Yüksək vəzifəli məmura qarşı sərt ittiham: “Dövlətin pulunu öz şirkətinə xərcləyir”

Cəmiyyət

18.07.2019 - 12:27

Natiq Cəfərli: “Bunun adı korrupsiya, etik qaydaların pozulması, maraqlar konflikti deyil də, bəs nədir?!”

 

“Son zamanlar yaradılmış mənasız qurumlardan biri Qida Təhlükəsizliyi Agentliyidir. Çünki normal ölkələrdə həmin Agentliyin funksiyasını məhkəmələr yerinə yeririr”.

 

AYNA xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli öz “Facebook” hesabında paylaşım edib. “Hökumət hələ də qavraya bilmir ki, ən yaxşı nəzarətçi - alıcıdır, müştəridir. Əgər normal məhkəmə sistemi olsa, müştəri aldığı keyfiyyətsiz, vaxtı keçmiş, sağlamlığa təhlükə yaradan məhsula görə satıcını məhkəməyə verib böyük məbləğdə kompensasiya alar, bu hal rutinləşsə, heç bir istehsalçı, satıcı keyfiyyətsiz mal satmaz”, - deyə o bildirib.

Ekspert bir xatırlatma verib: “Qida Təhlükəsuzliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlidir. Agentlik 12 İyul 2019-cu il tarixində "Medeks" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 43 min 208 manatdır. Həmçinin İyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün "Medeks" MMC ilə 599 min 749 manatlıq başqa müqavilə də imzalayıb”.

 

“Soruşacaqsız ki, burda nə var ki?! Deyim də, Qoşqar Təhməzli 2008 - 2016- cı illərdə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb, indi də şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu bilinir. Yəni adam dövlətin təsis etdiyi Agentliyin rəhbəri kimi dövlətin büdcəsindən ayrılan pulla öz şirkətindən avadanlıq alır. Bunun adı korrupsiya, etik qaydaların pozulması, maraqlar konflikti deyil də, bəs nədir?!”, - N.Cəfərli vurğulayıb.

Müəllif: Ayna.az