Rauf Mirqədirov: “Boris Conson populistlərə xas olan kəskin, çox ciddi əks reaksiya doğuran bəyanatlarla çıxış edir"
Boris Consonun Böyük Britaniyanın yeni Baş Naziri seçilməsi həm öz ölkəsində, həm də əksər xarici ölkələrdə birmənalı qarşılanmayıb. Belə ki, Consonun hakimiyyətə gəlməsindən sonra Britaniya hökumətində yeni istefaların olacağı iddia olunur. Baş Nazirin adının açıqlanacağı ərəfədə Böyük Britaniyanın Avropa və Amerika Məsələləri üzrə naziri Alan Dunkanın istefa verməsi bu iddiaları daha da artırır.
Həmçinin, ABŞ Prezidenti Donald Trampın “Britaniyalı Tramp” adlandırdığı Boris Consonu dəstəkləməsi də müəyyən ehtimallar formalaşdırır.
Maraqlıdır, dünəndən öz səlahiyyətlərinin icrasına başlayan, artıq hökumətinin tərkibini də açıqlayan və yeni qurduğu kabineti ilə ilk iclasını keçirən Boris Consonun hakimiyyətə gəlməsi Böyük Britaniyanın xarici siyasətinə nə vədər edir? Onun Baş Nazir postuna gəlməsi Böyük Britaniyanın Avropa İttifaqına daxil olan dövlətlərlə, həmçinin ABŞ-la, o cümlədən Azərbaycanla olan münasibətlərinə necə təsir göstərəcək? AYNA-nın əməkdaşının bu suallarına politoloq Rauq Mirqədirov aydınlıq gətirib.
O bildirib ki, Conson siyasətə gəlmiş növbəti populistdir: "Bəzi siyasi gerçəkləri nəzərə almaq istəmir, anti-qlobalistdir, Yəni Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyənlərdən biridir. Concon siyasətə jurnalistikadan gəlib və jurnalistlərə məxsus bir lüğəti var, kifayət qədər açıq siyasətin tərəfdarıdır. Populistlərə xas olan kəskin, çox ciddi əks reaksiya doğuran bəyanatlarla çıxış edir”.
Politoloqun fikrincə, Boris Consonun hakimiyyətə gəlməsi Böyük Britaniyada Avropa İttifaqından çıxmaq istəyənlərin mövqelərini möhkəmləndirəcək: “Avropada anti-qlobalistlərin, daxilə qapalılığın tərəfdarlarının mövqelərini qüvvətləndirəcək. Sözsüz ki, bu, müəyyən mənada neqativ haldır”.
“Təsadüfi deyil ki, digər populist, anti-qlobalist siyasətçi, Avropa İttifaqının ləğvi istiqamətində kifayət qədər ciddi addımlar atan, Böyük Britaniyanı dəstəkləyən Donald Tramp Consonun Baş Nazir seçilməsini böyük ruh yüksəkliyi ilə qarşıladı. Hətta onun, heç bir sövdələşmə olmadan Avropa İttifaqından çıxmaq təklifini dəstəkləyir. Əvəzində onu şirnikləndirir ki, Böyük Britaniya İttifaqdan çıxsa, ABŞ-la daha səmərəli əməkdaşlıq edə bilər”, - deyə müsahibimiz vurğulayıb.
R.Mirqədirov Consonun hakimiyyətə gəlməsinin müsbət tərəfini də şərh edib: “Digər məqam isə müəyyən mənada pozitivdir. Bildiyimiz kimi, Böyük Britaniya ilə Rusiya arasında münasibətlər onsuz da gərgin idi. Amma Consonun Baş Nazir seçilməsi həmin münasibətlərin düzəlməsinə olan ümidlərin üstündən xətt çəkir. Bu gün Rusiyanın işğalçı siyasətinə, bütün beynəlxalq qanunları və özünün bağladığı ikitərəfli müqavilələri pozaraq digər dövlətlərin ərazilərini mənimsəməsinə baxmayaraq, Avropada Rusiya ilə münasibətlərin bərpasının, sanksiyalardan imtina siyasətinin tərəfdarlarının səsi ucalmağa başlayıb. Conson isə bu tip səslərin qatı əleyhdarlarındandır. Ona görə də bu, bir qədər pozitiv haldır”.
Politoloq Consonun hakimiyyətə gəlməsinin Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrə hər hansı formada təsir edib-etməyəcəyinə də aydınlıq gətirib: “Düşünmürəm ki, Consonun Baş Nazir seçilməsi Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələrə, qarşılıqlı münasibətə elə bir ciddi təsir göstərəcək. Çünki iki ölkə arasındakı qarşılıqlı siyasətin müəyyən, hətta ötən əsrin əvvəllərinə dayanan tarixi ənənələri var. Böyük Britaniyada erməni lobbisi çox zəifdir. İki ölkə arasındakı münasibətlərdə ciddi dəyişiklik olacağına inanmıram”.
Qeyd edək ki, Kraliça II Yelizaveta Mühafizəkarlar Partiyasının yeni lideri Boris Consonu Bukinqham Sarayında qəbul edib. Kraliça ona Baş Nazir olmağı və yeni hökuməti formalaşdırmağı təklif edib. Boris Conson isə Britaniyanın Aİ-dən, hətta təsdiqlənmiş razılaşma olmadan belə, oktyabrın 31-də çıxmasında israrlı olduğunu bildirib.