Yeni Laçın yolu və Bakının “əlinə oynayan” incə məqam

Siyasət

26.08.2022 - 10:22

Asif Nərimanlı: “Ermənistan tərəfi 10 noyabr razılaşmasına münasibətdə hər ifadə üzərindən oyun qurur, bu dəfə oyun qurmaq imkanı bizdədir”

Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti avqustun 24-dən etibarən Laçın şəhərindən yan keçən yeni yola köçməyə başlayıb. Qubadlı rayonu istiqamətindən Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postlar, nəzarət-buraxılış köşkləri, rusiyalı hərbçilərin yaşadıqları tikililər sökülüb. Ərazini boşaltmağa hazırlaşan Rusiya sülhməramlıları müvəqqəti olaraq yeni yola köçürlər.

Qeyd edək ki, Azərbaycan Laçın şəhərindən yan keçməklə Qarabağı Ermənistanla birləşdirən yolu qısa müddətdə istifadəyə verib. Bu səbəbdən dəhlizin üzərinə düşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin ərazini tərk etmələri üçün avqustun sonuna kimi vaxt verilmişdi. Ermənilərin 30 il ərzində qeyri-qanuni yaşadıqları Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltması prosesi də yekunlaşmaq üzrədir. Məlumatlara görə, Zabuxda yaşayan ermənilər ərazini tam boşaldıblar.

Müddət bitəndən sonra sözügedən yaşayış məntəqələri Azərbaycanın tam nəzarətinə keçəcək. Rusiya sülhməramlıları isə xidmətlərini müvəqqəti olaraq yeni yolda davam etdirəcəklər.

Yeni yolun dəhliz statusunda olub-olmayacağı sual doğururdu ki, Rusiya sülhməramlı kontingenti buna aydınlıq gətirdi. Belə ki, bu günlərdə Xankəndidə qondarma separatçı qurumun “parlament üzvləri” ilə görüşən sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkov deyib ki, dəhlizin statusunda heç bir dəyişiklik yoxdur. Onun sözlərinə görə, yeni yolda da əvvəlki qaydada xidmət aparılacaq və dəhlizin eni 5 kilometr təşkil edəcək.

Təhlükəsizlik məsələsinə gəlincə, Volkov “avqustun əvvəlində baş verənlərdən nəticə çıxardıqlarını” (Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatını nəzərdə tutur – A.B), bundan sonra belə hadisələrin təkrarlanmaması üçün aktivlik göstərəcəklərini bildirib.

Yeni Laçın yolu ətrafındakı proseslər və sülhməramlıların fəaliyyəti barədə AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatın məntiqinə görə, yeni yol da “dəhliz” statusunda olmalıdır:

- Sülhməramlıların sökülən postlarının yeni yolda qurulması buranın da əvvəlki dəhliz rejimində işləyəcəyini göstərir. Lakin Bakının köhnə yoldan fərqli olaraq, yeni yolu dəhliz statusunda görmək istəmədiyi də bəllidir. Çünki artıq 44 günlük müharibədən sonra Qarabağın sülhməramlıların nəzarətində olan hissəsində də vəziyyət dəyişib və bir çox məsələ Azərbaycanın xeyrinədir. Xüsusilə, sonuncu antiterror əməliyyatından sonra strateji nöqtələrə nəzarətin bərpa edilməsi, Xankəndinin bütövlükdə mühasirədə qalması, İrəvanın böyük ölçüdə oyundan kənarlaşdırılması, separatçıların kommunikasiya xətləri üzərində Bakının nəzarətinin güclənməsi kimi proseslər baş verib. Bu baxımdan, Azərbaycan yeni yolun dəhliz statusunda olmaması məsələsini irəli sürə bilər. Təbii ki, ruslar cari dövrdə yeni yola post qurmaqla əvvəlki rejimi orada bərpa edəcəklər, amma mümkündür ki, Laçın şəhərinin təhvil alınmasından sonra Azərbaycan yeni yolla bağlı məsələni qaldırsın.

- Demək ki, sülhməramlılar Azərbaycanın istəyinə zidd gedirlər. Çünki sülhməramlıların komandanı qondarma qurumun “parlament üzvləri” ilə görüşdə yeni yolun əvvəlki statusda – dəhliz statusunda olacağını bildirib və qeyd edib təhlükəsizlik əvvəlki qaydada təmin olunacaq.

- Fikrimcə, yeni yol dəhliz statusunda olacaqsa belə (hələlik belə olacağı gözləntisi daha çoxdur), Azərbaycanın taktiki baxımdan üstünlüyü burada daha çox olacaq. Köhnə dəhlizə Azərbaycanın nəzarət imkanı zəif idi, o cümlədən, dəhlizin keçdiyi ərazilərə nəzarət imkanımız yox idi. Yeni yol isə Azərbaycanın nəzarətindəki ərazilərdən keçir. Bununla yanaşı, “Qisas” əməliyyatında nəzarətin bərpa edildiyi strateji yüksəkliklər bu yola nəzarətin daha da gücləndirilməsinə imkan verir. Strateji baxımdan Azərbaycanın istəyi bu yolun dəhliz statusundan tamamilə çıxarılmasıdır, lakin bunun indi baş verməsi gözləntisi azdır. Hesab edirəm ki, Bakı yeni yola köçürülmə başa çatdıqdan sonra digər tələblərini aktivləşdirəcək - xüsusilə erməni qoşunlarının çıxarılması və “Qisas” əməliyyatından sonra açıq şəkildə gündəmə gətirilən silahsızlaşdırma, yəni separatçıların qondarma “müdafiə ordusu”nun ləğv edilməsini. Buna nail olmaq üçün yeni yolun statusu məsələsini rıçaq kimi istifadə edə bilər.

- Yeni yolda Azərbaycanın da postlarının qurulması gözləniləndirmi?

- Azərbaycan hələ ötən ilin sonunda, Brüsseldə keçirilən üçtərəfli görüşdə Zəngəzur və Laçın dəhlizinin eyni rejimdə işləməsi məsələsini irəli sürdü. Bu, hər şeydən əvvəl siyasi manevrdir və Zəngəzurdan keçəcək yolun dəhliz məntiqi ilə açılmasına nail olmaq üçün Rusiya üzərindən Ermənistanın razı salınmasına hesablanıb. Bakı Moskvaya mesaj verir ki, Zəngəzurdan dəhliz açılmasa, Laçına postlar quracaq. Bu, Rusiyanın istəyinə uyğun olmadığı üçün Moskva hər iki yolun eyni rejimlə, yəni dəhliz məntiqi ilə işləməsinə çalışır. Lakin Azərbaycan bununla həm də yeni yola postların quraşdırılması hədəfinin təməlini yaratmış oldu. Bakının yekun məqsədi yeni yolda postların quraşdırılmasıdır, indi mümkün olmasa belə, bu hədəfə doğru addımların atılacağını düşünürəm.

Bu prosesdə incə bir məqam var: 10 noyabr razılaşmasında Laçın dəhlizindən bəhs edilir, yeni yol Laçından keçmir və bu detal razılaşma üzərindən Bakıya yeni məntiq irəli sürmək imkanı da yaradır. Fikrimcə, Azərbaycan yeni yolun statusu məsələsində 10 noyabr razılaşmasında “Laçın dəhlizi”nin qeyd olunduğunu, bu qeydin yeni yol üçün nəzərdə tutulmadığı iddiasını irəli sürə, bununla danışıqlar masasında əlini gücləndirə, ən azı digər tələblərinin icrasına zəmin formalaşdıra bilər. Adətən Ermənistan tərəfi 10 noyabr razılaşmasına münasibətdə hər ifadə üzərindən oyun qurur. Düşünürəm ki, bu dəfə belə oyun qurmaq imkanı bizdədir.

- Təhlükəsizlik məsələsinə gəlincə, general Volkov avqustun əvvəlində baş verənlərdən “nəticə çıxardıqlarını və bundan sonra belə hadisələrin baş verməməsi üçün addımlar atacaqlarını” bildirib. Sülhməramlıların komandanı bununla nəyi demək istəyir?

- Rusiya sülhməramlılarının Qarabağ erməniləri arasında nüfuzu ciddi şəkildə zədələnib. Müharibədən sonra onlar Rusiyanı əsas zamin kimi görürdülər, lakin Fərrux əməliyyatı, daha sonra “Qisas” əməliyyatının nəticələri ermənilərə Qarabağ iqtisadi rayonunda rusların müvəqqəti olduğu reallığını göstərdi. Qondarma “parlament üzvləri”nin sülhməramlıların komandanlığı ilə görüşü daha çox separatçı-terrorçu rejimin ruslara “ictimaiyyətin tələbi” görüntüsünü yaratmağa hesablanmış addımıdır. Bundan öncə qondarma “müxalif partiya” nümayəndələri Volkovla görüşmüş, eyni sualları qaldırmışdı.

Volkovun açıqlaması ilk növbədə, erməni əhali arasında nüfuzlarını bərpa etmək istəyindən irəli gəlir. Çünki son əməliyyatlar zamanı ermənilər “sülhməramlılar Azərbaycana kömək edir” iddialarını tirajlamağa başladılar. Hesab etmək olar ki, Volkov, yəni Moskva Bakıya “daha heç nəyə icazə verməyəcəyik” mesajı da verir. Lakin fikrimcə, bunlar daha çox erməni əhalini sakitləşdirməyə hesablanmış sözlərdir.

Müharibədən sonra Bakı Qarabağ iqtisadi rayonunda müxtəlif addımlar atıb, bu addımlarda ya ruslar səssiz qalmağa məcbur olub, ya da onların da müəyyən qədər maraqları olub. Fikrimcə, Azərbaycan öz ərazisində yenə lazımi addımları atacaq və sülhməramlılar da neytral mövqedə qalmağa məcbur olacaqlar. Bu, təkcə Qarabağdakı vəziyyətdən qaynaqlanmır, burada daha çox geosiyasi proseslərdə Rusiyanın dəyişən maraqları, Azərbaycan və Türkiyə faktoru ilə razılaşmaq istəyi rol oynayır.

Müəllif: Anar Bayramoğlu