Şeyxdən Katolikosa: Bakıya dəvət edə bilərəm, amma bir şərtlə...

Siyasət

15.04.2024 - 10:21

Erməni kilsəsinin addımları xristianlığın əsl dəyərləri ilə heç bir şəkildə uzlaşa bilməz

Ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu ilin sonunda Bakıda dini liderlərin toplantısının keçiriləcəyini açıqladı. Onun sözlərinə görə, görüşə erməni katolikosu II Qareginin dəvət olunması məsələsinə baxılacaq: “Onu Bakıya dəvət etməyimə layiq deyil. Vaxtilə onu Azərbaycana dəvət etmişdim, bura gəlib dini konfransda iştirak etmişdi. Bu gün erməni katolikosunun rəhbərlik etdiyi erməni kilsəsi bütün dünyada revanşizmi təbliğ edir”.

“Bu gün, o, heç bir şəkildə etiraf edə bilmir ki, Azərbaycan öz torpaqlarını azad edib. Hələ də Qarabağın Azərbaycan torpağı olması ilə razılaşmırlar. Biz onu bu faktı tanımağa dəvət etdik, yalnız bundan sonra onu Bakıda qəbul edə bilərik. Həyat davam edir və gün gələcək, Qaregin bunu etiraf edəcək”, - deyə QMİ rəhbəri bildirib.

Bu ədalətli iradlara cavab olaraq Eçmiədzindən reaksiya gəlib. Belə ki, Paşazadənin verdiyi açıqlamalara Ermənistanın “Mediamaks” nəşrinə verdiyi cavabla münasibət bildirən Katolikos iqamətgahı qeyd edib ki, “Qarabağ münaqişəsinin bütün tarixi boyu bütün ermənilərin katolikosunun rəhbərliyi altında erməni kilsəsi Azərbaycana daimi çağırış-tələbləri Qarabağ xalqının öz tarixi vətənində öz müqəddəratını təyin etmək kimi reallaşdırılmış ədalətli hüququna hörmətlə yanaşması tələbi olub və olmaqda davam edir”.

Azərbaycan tərəfi dəfələrlə beynəlxalq platformalarda vurğulayıb ki, “Qarabağ xalqı” deyə bir şey yoxdur, lakin Qarabağın bərabərhüquqlu azərbaycanlı və erməni icmalarından ibarət əhalisi var. Eyni zamanda, Qarabağ azərbaycanlıları Birinci Qarabağ müharibəsi zamanı etnik təmizləməyə məruz qalıb, öz doğma yurdlarından didərgin salınıblar.

Öz müqəddəratını təyinetmə hüququna gəlincə, ermənilər artıq öz müqəddəratlarını müəyyən ediblər. Onların müstəqil Ermənistan dövləti var. Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyin etmək hüququ yoxdur. Beləliklə, erməni kilsəsi “öz müqəddəratını təyinetmə hüququ” ifadəsini separatizmin qanuniləşməsi kimi qəbul edir. Konkret halda isə Azərbaycana qarşı fəaliyyət kimi.

Tarix elmi Qarabağın “ermənilərin tarixi vətəni” olması fikrini dəfələrlə təkzib edib. Belə ki, məşhur sovet tarixçisi İqor Dyakonov erməni etnik qrupunun Qafqazdan kənarda formalaşdığını qeyd edib. Görkəmli tarixçi İlya Petruşevski isə Qarabağın heç vaxt erməni mədəniyyətinin mərkəzlərinə aid olmadığını iddia edirdi.

Beləliklə, II Qareginin 44 günlük müharibədən əvvəl bu mövzuda dəfələrlə səsləndirdiyi bəyanatlar separatizmin təzahürü idi və Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bu sözlər revanşizmdən başqa bir şey deyil.

Bununla yanaşı, erməni kilsəsi Azərbaycan hakimiyyətini “Qarabağın işğalında və ermənilərin oradan qovulmasında, Ermənistanın suveren ərazilərinin işğalında, erməni hərbi əsirlərin qanunsuz olaraq saxlanılmasında, erməni düşmənçiliyinin dövlət səviyyəsində geniş miqyaslı təbliğatında, habelə erməni tarixi, mənəvi və mədəni irsinin dağıdılması və mənimsənilməsi ilə bağlı sənədləşdirilmiş hallarda ittiham edir.

Eyni zamanda, Azərbaycanı ittiham edən erməni kilsəsi öz gözündə tiri görmür. Erməni kilsəsi öz tarixi boyu ermənilərin qonşu xalqlara qarşı nifrət və ərazi iddialarının formalaşmasında əsas rol oynayıb. Erməni kilsəsi öz inanclılarını Azərbaycana qarşı düşmənçilik və zorakılığa çağırıb və bu gün Ermənistanın acınacaqlı vəziyyətdə olmasında bir vaxtlar işğalçılıq siyasətini dəstəkləyən II Qarekinin özünün də günahı az deyil.

Bu gün isə reallığı təhrif edir və yalanı təbliğ edir ki, guya Ermənistan Azərbaycanın təcavüzünün “qurbanı”na çevrilib. Bununla katolikos erməniləri ərazi iddialarına sövq edir, onları ölümə və məşəqqətə məhkum edir. II Qareginin Qarabağın Azərbaycanın bir hissəsi ola bilməyəcəyini ağlına belə, gətirə bilməyəcəyi azərbaycanofob xütbələri, nəzəri olaraq erməni kilsəsinin xalqa çatdırmalı olduğu xristianlığın əsl dəyərləri ilə heç bir şəkildə uzlaşa bilməz.

Müəllif: Asif Aydınlı