ABŞ, Rusiya və Fransanın həmsədrliyindən imtina etmək olarmı?
Azərbaycan Dağlıq Qarabağ separatçılarıyla bağlı son 10 gün ərzində 3 həmsədr ölkəyə - Rusiyaya, Fransaya və Amerikaya nota verib. Təəssüf ki, münaqişənin həllinə cavabdeh olan bu 3 ölkə Dağlıq Qarabağ mövzusuna həssas yanaşmır.
Əvəllər də belə hallar olub. Bu, o deməkdir ki, erməni separatçılarının təxribatları bundan sonra da davam edəcək. Yəni kimlərsə Dağlıq Qarabağa gedəcək, separatçılarla qanunsuz sazişlər imzalanacaq və ya separatçıların lideri müxtəlif ölkələrə dəvət olunacaq, parlament binalarında görüşləri təşkil ediləcək.
Əlbəttə, bütün bu hallara qarşı mübarizə aparmalıyıq. Ancaq bu, kifayət etmir. Adıçəkilən dövlətlər Azərbaycan Xarici İşlər Nazirliyinin davamlı notalarını və bəyanatlatlarını diqqətə almayaraq, yalnız bizi rahatlatmalı olan cavaba üstünlük verirlər: “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və heç bir rəsmi qurum Dağlıq Qarabağla təmaslar saxlamır”. Canlarını bu cümlə ilə qurtarırlar.
Məsələ burasındadır ki, erməni separatçılarının nümayəndələrinin Amerika Konqresində qəbulu və onlara hər il ayrılan yardımlar elə separatçılara dəstək kimi qəbul edilir. Bütün bu problemlərdən qurtulmağın yeganə yolu bəllidir. İşğala son qoymaqla məsələ bitəcək. Həmin günə qədər isə bu kimi təxribatlar davam edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin son 10 gündə 3 həmsədr ölkəyə - Rusiyaya, Fransaya və Amerikaya müxtəlif səbəblərə görə verdiyi notalar onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan bu ölkələrdən ədalətli yanaşma gözləmək mümkün deyil.
Belə olan bu 3 ölkənin həmsədrliyindən imtina etmək olarmı?
Bu, mümkün deyil. Çünki rəsmi Bakının bu 3 ölkənin həmsədrliyindən imtina etməsi Azərbaycan üçün iki nəticəyə səbəb ola bilər:
Birincisi, bu 3 ölkənin həmsədrliyindən imtina o demək olacaq ki, Azərbaycan danışıqlar prosesindən faktiki çıxır. Çünki adıçəkilən 3 ölkə həmsədrlikdən imtina etməyəcək və yerlərini başqa dövlətlərə verməyəcək. Belə olan halda isə Azərbaycan ümumilikdə Minks Qrupu formatından imtina edəcək ki, bu, rəsmi Bakının danışıqlardan imtinası demək olacaq. Əslində bu, belə olmalıdır. Ancaq Ermənistan və onun havadarları rəsmi Bakının həmsədrlik institutundan imtinasını müharibəyə başlaması kimi qələmə verəcək.
İkincisi, rəsmi Bakının Amerika, Rusiya və Fransanın həmsədrliyindən imtinası Azərbaycanın bu 3 ölkə ilə münasibətlərinə də təsirsiz ötüşməyəcək. Rəsmi Bakı isə dünyanın əsas paytaxtları olan – Moskva, Paris və Vaşinqtonla münasibətləri gərginləşdirmək istəmir.
Bu iki səbəbi nəzərə alaraq rəsmi Bakının Fransanın, Rusiyanın və Amerikanın həmsədrliyindən imtinası mümkün deyil. Halbuki, hamıya bəllidir ki, nə danışıqlar nəticə verəcək, nə də bu 3 ölkə işğala son qoymaq üçün Ermənistana təsir və ya təzyiq edəcək.