Konsorsiumun yaradılması Vaşinqtonun Tehranın nüvə proqramını məhdudlaşdırmaq tələbinə alternativdir
İran ərəb ölkələri və Amerika sərmayəsi ilə uranın zənginləşdirilməsi üçün birgə müəssisə yaratmağı təklif edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) İslam Respublikasının dörd rəsmisinə istinadən yazıb.
Nəşrin məlumatına görə, belə bir konsorsiumun yaradılması Vaşinqtonun Tehranın nüvə proqramını məhdudlaşdırmaq tələbinə alternativdir.
İranın xarici işlər naziri Abbas Əraqçi bu ideyanı mayın 11-də iki ölkə arasında danışıqlar zamanı ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffa təklif edib.
Nəşrin mənbələrinə görə, İran uranı 3,67%-ə qədər, yəni nüvə silahı yaratmaq üçün lazım olan səviyyədən aşağı zənginləşdirə və sonra mülki istifadə üçün digər ərəb ölkələrinə göndərə bilər.
“2015-ci il nüvə sazişindən indikinin arasında əsas fərq əlavə nəzarət və iştirak səviyyəsini təmin etmək üçün digər ölkələrin, bəlkə də ABŞ-ın nümayəndələrinin yerdə olması olardı”, - qəzet yazıb.
Qeyd edilib ki, bu müqavilə daimi olacaq və 15 il müddətinə məhdudlaşdırılmayacaq.