“Türkiyə Azərbaycan ərazisində hərbi baza yarada bilməz, amma...”

Siyasət

27.08.2019 - 19:00

İlqar Vəlizadə: “Erməni tərəfinin əsas məqsədi məsələyə Azərbaycan-Türkiyə birgə təlimlərinə Rusiyanın diqqətini cəlb etməkdir”

 

Son günlər Türkiyə ordusunun Naxçıvan Muxtar Respublikası (NMR) ərazisində hərbi təlimlər keçirməsi Ermənistan tərəfinin böyük narazılığına və qorxusuna səbəb olub. Başda Ermənistan Xarici İşlər naziri olmaqla, bir sıra erməni rəsmilər və ekspertlər Türkiyənin Azərbaycana artan hərbi dəstəyinin Ermənistan üçün böyük təhdid olduğunu, aparılan təlimlərin birbaşa Ermənistanı nişan aldığını qeyd ediblər.

 

Məsələni AYNA-ya şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, Ermənsitan tərəfi artıq uzun müddətdir ki, bu məsələni tez-tez gündəmə gətirir: “Məlum məsələdir ki, burada onların əsas məqsədi məsələyə Rusiya tərəfinin diqqətini cəlb etməkdir. Çünki Ermənistan tərəfi özü aciz olduğuna görə, Azərbaycan və Türkiyənin öz güclərini birləşdirməsi cəhdlərinə qarşı çıxmaq üçün Rusiyanı qızışdırmağa çalışır”.

Mərahim Nəsib