Boşanmısansa, həyat yoldaşını niyə qısqanıb öldürürsən?
Keçmiş həyat yoldaşı tərəfindən döyülən qadın xəstəxanada ölüb. Fiziki zorakılıq nəticəsində baş verən ölüm faktına “Təmiz Dünya” Qadınlara dəstək İB-nin rəhbəri Mehriban Zeynalova dərhal reaksiya verib.
Ekspert AYNA ilə söhbətində bildirib ki, ölümlə nəticələnən hadisədə həyatını itirmiş mərhum 1995-ci il təvvəllüdlü N.Ə. Goranboy rayonunun Təhlə kəndindəndir: “Qadının yaxınları ilə əlaqə saxladım, çox pis vəziyyətdədirlər, yasda olduqlarından daha ətraflı məlumat almaq olmadı. Amma ölümün ilk detalları məlumdur”.
M.Zeynalovanın ailədən öyrəndiklərinə görə, qadın keçmiş həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb: “Döyülmə səbəbi də o olub ki, qadın əri ilə boşansa da, əri son vaxtlar onu təqib edirmiş. Hətta onunla barışmaq istəyini bildirib, rədd cavabı alıb. Qadını izləyən keçmiş ərı özü üçün nə isə “fakt” aşkarlayıb, bu səbəbdən onu qısqandığından döyməyə başlayıb. Görünür, ağır zərbələrlə qadının baş nahiyəsinə vurub. Həkimlər qadını görəndə dəhşətə gəliblər, tibbi müdaxiləyə baxmayaraq, onu xilas edə bilməyiblər”.
Hüquq müdafiəçisinin qənaətincə, bu hadisə adi qətl hadisəsi kimi qiymətləndirilə bilməz: “Burada qadına qarşı ağr fiziki zorakılıq faktı var, özü də bu bir evdə yaşayan ailə deyil. Boşanmış qadına qarşı keçmiş əri tərəfindən edilən bu zorakılığı qəti şəkildə pisləyirəm. Boşanmışansa, keçmiş həyat yoldaşını hansı əsasla döyüb öldürürsən?!”
Məlumat üçün deyək ki, döyülmə hadisəsi dekabrın 26-da Zabrat qəsəbəsində baş verib. Belə ki, həyat yoldaşı N.Ə.-nı dpydükdən sonra onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb. Lakin, bir müddət sonra geri dönərək qadını 3 saylı Şəhər Klinik Xəstəxanasının (Sabunçu xəstəxanası kimi tanınan) həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.
Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər. Palataya köçürülən qadına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Lakin həkimlərin səyinə baxmayaraq, Ə.N. xəstəxanada dünyasını dəyişib.
Son məlumata görə, ölən qadının keçmiş həyat yoldaşı 1993-cü il təvəllüdlü Əliyev Yavər İlqar oğlu CM-nin 126.1 maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılsa da, zərərçəkən öldüyü üçün sonradan 126.3 maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olma) ilə həbs olunub.