“Sonuncu imperator”, sui-qəsddən sağ çıxan baba və qətlə yetirilən nəvə Baş nazirlər

Dünya

18.07.2022 - 22:11

Həyatının hər dönəmində siyasətlə iç-içə oldu, beləcə, Baş nazirliyə qədər yüksəldi, amma…

İtalyan rejissor Bernardo Bertoluççinin 1987-ci ildə doqquz Oskar qazanan "Sonuncu imperator" filminə baxmısınızmı? Əgər izləmisinizsə, xatırlayacaqsınız: İkinci Dünya müharibəsindən əvvəl yaponlar Çinin sonuncu imperatoru Puyi Mançuriyaya aparıb orada qurduqları Mançukuo adlı dövlətin başına qoydular.

Puyi indi yaponların kuklasıdır. Yaponlar indi onun nə edəcəyinə, nəyə imza atacağına, nə deyəcəyinə, hətta necə oturub-duracağına belə, qərar verirlər və Yaponiyanın icazəsi olmadan təkbaşına bir addım da ata bilməz Çin imperatoru.

Filmdə yüksək rütbəli bir yapon var ki, Puyinin bütün hərəkətlərini təyin edir, ona nəzarət edir, onu təhqir etməkdən belə, çəkinmir. Əslində, Mançukuonun əsl hökmdarı Puyi deyil, adı filmdə çəkilməyən bu yapon məmurdur.

İndilik, 35 il əvvəl çəkilmiş, kino tarixinin ən mühüm və realist nümunələrindən biri olan “Son imperator”u bir kənara qoyub, bu günə gələk.

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe ötən həftə qətlə yetirilib. O, çıxış edərkən, bir nəfər Abeni özünün hazırladığı tüfənglə vurub. Belə sui-qəsdlərə öyrəşməyən Yaponiya tam şokda idi və şok hələ də davam edir...

Abe mühüm siyasətçilər yetişdirmiş bir ailədən idi. Mançukuo Dövlətinin ideya atası, Yaponiyanı İkinci Dünya müharibəsinə aparan hərbi xuntanın başçısı general Hideki Tojonun dövründə ticarət və iqtisadiyyat naziri, müharibədən sonra isə Baş nazir olmuş Nobusuke Kişi Şinzo Abenin ana babasıdır.

1896-1987-ci illər arasında yaşayan, yəni kifayət qədər uzun ömür sürən N.Kişi Mancuriyadakı siyasi fəaliyyətinə və iqtisadi siyasətinə görə “canavar” kimi tanınırdı. İkinci Dünya müharibəsindən sonra hərbi cinayətkar kimi həbs edildi, “birinci dərəcəli hərbi cinayətkar” elan edildi və edamına hazırlıq gedirdi. Bir çox dostları edam edildi də…

Lakin amerikalılar onu müharibədən sonra Amerikanın nəzarətində olan bir siyasətçi olaraq ölkəni idarə edəcəyini düşündükləri üçün Kişini məhkəmə qarşısına çıxarmadılar və üç il sonra azadlığa buraxıldı.

(Fotodakı Nobusuke Kişi, qucağındakı isə Şinzo Abedir)

Nobusuke Kişi 1957-1960-cı illərdə Yaponiyanın Baş naziri olub və vəzifəsini tərk etməli olduğu gün Taisuke Aramaki adlı, 65 yaşlı işsiz şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb. Altı yerindən bıçaqlanan Baş nazirin bədəninə 30 tikiş atılıb. Aramaki ifadələrində dəqiq danışmadığından sui-qəsdin səbəbini açıqlamaq mümkün olmayıb.

Keçən həftə sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe 1970-80-ci illərdə müxtəlif nazirliklərdə çalışmış, Şintaro Abe ilə evlənən Nobusuke Kişinin qızı Yokonun oğlu idi. Uşaqlığını evdə təqaüddə olan babası Nobusuke Kişi ilə keçirdi, gəncliyini Yaponiyanın aparıcı siyasətçilərindən biri olan atasının yanında keçirdi, həmçinin babasının qardaşı Eisaku Satonun səkkiz il Baş nazirliyini gördü.

Yəni, həyatının hər dönəmində siyasətlə iç-içə oldu. Beləcə, Baş nazirliyə qədər yüksəldi.

Amma onun taleyi babasından tamam fərqli oldu - baba sui-qəsddən sağ çıxsa da, nəvə həyatını itirdi…

Son imperator Puyi ilə Nobusuke Kişinin Mançukuo sərgüzəştləri və İkinci Dünya müharibəsindən əvvəl Yaponiyanın Pan-Asiya siyasətinin Türkiyəni maraqlandıran tərəfi var - Sultan Əbdülhəmidin ailəsinə qədər uzanan bir hekayə. Lakin bu, başqa mövzu olduğu üçün başqa məqalədə toxunarıq…

Müəllif: Murat Bardakçı

Mənbə: "haberturk.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli