiqənin təbirincə desək, oxumayıcıları qan qoxuyan xəbərlərə təhrik edən nələrdir və ya kimlərdir?

 

Mövzunu AYNA-ya şərh edən “Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevin sözlərinə görə, bu tendensiya təkcə Azərbaycanda belə deyil: "Bütün dünyada qan qoxuyan xəbərlər həmişə öndə olub. Jurnalistikanın bir prinsipi var ki, nə qədər xoşumuza gəlsə də, gəlməsə də, ən yaxşı xəbər bəd xəbərdir. Ona görə hər yerdə faktiki belədir. Biz “Press-klub” saytında xəbərlərin strukturunu qurmaq üçün paralel olaraq CNN-nin, BBC-nin, “Euronews”un xəbərlərinin analizini də aparırıq. Orda da xeyli üst-üstə düşən məqamlar var, yanğınlar, zəlzələlər, terror aktları, iri ölüm halları həmişə önə çıxır”.

Картинки по запросу arif əliyev

Tanınmış jurnalistin fikrincə, fəlsəfi dərinliyinə gedəndə, belə qənaətə gəlmək olur ki, bu, insanı idarə edən qorxu hissi ilə əlaqəlidir və media da qorxu hissinin istismarına yönəlib: “Adətən medianın pulu ondan çıxır. Azərbaycanda bizi narahat edən məsələ bu qeyri-adi reallığın özünün də eybəcərləşməsidir. Bu da iki məsələdən qaynaqlanır: Birincisi, illərlə aparılan informasiya və ideoloji siyasətin nəticəsində bütövlükdə cəmiyyətdə mənəviyyatsızlıq, mənəvi aşınma güclüdür. İkincisi, peşəkarlıq həddən artıq aşağı səviyyədədir. Bəd xəbəri yazmaq belə, hətta adi xəbəri çatdırmaqdan daha çox peşəkarlıq tələb edir. Jurnalistikanın peşə etikası kodeksinin, azı 60 faizi məhz bəd xəbərləri, cəmiyyəti narahat edən xəbərləri hansı formada, necə çatdırmaqla bağlıdır”.

 

“Üçüncü səbəb də ondan ibarətdir ki, Azərbaycanda real siyasi və iqtisadi informasiya mühitində informasiya mənbələri həddən artıq dardır, çox güclü monopolizasiya gedir və bu, ideloji sahədə, informasiya üzərində də gedir. Belə bir şəraitdə jurnalistlərin əksəriyyəti məhz kriminalistikaya meyl edirlər. Vaxt var idi ki, kriminal sahədə, hətta incəsənət sahəsində yazan peşəkar jurnalistləri tapmaq çox çətin idi. İndi siyasi-iqtisadi sahədə yazan peşəkar jurnalistləri tapmaq çox çətindir. Və jurnalistlərin həmin sahədə faliyyət imkanları həddən artıq məhduddur”, - deyə A.Əliyev qeyd edib.

 

Müsahibimizin sözlərinə görə, peşəkarlığın aşağı düşməsi, mənəviyyatsızlığın aşılanması, mənəvi dayaqların uçurulması, ideoloji mühitin eybəcərləşdirilməsi, informasiya mənbələrinin daralması və s. gəlib alt qatda "informasiya siyasəti" deyilən vahid məhfumda birləşir: “O da idarə olunmayanda, təhlükələr əvvəlcədən görülüb istiqamət verilməyəndə biz qalırıq problemlərin əlində. Və düşünürük ki, niyə belə oldu, bu vəziyyətdən necə çıxaq?!”

 

“Bu problemi, təəssüf ki, sadəcə bir redaktorun işçilərə xüsusi tapşırıq verməsi ilə həll etmək mümkün deyil. Çünki yerdə qalan kütləvi informasiya vasitələri öz işini görür və ən azı, rəqabət mühiti tamamilə yan sahəyə keçir, çox eybəcər müstəvidə gedir: kim daha qorxunc yazacaq, kim daha çox qalmaqal ortaya qoyacaq. Cəmiyyəti də mühüm ictimai-siyasi proseslərdən uzaqlaşdırasan, səhərdən axşamadək oturub kim kimi öldürdü, harda öldürdü və s. məsələləri müzakirə eləsin. Dərinə gedəndə belə bir xoşagəlməz səhnəylə üzləşməli oluruq”, - deyə A.Əliyev təəssüflə vurğulayıb.

 

Jurnalist düşünür ki, vəziyyəti düzəltmək naminə normal jurnalistikanı formalaşdırmaq üçün ölkədə normal media, informasiya mühiti yaradılmalıdır: “Jurnalist peşəkarlığı əmtəədir, jurnalist gecə-gündüz gözünün qorasını sıxmaqla, daim oxumaqla, təhsil almaqla peşəkarlığını artırmağa çalışır. Çünki peşəkarlıq pul, hörmət, tiraj gətirir. Amma Azərbaycanda pulu və hörməti sifariş yerinə yetirmək, hökumətə yarınmaq, çərçivədə olmaq, siyasətçinin ətrafında dolanmaq gətirir. Ona görə də peşəkarlıq əmtəəyə çevrilmir. On nəfəri başa salmaq olar ki, vicdanla kompromisə getməsin, peşənin şərtlərini üstün götürsün. Bəs qalan 4990 nəfər?”

 

“Təssüf ki, bütün sahələrdə belədir. Televiziya sahəsində 15 peşəkar jurnalist hazırlayaq, görək onlar bir həftədən artıq televizya kanallarında tab gətirə bilərlərmi? Əlbəttə ki, yox. Peşəkarlıq cavab hüququ, balans, prüalizm, əhalini müxtəlif siyasi baxışlarla, iqtisadi modellərlə tanış etmək və s. tələb edir. Bizdə bunların hansı mümkündür? Bir-bir hamısı ortadan çıxır və axırda da gəlib qalırıq kriminalın ümidinə”, - deyə ekspert əlavə edib.

 

Həmsöhbətimizin dediyinə görə, başqa media sahələrində də eyni proseslər baş verir: “Məsələn, bu gün hansısa bir qəzet müstəqil olmaq istəsə, bir gün belə, yaşaya bilməz. Bu sahədə vəziyyəti düzəldə bilməyəcəyik, çünki bütövlükdə vəziyyəti düzəltmək lazımdır”.

 

Psixoloq Tariyel Faziloğlu isə, AYNA-ya şərhində deyib ki, mediada kriminal, şiddət, qan qoxuyan xəbərlərin daha çox oxunmasının kökündə yatan səbəblərdən ən başlıcası cəmiyyətin kütləvi psixozdan əziyyət çəkməsi dayanır: “Bizim insanlar konkret olaraq kütləvi şəkildə böyük aqressiyadan əziyyət çəkirlər. Küçəyə çıxanda nadir hallarda üzü gülən adama rast gələrik, o da ya turist olar, ya da yeni evli. İnsanların əksəriyyəti çox gərgindir, daxili aləmlərini bir növ tətbiq etmək üçün kriminal xəbərlərə daha çox meyllidirlər”.

Картинки по запросу Tariyel Faziloğlu

Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə aqressiv, təhqiramiz rəy yazanların çoxluq təşkil etməsi ondan irəli gəlir ki, hər kəs içindəki aqressiyanı ortaya çıxarmaq üçün bir səbəb axtarır: “Bunun da səbəbi aşağılıq kompleksidir. Biz özümüzə aid olan hər şeyə nifrət edirik. Azərbayacana nə aiddirsə, pisdir, nə xaricə aiddirsə, yaxşıdır. Heç bir şəkildə özümüzə aid olanlara güvənmirik. Müalicə, təhsil, istirahət, alış-veriş üçün belə, xaricə getməyə üstünlük veririk. Bu tendensiyanın da səbəbi odur ki, biz özümüzü sevmirik. Azərbaycan gənclərinin əksəriyyətinin ən böyük xəyalı xaricə köçməkdir. Bu fikirlər isə daha çox dəstəklənir, körüklənir”.

 

“Bunların hamısı kütləvi psixozun nəticəsidir. Narkomanın bədəni necə ki, narkotik tələb edir, psixoz vəziyyətdə olan insanları da aqressiya, qan şiddət daşıyan xəbərlər sakitləşdirir. Onlar özlərinin haqlı olduğunu düşünür, düşüncələrində haqlı hesab edirlər. Azərbaycanda bu tip xəbərlərin revanşda olması normaldır”, - deyə həmsöhbətimiz bildirib.

 

Tariyel Faziloğlunun fikrincə, bu problemin həlli üçün kompleks şəkildə psixoloji maarifləndirmə işi aparılmalıdır: “Həm media vasitəsilə, həm təhsil müəssisələrində, həm də idarə və müəssisələrdə real vəziyyətlə bağlı seminarlar, təlimlər fonunda ciddi şəkildə sosial-psixoloji maarifləndirmə işi aparılmalıdır. Əks təqdirdə cəmiyyət olaraq da, insan olaraq da getdikcə deqredasiyaya uğramağımız sürətlənəcək Və bu deqredasiya bizi həm cəmiyyət, həm də xalq olaraq çox böyük təhlükələrlə üz-üzə qoyacaq. Zatən təhlükələrin astanasındayıq, o təhlükələrlə yaşayıb-yaşamamaq isə öz əlimizdədir”.

Müəllif: Rumiyyə Miraslan