Vətəndaşın halal haqqı fırıldaqçıların cibində: "Ata mirasımızı özümüzə qaytarın"

Cəmiyyət

26.04.2024 - 17:57

Deputat: “Əgər hüquq pozulubsa, onun bərpa olunması vacibdir”

Hüquqşünas: “Mülkiyyət əvəzinə kompensasiya verilməsi beynəlxalq hüququn əsas prinsiplərindən biridir”

Sosioloq: “Ümümxalq əmlakının bölünməsindən əhaliyə heç nə çatmadı”

Əlində özəlləşdirmə çekləri qalan 1 milyona yaxın vətəndaşın öz hüquqlarının bərpası üçün müraciət etmədiyi dövlət qurumu qalmayıb. Vauçerlərin tədavül müddətinin 2011-ci ildə əsassız şəkildə dayandırılmasından narazı qalan vətəndaşlar hüquqlarının pozulduğunu bildirir və dövlət qiymətli kağızlarının adi kağız parçasına çevrilməsinə etiraz edirlər.

Məsələ bağlı ötən il Konstitusiya Məhkəməsinə (KM) müraciətlər edilib, lakin ilin sonunda KM məsələyə baxmaqdan imtina qərardadı çıxarıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Administrasiyası tərəfindən KM-ə rəsmi məktub daxil olub və qeydiyyata alınıb.

Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ölkə ziyalıları özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməli olduğunu, problemin tez və ədalətli şəkildə həll edilməsinin vacibliyini bəyan edirlər.

Azərbaycan Milli Məclisinin üzvü Tahir Rzayev mövzu ilə əlaqədar AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə çeklərinin yenidən istifadəsinə şərait yaradılması təqdirəlayiq hal olar: “Özəlləşdirmə paylarından yararlana bilməyən vətəndaşların sayı az deyil. Çeklərdən istifadə edə bilməmək onların hüququnun pozulması deməkdir. O vaxt bir çox vətəndaş vauçerlərini saxladı və gələcəkdə daha yaxşı faydalanacağını düşündü. 2011-ci ildə çeklərin tədavüldən çıxması ilə qiymətli kağızlar yararsız kağıza çevrildi. Hesab edirəm ki, bu, doğru deyil. Cənab Prezident hər zaman bildirib ki, vətəndaşın yanındadır və vətəndaşın hüququ pozulmamalıdır. Əgər hüquq pozulubsa, o zaman hüququn bərpa olunması vacib amildir. Prezidentimizin də məmurlara, icra qurumlarına tapşırığı bu yöndədir”.

“Özəlləşdirmə çekləri vətəndaşların mülkiyyət hüququna sahib ola bilmələri üçün idi və təəssüf ki, bir çox vətəndaş özəlləşdirmə payından səmərəli istifadə edə bilmədi. Düşünürəm ki, məsələyə yenidən baxmaq, əlində çeki qalan vətəndaşların hüquqlarını bərpa etmək mümkündür”, - deyə deputat bildirib.

Rzayev hesab edir ki, ya vauçerlər yenidən tədavülə qaytarıla, ya da əvəzində kompensasiya ödənilə bilər: “Mən bunun hüquqi yolunun nə olduğunu dərindən bilmirəm, ona görə də konkret hansı formada həll edilməli olduğunu söyləməkdə çətinlik çəkirəm. Amma yəqin ki, çekləri yenidən qiymətləndirmək və tədavülə buraxmaq mümkündür. Yaxud da ki, əlində çeki qalan vətəndaşa kompensasiya ödənilə bilər. Hansısa bir komissiya yaradıla, bu işlə məşğul ola və qısa zaman içində problemi yoluna qoymaq olar”.

Hüquqşünas, professor Fərhad Mehdiyev də çek sahiblərinin hüquqlarının bərpa olunmasının vacib sayır. O, AYNA-ya söyləyib ki, SSRİ süqut etdikdən sonra dövlətin əlində olan nəhəng mülkiyyətin bir hissəsinin vətəndaşlara verilməsi məsələsi gündəmə gəlib: “Azərbaycan iqtisadiyyatının modeli bazar iqtisadiyyatına uyğun olduğuna görə istehsalatın və xidmətin özəl sektora keçməsi zəruri idi. Çünki dövlət bunu təmin etmək iqtidarında deyildi. Sovet zamanının mülkiyyəti xalqın əmlakı idi, bu səbəblə də dövlət mülkiyyəti xüsusi mülkiyyətə çevriləndə Konstitusiyaya əsasən, hakimiyyətin mənbəyi olan xalq bu özəlləşdirmədə iştirak etməli idi. Buna görə də müstəqilliyin ilk illərində özəlləşdirmə gündəmə gəldi. Özəlləşdirmədə vətəndaşların iştirakı üçün onlara özəlləşdirmə payları – çeklər paylandı”.

“İstəmirəm ki, çeklərlə bağlı bütün qanuni detallara toxunum. Onu bildirim ki, bu çeklər adi qiymətli kağız deyil, daha üstündür - 8-ə yaxın qoruyucu, fərqləndirici işarəsi var. Eyni zamanda, qanunla dövlət bu çeklərin istifadəsi ilə bağlı hansısa müddət qoymayıb. Əksinə, özəlləşdirmədə bu vauçerlərdən hər zaman istifadəni mümkün sayıb. Düzdür, özəlləşdirilmənin tez başa çatacağı düşünülərək, o zaman bunun tədavül müddəti üç illə məhdudlaşırdı. Bu, çeklərin etibarlılıq müddətinə aid deyil. Özəlləşdirmə payları dövlət əmlakının bir hissəsidir və mülkiyyət hüququ mahiyyətindədir. Mülkiyyət hüququ olduğuna görə, ona müddət qoyulması da doğru deyil”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, özəlləşdirmə payı kreditor hüququ yox, mülkiyyət hüququdur: “Mülkiyyət hüququ zamanın keçməsi ilə itirilmir. Onun müdafiə olunması üçün də qanunvericilikdə hansısa iddia müddəti şamil edilmir. Bir sözlə, əvəzsiz olaraq mülkiyyət hüququndan məhrumetmə yolverilməzdir. Bunun tək istisnası - hüquq pozma olduqda, qanunsuz olaraq qanunsuz əməldə iştirak edən əmlakın müsadirə olunmasıdır. Digər hallarda mülkiyyətə əvəz verməklə mülkiyyət hüququna xitam vermək mümkündür”.

Mehdiyev qeyd edib ki, mülkiyyət əvəzinə kompensasiya verilməsi beynəlxalq hüququn da əsas prinsiplərindən biridir: “Bu səbəbdən də dövriyyəsi üç il müddətində məhdudlaşdırılan çeklərin - əmlak paylarının, daha sonra dövriyyəsi dörd dəfə uzadılsa da, kompensasiyası ödənilmədən tədavüldən çıxarılması qanunun tələblərinə ziddir. Vətəndaşları əllərində qalan vauçerlərdən istifadə etmək imkanından məhrum etmək qanunsuzdur. Konstitusiyanın 29-cu maddəsi də dövlət və xüsusi əmlak baxımından hansısa fərq qoymur”.

Öz növbəsində “Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri, sosioloq Elçin Bayramlı AYNA-ya şərhində bildirib ki, zamanında özəlləşdirmə çekləri ilə bağlı aparılan proses ədalətli və şəffaf olmayıb: “Sosialist respublikadan kapitalist respublikaya keçəndə ölkənin bütün əmlakı ümumxalq mülkiyyəti sayıldığından, əhali arasında bölünməli idi. Ümumi mülkiyyətin o vaxtkı dəyəri hesablandı və bu, 7 milyon nəfərlik ölkə əhalisinin sayına nisbətdə bölünərək çek formasında paylandı. Vətəndaşlar bu mülkiyyət payları ilə ölkənin bölünən əmlakından özlərinə düşən hissəni ala bilərdilər və ya hansısa iri özəlləşdirmə obyektlərində o payla iştirak edə bilərdilər. Lakin necə oldusa, adi vətəndaşlardan demək olar ki, heç kim heç nəyi özəlləşdirə bilmədi, ölkənin özəlləşdirməyə çıxarılan bütün əmlakı imkanlı və vəzifəli şəxslərin əlinə keçdi. Bu payların qiyməti qəpik-quruş oldu, yəni bir payla uzağı 1 qutu siqaret almaq olardı. Qeyd olunan paylarla ən kiçik bir əşyanı belə, özəlləşdirməkdən söhbət gedə bilməzdi”.

“Bu qiymətə çekləri vətəndaşlardan toplayan imkanlı və ya vəzifəli şəxslər dövlət müəssisələrini, müxtəlif obyektləri, təsərrüfatları su qiymətinə ələ keçirdilər. Səhv etmirəmsə, o vaxtkı hesablama ilə ölkənin özəlləşdirməyə açıq əmlakının dəyərini əhali sayına böləndə, hər payın dəyəri ən azı 800 dollar qiymətində olmalı idi. Lakin bu çeklər heç 8 manat dəyərində də olmadı”, - deyə həmsöhbətimiz vurğulayıb.

O, bu cür yanaşmanı ədalətsiz sayır: “Bu, konkret olaraq o deməkdir ki, ümümxalq əmlakının bölünməsindən əhaliyə heç nə çatmadı. Yenə kəndlərdə yaşayanlara heç olmasa, bir az torpaq sahəsi düşdü. Şəhərlərdə yaşayanlar isə atalarının, analarının, babalarının, nənələrinin qurub yaratdığı ümumi əmlakdan bir çöp də əldə edə bilmədilər”.

Bayramlı əmindir ki, özəlləşdirmə çekləri ilə bağlı proses iflasa uğrayıb və əhaliyə ölkənin ümumi əmlakından heç nə çatmayıb: “Bu, kobud hüquq pozuntusudur və vətəndaşların pozulmuş hüquqları bərpa edilməlidir. Ədalət hansısa formada bərpa olunmalıdır. O vaxtkı özəlləşdirmədə heç nə əldə etməyənlərin siyahısı tutulmalı, onlara özəlləşdiriləcək dövlət əmlakından səhmlər formasında hissə verilməlidir. Hazırda demək olar ki, ölkədəki bütün obyektlər və əmlaklar hüquqi və mənəvi olaraq vətəndaşlarındır. Onların bu halal payı fırıldaqçılar tərəfindən zorla əllərindən alınmış sayılır”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray

GÜLSÜM

Dünən, 22:14 Yazarlar