“Müəllimlər var ki, 60 baldan heç 6-sını toplaya bilmirlər”

Cəmiyyət

02.10.2019 - 14:50

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil eksperti: “Rayon mərkəzlərində nümunəvi liseylərin yaradılması zərurətə çevrilib”

 

Müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanların nəticələri heç də ürəkaçan deyil. Maksimum həddi 60 bal olan imtahanlarda 10, hətta 6 bal toplayan namizədlər var. Və bu amil orta və ali məktəblərdəki tədrisin səviyyəsi ətrafında qızğın müzakirələrə yol açır.

 

Mövzunu AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədov hesab edir ki, problemin kökünü ilk növbədə orta məktəblərin siniflərindəki şagird sayında axtarmaq lazımdır: ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktiki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar tikilir, əhali sıxlığı yaranır. Məktəbsə azdır. Həmin siniflərə 30-40 nəfər uşaq cəmləşir. Təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılır, uşaqların sayı 30-u keçərsə, onda əlavə sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, oraya yeni bir müəllim də təyin olmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəllimi üçün vakansiya yaradılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Hesab edirəm ki, bu pedaqoji tələb yerinə yetirilməlidir”.

Ülviyyə Şahin