İlham Əliyev: “Paşinyan 7 şərt irəli sürmüşdü, şərtlərini başına vurduq”

Aktual

17.11.2020 - 13:36

Prezident: “Mənim bir şərtim var idi – rədd ol çıx get! O şərtə əməl edildi”

 

“Ermənistanda nə qədər adam fərrarilik edib. Onların xunta başçısı bunkerdə gizlənmişdi. Burnunu belə çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?! Biz Ermənistan ordusunu çökdürdük!”.

 

AYNA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.

 

Ölkə başçısı bildirib ki, Azərbaycan eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi: “Paşinyan isə son 2 il ərzində öz ölkəsini məhv edib, sadəcə olaraq fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın”.

 

“Biz Koçaryan, Sarqsyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını belə soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünə vurmusunuz saxta “qəhrəman” ordenlərini. Çıxardın atın yeşiyə o dəmir-dümürləri. Biz sizi məğlub etmişik, Paşinyan heç kimdir. Sizi – Koçaryan və Sarqsyan! Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik. Sizin ordunuzu biz məhv etmişik!”, - deyə Ali Baş Komandan söyləyib.

 

Ölkə başçısı vurğulayıb ki, bundan sonra artıq heç kim bizimlə ulitimatum dilində danışmayacaq: “O cümlədən rəzil vəziyyətdə olan Paşinyan bizə 7 şərt bizə irəli sürmüşdü. Başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi – rədd ol çıx get! O şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. İşğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına səbr diləyirəm. Onların valideynlərinə təşəkürümü bildirirəm ki, dövlətimizin üçün, xalqımız üçün belə igidlər yetişdirib”.

 

“Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyümüzün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, ancaq biz qalib gəlmişik. Çünki biz qurub-yaradanıq. Ermənilər isə bunu ediblər, dağıdıblar”, - deyə Prezident qeyd edib.

 

Müəllif: Ayna.az