Sülhməramlılar Qarabağdan çıxır? – “İnformasiyanın siyasi hissəsi böyük ehtimalla doğrudur”

Aktual

06.10.2023 - 14:56

Politoloq: “Moskvanın əsl niyyəti bu ola bilər ki, Ermənistanda hərbi mövcudiyyətini gücləndirsin və Qarabağdan çıxacağı halda...”

Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti İrəvana səfər edəcək. AYNA xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb. “Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan getməsinin konkret vaxtı müzakirə olunacaq”, - mənbə bildirib.

Qeyd edək ki, 2020-ci il noyabrın 9-da atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilib. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Ermənistan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri barədə məlumata malik deyil. APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Onun sözlərinə görə, belə bir görüş planlaşdırılmır.

Azərbaycanlı politoloq Şahin Cəfərli isə hesab edir ki, Rusiya Qarabağdan çıxmasını Ermənistanla o səbəbdən müzakirə etmək istəyə bilər ki, hərbçilərini Laçın yolu ilə ora aparsın: “Ermənistan vasitəsilə Rusiyaya qayıtmaq məntiqli görünmür, çünki bunu Azərbaycan ərazisi ilə daha asan həyata keçirmək olar. Məsələn, Xocalıdakı hava limanı normal vəziyyətdədirsə oraya, uyğun durumda deyilsə, Füzuli hava limanına hərbi nəqliyyat təyyarələri göndərməklə; yaxud Azərbaycanın avtomobil və dəmir yolları şəbəkəsi vasitəsilə çıxış əməliyyatını gerçəkləşdirmək mümkündür. Bakı buna şərait yaradar. Lakin Rusiyanın Cənubi Qafqazı tərk etmək istəmədiyi də aydındır”.

“Moskvanın əsl niyyəti bu ola bilər ki, Ermənistanda hərbi mövcudiyyətini gücləndirsin və Qarabağdan çıxacağı halda, Ermənistan-Azərbaycan sərhəd xəttinə, yaxud Sünik vilayətinə (Zəngəzura) yerləşsin. Bilirsiniz ki, 10 noyabr Bəyanatında Zəngəzurdan keçəcək nəqliyyat kommunikasiyasına Rusiyanın nəzarət etməsi əksini tapıb. İndi Moskva Paşinyana deyə bilər ki, bu müddəanı xoşluqla reallaşdırmaq məsləhətdir, əks halda Azərbaycan və Türkiyə bunu zorla edəcək. Paşinyan buna razı olarmı? Çətin görünür. Üstəlik, son hadisələrdən sonra 10 noyabr Bəyanatı, faktiki, deaktiv oldu və ümumən Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli formatı problemlərin həllində mühüm platforma kimi sıradan çıxmasa belə, əvvəlki çəkisini itirdi. Bütün bu detallar çox önəmli olmaqla bərabər, yayılan xəbərdə əsas məqam Rusiya hərbi kontingentinin Qarabağı - Azərbaycanı tərk etməsi ilə bağlı hissədir. Ermənistan MN Rusiya nümayəndə heyətinin səfəri barədə məlumatı təkzib etsə də, bəllidir ki, TASS adətən Rusiya rəsmi mənbələrinə istinadən xəbər yayır. Yəni informasiyanın siyasi hissəsi böyük ehtimalla doğrudur”, - deyə analitik əlavə edib.

Müəllif: Turan Abdulla