Şəhid ailələrinin problemi, müəllimlərin imtahanına və Makrona etiraz... – Milli Məclisdə MÜZAKİRƏ

Cəmiyyət

14.10.2022 - 14:25

Parlamentin iclasında deputatlar narazılıqlarını və təkliflərini bildirdilər, qanunlara dəyişiklikləri qəbul etdilər

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Gündəliyinə 22 məsələnin daxil edildiyi toplantıda deputatlar qanunlarda edilən dəyişikliklərlə bağlı təkliflər və iradlar səsləndiriblər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Müşfiq Cəfərov bildirib ki, Milli Məclisdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə görüş keçirilməlidir.

Deputat: “İş üçün dövlət qurumlarına müraciət edəndə, şəhid ailəsi hesab edilmirlər”

Millət vəkilinin sözlərinə görə, bu gün şəhid ailələri və qazilərin problemləri ilə bağlı müraciətlər çoxluq tşkil edir. M.Cəfərov təmsil etdiyi Gəncədən müraciət edən şəhid ailələrinin problemlərini dinlədiyini, onlarla görüşlər keçirdiyini diqqətə çatdırıb: “Bu gün şəhid övladı 18 yaşına kimi, təhsil vəziyyətinə görə isə 23 yaşına kimi dövlətin imtiyazlarından istifadə edir. Amma 18 yaşından sonra onlar şəhid ailəsi sayılmırlar. Bəli, 18 yaşlı şəxslər yetkin insanlardır, amma onlar deyirlər ki, iş üçün dövlət qurumlarına müraciət edəndə, şəhid ailəsi hesab edilmirlər. Həmçinin şəhidin həyat yoldaşı və ya anası hansısa səbəbdən vəfat edəndə onun ev növbəsi övladına keçmir. 18 yaşından yuxarı şəxslərə bu status aid edilmir. Hesab edirəm ki, bu, doğru deyil, hansısa formada həllini tapmalıdır”.

“Məsələn, şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat birdəfəlik vəsait ödənildi. Düşünürəm ki, bunu məsələyə baxılması üçün ilk addım kimi dəyərləndirmək olar. Ümid edirəm, şəhidlərin övladları və ailələləri ilə əlaqədar bu məqamlar nəzərə alınacaq", - millət vəkili əlavə edib.

“14 ildir ki, hərbçimiz şəhid olub, amma ona şəhid statusu verilmir”

Deputat Vahid Əhmədov da çıxışında bildirib ki, şəhid ailələrinin, qazilərin problemləri qalmaqdadır. Millət vəkili hesab edir ki, onların problemləri ilə bağlı dinləmələrin və xüsusi iclasın keçirilməsi vacibdir: “Şəhid ailələri və qazilərlə əlaqədar problemlər, veteran statusunun verilməsi istiqamətində əngəllər aradan qaldırılmalıdır. Rayonda görüşlər keçirərkən iki qazinin müraciətini dinlədim. Nə veteran adı ala bilirlər, nə şikayətlərinə baxılır”.

“Müraciət edən başqa bir xanımın oğlu şəhid olub. Əfqanıstanda və İraqda vuruşub, İraqda şəhid olub. Ailə mənə məktub ünvanlayıb. Təsəvvür edin, 14 ildir ki, hərbçimiz şəhid olub, amma ona şəhid statusu verilmir. Bizim sülhməramlılar başqa ölkələrdə vuruşanda şəhid olurlarsa, onlara şəhid statusu verilməlidir. Düşünürəm ki, bu məsələlər həllini tapmalıdır”, - Əhmədov vurğulayıb.

“Azərbaycana gətirilən pulların terrorizmdə, narkotik qaçaqmalçılığında istifadəsinin qarşısını almaq lazımdır”

Bununla yanaşı, deputat maliyyə amnistiyasına da ehtiyac olduğunu söyləyib. V.Əhmədov deyib ki, bu gün Azərbaycan iqtisadiyyatına qeyri-qanuni köçürmələr kifayət qədər çoxdur: “Bu, hər yerdə belədir. Böyük cinayət işləri açılır, müəyyən insanların qeyri-qanuni pul çıxarmasının qarşısını alırlar. Amma yenə də bir yol tapıb vəsaitləri çıxarırlar. Problemi aradan qaldırmaq üçün maliyyə amnistiyası verilməlidir. 30 ildə o qədər insan olub ki, düz yolla, qeyri-qanuni yolla vəsait qazanıb. Maliyyənin çoxunu xaricə keçirirlər, mülklər, obyektlər alırlar. Bunun Azərbaycana nə xeyiri var? Əlbəttə, xeyri yoxdur”.

“Azərbaycana gətirilən pulların terrorizmdə, narkotik qaçaqmalçılığında istifadəsinin qarşısını almaq lazımdır. Əvəzində, tikintiyə, investisiyalara cəlb edilməsinə şərait yaradılmalıdır”, - deputat fikrini yekunlaşdırıb.

Millət vəkilindən etiraz: “Prezidentlər bilməlidirlər ki, nə danışırlar, nədən danışırlar”

“Milli Məclisdə bəyanat hazırlanmalı və Fransa Senatına göndərilməlidir, xəbərdarlıq edilməlidir. Bu xəbərdarlıqlar da Fransa Prezident Emmanuel Makronun çıxışları ilə əlaqədar olmalıdır”. Bu sözləri isə deputat Siyavuş Novruzov deyib.  

Millət vəkili xatırladıb ki, Makron Praqa görüşündən sonra müsahibə verib, Ermənistanı tərifləyir: “Hesab edirəm ki, bu, yolverilməzdir. Prezidentlər bilməlidirlər ki, nə danışırlar, nədən danışırlar. Belə olmaz. O vaxt ulu öndər Heydər Əliyev çox düzgün qeyd etmişdi ki, Fransa həmsədr dövlət ola bilməz, çünki erməni dəstəkçisidir. Düşünürəm ki, lazım gələrsə, Fransa ilə bütün diplomatik əlaqələr kəsilməlidir”.

“BMT-də Azərbaycan çox düzgün mövqe sərgilədi. Bu gün erməni çörəyi yeyənlər Azərbaycanı başqa yerə sürükləmək istəyir. Xatırlayıram ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi BMT-də müzakirəyə çıxarılanda buna cəmi 14 ölkə səs vermişdi”, - deputat qeyd edib.

"Əgər universitetdə yaxşı təhsil verməyiblərsə, o zaman ortaya sual çıxır -  müəllimə niyə diplom veriblər?"

S.Novruzov həmçinin müəllimlərin sertifikasiya və işə qəbul imtahanları sərt tənqid edib: “Bu gün universitetləri qırmızı diplomla bitirənlər belə işə qəbul üçün yenidən imtahan verməlidirlər. Söhbət müəllimlərdən gedir. Universiteti bitirən şəxsdən yenidən imtahan istəyirlər, müəllimlər attestasiya imtahanı verməlidirlər ki, işləsin. Təsəvvür edin ki, biz müəllimin ali təhsilini qoyuruq kənara, yenidən imtahan edirik ki, görək bilir, ya bilmir. Elm və Təhsil Nazirliyinin komissiyasından keçən şəxsin müəllim işləyib, işləyə bilməyəcəyi müəyyənləşdirilir. Bu, doğru yanaşma deyil”.

“İxtisas artırma olmalıdır ki, müəllim 2 ay oxuyub, ixtisası təkmilləşdirsin. Amma sertifikasiya və digər imtahanlar nəyə lazımdır? Əgər universitetdə yaxşı təhsil verməyiblərsə, o zaman ortaya sual çıxır -  müəllimə niyə diplom veriblər? Hər müəllimin necə savadı olduğunu yaşadığı ərazidəki insanlar bilir. Bir rayonda yaşayan müəllimi başqa yerə işləməyə göndərirlər. Bu necə sistemdir?”, - deyə deputat fikrini yekunlaşdırıb.

“Xahiş edirəm ki, bu məsələlərlə bağlı çıxışlara həssas yanaşaq”

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev şəhid ailələrinin, qazilərin problemindən danışarkən deyib ki, 2024-cü ilin sonuna qədər bütün şəhid ailələrinin mənzil təminatı həyata keçiriləcək. Onun sözlərinə görə, prosesin yekunlaşdırılması nəzərdə tutulub.

“Bu gün demək olar ki, bütün şəhidlərin adları əbədiləşdirilib. Şəhid ailəsi üzvlərinə güzəşt və imtiyazlara gəlincə, qanunvericiliklə 20-ə yaxın imtiyaz nəzərdə tutulub ki, hamısı da yerinə yetirilir. Onların bütün təhsil təminatları dövlət vəsaiti hesabına həyata keçirilir”, - deyə deputat vurğulayıb.

M.Quliyev deputat həmkarlarına səslənərək bildirib: “Hörmətli həmkarlar, xahiş edirəm, şəhidlərin ailələri və qazilərin problemlərindən danışanda dövlətin gördüyü işlərə də toxunaq. Vətən müharibəsi ölkəmizin qələbəsi ilə bitib. Bütün dünya təcrübəsində də belədir ki, müharibədən sonrakı 5-10 il ərzində həmin ölkədə postmüharibə sindromu yaşanır. Ona görə də xahiş edirəm ki, bu məsələlərlə bağlı çıxışlara həssas yanaşaq. Dinləmələrin keçirilməsi təklif edildi. Təkliflərinizi fikirlərinizi yazılı şəkildə təqdim edəsiniz”.

Vitse-spiker: “Qanunvericilik baxımından Vahid müəllim haqlıdır, amma...”

“Azərbaycan iqtisadiyyatı 2018-ci ildən sonra aparılan islahatlar nəticəsində tam sağlamlaşmaya doğru gedir. Halbuki, gəlir deklarasiyası olan ölkələr var ki, onlarda korrupsiyanın səviyyəsi çox yüksəkdir”. Bu sözləri Milli Məclisin sədr müavini Əli Hüseynli deputat Vahid Əhmədovun maliyyə amnistiyası ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılması daha yaxşı effekt verir: “Amma gəlir deklarasiyası ilə bağlı maddə var və hazırlanma mərhələsindədir. Qanunvericilik baxımından Vahid müəllim haqlıdır, amma yenə də deyirəm ki, digər üsullar bu cinayətlərdə daha çox effekt verir. Maliyyə amnistiyası tətbiq edilən ölkələrdə iqtisadiyyat tam kriminallaşır”.

Deputatlar iclasın gündəliyinə daxil edilən qanun layihələri ilə bağlı müzakirələrdə fikirlərini səsləndiriblər. Qanunlara əlavə və dəyişikliklər qəbul edilib.

Müəllif: Anar Bayramoğlu