“Masazır duz gölünə axıdılan su kəskin qoxulu olsa da, təhlükəli deyil”

Cəmiyyət

17.09.2019 - 10:11

“Azersun Holding”: Bizim əməkdaşlar gölə daxil olan suyun adi qrunt suları olduğunu müşahidə ediblər

 

Bir müddət öncə Masazır duz gölü ilə bağlı yayımladığımız reportajda çirkab sularının bu gölə axıdılmasından yazmışdıq. Orada qeyd olunurdu ki, gölün yaxınlığındakı əraziyə böyük su borusu vasitəsilə kanalizasiya suları axıdılır ki, həmi çirkli su da duz gölünə yön alır.

 

Məlum olduğu kimi, “Azersun Holding”ə məxsus olan “Azəriduz”  zavodu sözügedən gölün duzundan süfrə duzu istehsal edir. Bu barədə yazı və video saytımızda yayımlandıqdan sonra oxucular tərəfindən suallar gəlməyə başladı ki, “Biz bundan sonra “Azərduz”dan necə isifadə edək?”

Biz də AYNA olaraq, sualı öz ünvanına – “Azersun Holding”ə yönəltdik. Şirkətin mətbuat xidmətindən bildirdilər ki, onlarda gölə çirkab sularının axıdılmasına dair heç bir fakt yoxdur: “Gölə kanalizasiya suyu axmır".
 

Aldığımız cavabdan sonra “Azersun Holding”in əməkdaşlarına təklif etdik ki, həmin əraziyə bir yerdə gedək və müşahidə aparaq. Monitorinq prosesinə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da qatıldı.

 

Ərazidəki sudan yenə də kəskin kanalizasiya qoxusu gəlirdi və su qara rəngdə idi.

 

Eyyub Hüseynov bildirdi ki, bu, qurunt sularıdır: “Buradan axan sular “Zəligöl”ün ətrafında yığılan sulardır. Həmin qurunt suları borular vasitəsilə bu əraziyə axır. Qurunt suları iyli olur. Yəni bu suların, kəskin qoxusu olsa da, heç bir təhlükəsi yoxdur”.

 

“Azersun Holding”in məsələ ilə bağlı rəsmi açıqlaması isə belə oldu: “Media nümayəndələri ilə birlikdə bizim əməkdaşlar gölə daxil olan suyun adi qrunt suları olduğunu müşahidə ediblər. Mətbuat nümayəndələrinə Masazır Duz Zavodunun ölkədə yod çatışmazlığı xəstəlikləri ilə mübarizədə böyük rol oynadığı, eyni zamanda, bu istehsal müəssisəsinin ətraf ərazilərdə yaşayan insanların sosial-rifah halının yüksəlməsinə mühüm töhfə verdiyi əməkdaşlarımız tərəfindən məlumat verilib. Bizim üçün gölün ekoloji balansının qorunması mühüm əhəmiyyət kəsb edir və gölün qorunması üçün mühüm layihələr həyata keçiririk”.

Müəllif: Təranə Xudabaxşiyeva

Ramanada faciə

Dünən, 17:26 Hadisə