Koronavirusla bağlı keçirilən qabaqlayıcı tədbirlərin nəticəsi olaraq əhali taksidən əvvəlkindən daha çox istifadə etməyə məcbur qaldı
Hər gün iş yerinə altmış qəpiklə gedib-gələn birinin taksiyə məcbur 2-3 və bəzən daha artıq pul verməsi onun planlarını iqtisadi cəhətdən çox ciddi şəkildə pozdu. Həm koronavirusun vurduğu mənəvi zərbə, həm də taksi sürücüsünün ağzını büzməsi bəzilərinin gərginləşməsinə, əsəblərinin pozulmasına gətirib çıxardı.
Günü-gündən inkişaf etməkdə olan müxtəlif marketinq strategiyaları istehlakçıları, təbii olaraq, daha çox cəlb edir ki, bu da alıcılara ( indiki halda sərnişinlərinə ) bol seçim şansı verir.
Demək olar, günün bütün saatlarında "qiymətlər hazırda yüksəkdir" prinsipi ilə işləyən bəzi taksi şirkətlərinin 10-15 qəpik civarında endirim etməsi belə sərnişinlərin xeyrinədir və hər kəs qalan 30 qəpiyə də evinə çörək almaq üçün həmin kampaniyalardan yararlanmağa can atır.
Amma və lakin...
Reallıq isə bir az başqadır. Çünki taksi proqramının ekranında bu halların baş verə biləcəyi haqda bir kəlmə də yoxdur. Bu da reklam strategiyasına zidd olduğu üçün normal və qəbulediləndir.
"Özüm qəpiyə işləyirəm, vallah heç nə qalmır" və s. kimi fikirlərdən təngə gəlmişik. Gəlin etiraf edək ki, iki manat otuz beş qəpiklik yola bir çox halda 3 manat veririk. Çünki bir növ buna məcburuq. Əks halda taksi sürücüsünün ən yaxşı halda arxamızca qarğış edəcəyini bilirik.
Bəs həqiqətənmi sərnişin günahkardır ?! Təbii ki, xeyr. Şirkətlə taksi sürücüsü arasında razılaşma olanda bizdən, yəni müştəridən fikir soruşan oldumu ki, indi də bizi borclu çıxarsınlar ?! Yox!
Hələlik problemin bircə çıxış yolu var: nağdsız ödəmə. Lakin kartla ödəniş də tam oturuşmayıb ölkəmizdə. Yəni ki, hələ ya tam nağdsız ödənişə keçidi gözləməliyik, ya da sosial qınaqla bu məsələ həll yolunu tapmalıdır.
Bir qısa epizodu sizlərlə paylaşıb məqaləmi sonlandırmaq istəyirəm.
Taksi gəldi. Əyləşdim. Sürücünün niyəsə heç kefi yox idi. Elə mənim də əhvalım yaxşı deyildi. Amma ikimiz də bir-birimizin üzünə məcbur gülümsədik. Çünki nə taksi sürücüsünə mənim problemimin, nə də onun probleminin mənə heç bir aidiyyatı yox idi.
Yola sakitcə davam edirik. Qapıya çatanda tələsdiyim üçün bir az daha yaxına sürməyini istədim. Ağzını büzərək sürdü və saxladı.
Borcum yenə qəpiklə idi, cibimdə də xeyli qəpik vardı. Manatı verdim, əlimi qəpiyə atanda mənə qayıdasan ki, "Heç kimin qəpiyinə qalmamışam..."
Filmin sonu!
Nicat Dilqəmli
AYNA üçün