Lavrov İrəvanda verdiyi bəyanata Bakıda korrektə edəcək

Siyasət

02.12.2019 - 11:46

Paşinyan Dağlıq Qarabağda qüvvələr nisbətinin onun əleyhinə çevrilməsini istəmir və indidən bütün “namizədlərə” mesajlarını şəxsən çatdırır

 

Ermənistanın Baş Naziri Nikol Paşinyan işğal altındakı torpaqlarımıza tez-tez gəlir, hətta bu səfərlərində ölkəsinin keçmiş rəhbərləri Robert Köçəryanı və Serj Sərkisyanı da üstələyir. Sonuncu ikisi qarabağlı olsalar da, heç bu qədər Dağlıq Qarabağa gəlmirdilər.

 

Paşinyan bu gəlişlərlə göstərmək istəyir ki, guya Dağlıq Qarabağ separatçılarının mövqeyini nəzərə alır. Əslində isə Qarabağ klanından çəkindiyinə görə tez-tez separatçıların ayağına gedir. Onlara bəhanə vermək istəmir.

 

Paşinyan budəfəki gəlişində Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşüb. Bunun da məqsədi aydındır. Paşinyan Dağlıq Qarabağda qüvvələr nisbətinin onun əleyhinə çevrilməsini istəmir və indidən bütün “namizədlərə” mesajlarını şəxsən çatdırır.

 

Maraqlıdır ki, Paşinyanın Dağlıq Qarabağa gəlişi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya gəlişi ilə faktiki üst-üstə düşdü. Lavrov İrəvandakı açıqlamasında Dağlıq Qarabağın da maraqlarının nəzərə alınmasının vacibliyini bildirmiş və bununla İrəvanın və separatçıların istəyini səsləndirmişdi. Paşinyan Xankəndidəykən, Lavrovun siyasətinə uyğun hərəkət etdiyini biruzə verir.

 

O ki qaldı, Lavrovun Bakıdakı görüşlərinə və verəcəyi açıqlamalarına, çox güman, Rusiyanın Xarici İşlər naziri İrəvanda dediyini bir az korrektə etmək məcburiyyətində qalacaq ki, Azərbaycanla körpüləri tamamən yandırmasın.

 

Digər tərəfdən Lavrov İrəvanda imzaldığının eynisini Bakıda imzalayacaq, Rusiya və Azərbaycan XİN-lərinin 2020-ci il üçün əməkdaşlıq konturları müəyyələşəcək.

Müəllif: Ayna.az