“Sarkisyanın istefasının arxasında “bədnam Moskvanın əli” yoxdur” – KUZNETSOV

Dünya

27.01.2022 - 10:18

Tanınmış analitik: “Ermənistan Prezidentinin gedişi Yeltsin “Mən yoruldum, gedirəm” nümunəsinə bənzəmir”

Ermənistan Prezidenti Armen Sarkisyanın istefası çoxlu suallar yaradıb. Üstəlik, o özü istefasını Ermənistan Prezidenti postunun heç nəyə təsir etməməsi ilə əsaslandırıb. Bəs, Armen Sarkisyan nəyə təsir etmək istəyir? Bizə yalnız təxmin etmək qalır. Onun Ermənistanın böyük siyasətinə qayıtması mümkündür. Üstəlik, onu da əlavə etmək lazımdır ki, o, erməni mətbuatının yazdığına inansaq, xaricdə olarkən istefa verib.

Baş verənləri AYNA-ya tanınmış rusiyalı politoloq Oleq Kuznetsov şərh edib.

- Bu yaxınlarda Ermənistan Prezidenti istefa verdi. Bu addımı nə ilə əlaqələndirirsiniz?

- Bu addım 1999-cu il dekabrın 31-də Yeltsinin “Yoruldum, gedirəm” nümunəsinə bənzəmir. Məncə, bu, tamamilə şüurlu bir addımdır - öz konseptual məzmunu olan siyasi demarşdır. Mən rusdilli mətbuatda və sosial şəbəkələrdə bu faktla bağlı bütün fikirləri yaxından izləyirəm və demək olar ki, hamısı bu və ya digər formada onun xarici siyasət fonunu göstərir - deyirlər ki, Sarkisyanın bəyanatının arxasında ya Kremlin “kölgəsi”, ya Britaniya və Fransanın maliyyə-siyasi isteblişmentinin “xalça altı döyüşü”, ya da, hətta bu vaxta qədər şəxsən varlığı barədə eşitmədiyim ümumdünya türk və azərbaycanlı lobbisi dayanır.

Bütün bu versiyalar reallıqdan uzaqdır, çünki onların hamısı erməni siyasətçilərinin, guya xarici qüvvələrin əlində itaətkar marionetlər olması kimi yanlış stereotip ideyasına əsaslanır. Bu cür stereotiplər düşmən obrazının təbliği üçün xarakterik olsa da, real vəziyyəti düzgün əks etdirmir. Sarkisyanın təkbaşına “getdiyi”, yoxsa eyni xarici qüvvələr tərəfindən “yola salındığı”  ilə bağlı daha az yayılan arqumentlərin əsasında da eyni stereotiplər dayanır. Uydurma astanasında olan bütün bu arqumentlər mənə səthi görünür, çünki onun içində konkret bir lal sual var: axı, o, daha üç il yarım Prezident qala bilməzdimi? Bu sonuncu sualın cavabsız qalması Sarkisyanın istefasının səbəbləri ilə bağlı bütün versiyalar, izahatlar üzərinə, mənim nəzərimdə, primitivlik təəssüratı qoyur.

Şəxsən mənə elə gəlir ki, onun istefasının yalnız bir səbəbi var və Ermənistan üçün bu, sırf daxili, partiya-siyasidən çox siyasi-hüquqi xarakter daşıyır. Və burada söhbət bu ölkədəki daxili siyasi elita və ya klanların mübarizəsindən, hətta Ermənistanın yeni xarici siyasətinin formalaşmasından da getmir. Məsələ burasındadır ki, Baş nazir Paşinyan Ermənistanda növbəti konstitusiya islahatına başlayıb ki, bu da ölkəni 2018-ci ildən əvvəl olduğu kimi Prezident idarəetmə formasına qaytarmalı, mövcud parlament-prezident idarəetmə modelini dəfn etməlidir.

Baş nazir Paşinyan Ermənistandakı hakimiyyətinin dördüncü ilinin sonunda həqiqətən inqilabi konstitusiya-hüquqi islahatlara qərar verdi ki, bu islahatlar uğurlu olarsa, istər ölkə daxilində, istərsə də diasporda bütün köhnə erməni elitasını onların transmilli xarakter daşıması faktorunu aradan qaldıraraq, dəfn edəcək. Bundan sonra erməni oliqarxiyası daxilində qeyri-adi parçalanma baş verəcək: ölkə daxilində o, milliləşəcək, xaricdə isə Ermənistana deyil, yaşadıqları ölkələrə prioritet orientir götürməklə, transmilli qalacaq ki, bu da kifayət qədər məntiqlidir. Paşinyan Ermənistanın daxili siyasi həyatının istər rus, istərsə də Amerika və ya Fransa erməni diasporundan bərabər məsafədə olması kursunu müəyyənləşdirdi və bu yeni siyasi reallıqlarda hər bir iri erməni oliqarx siyasətçini hansı yolu seçmək seçimi qarşısında qoyur: Ermənistandakı erməniləri seçmək və ya kənarda olan kapitallarını üstün tutmaq.

Keçmiş Prezident Sarkisyan belə seçimlə üzləşən ilk şəxslərdən biri olub və o, seçimini edib: Ermənistandan kənarda öz kapitalını. Beləliklə, o, bu prosesin tətiyini çəkdi və indi onu dayandırmaq mümkün deyil: erməni diasporu ölkə daxilindəki əlaqələrini kəsmək seçimi qarşısında qalıb.

- Maraqlıdır ki, istefa Alen Simonyanın ABŞ-a, Armen Sarkisyanın özünün isə Birləşmiş Ərəb Əmirliyinə səfərindən sonra baş verib. Bu səfərlər onun istefası ilə bağlıdırmı?

- Ermənistandan yetərincə insayder məlumatı olmadan qəhvə ilə fala baxmaq istəmirəm, amma qəti şəkildə deyə bilərəm ki, eks-prezident Sarkisyanın istefasının səbəbləri ilə bağlı yuxarıda qeyd etdiyim fikir bu səfərlərlə heç də ziddiyyət təşkil etmir, əksinə, onunla kifayət qədər tamamlanır. Əgər mən haqlıyamsa, o zaman bütün indiki yüksək rütbəli erməni siyasətçi-iş adamları artıq seçim qarşısında olublar və ya yaxın gələcəkdə seçim qarşısında qalacaqlar: ya dövlətyönümlü siyasət, ya da transmilli biznes, ona görə də həm Sarkisyan, həm də Simonyan öz xarici biznes tərəfdaşlarının yanına uçub getdilər. Getdilər ki, məsləhətləşinlər - yeni vəziyyətdə Ermənistanda hakimiyyətdə qalmaq və ya beynəlxalq biznesi seçmək onlara daha sərfəlidir.

Düşünürəm ki, belə bir məsləhətləşmədən sonra Sarkisyan istefa verdiyini elan etdi, qəfil siyasətdən getdi ki, sonradan onun biznes maraqları heç bir şəkildə zərər görməsin. Bu da başa düşüləndir, çünki, onun biznesdən qazandıqları üç il yarım ərazində ölkənin yarısəlahiyyətli Prezidentinin maaşından qat-qat artıqdır. Təbii ki, kökündən yanıla bilərəm, amma onun bu addımının başqa məntiqli izahı yoxdur.

- Ola bilərmi ki, Armen Sarkisyanın gedişinin kökündə ondan Kremlın narazı qalması dayansın?

- Biz hamımız yaxşı bilirik ki, Ermənistan Prezidenti hazırkı konstitusiya-hüquqi statusu və səlahiyyətləri ilə Britaniya monarxı kimi “hakimiyyətdə olan, lakin idarə etməyən”, sırf təmsilçi və az qala dekorativ fiqurdur. Ermənistanın Prezidenti olmaq qürur baxımından çox prestijlidir, lakin bu, o demək deyil ki, o, həlledici fiqurdur və nəyəsə qarışmaq hüququna malikdir. Əgər biz bu faktı kifayət qədər yaxşı başa düşürüksə, Kreml bunu iki-üç dəfə daha yaxşı başa düşür.

Təbii ki, suala sualla cavab vermək çox da etik deyil və mənim sualım bir qədər mövzudan kənar olacaq, amma hər halda verəcəyəm: Ermənistan Prezidenti öz səlahiyyətlərinə görə Almaniyanın federal Prezidentinə çox bənzəyir, ona görə də siz heç eşitmisinizmi ki, Kreml nə vaxtsa bu yüksək səviyyəli alman məmurunun sözlərindən və ya addımlarından narazılığını bildirsin? Son iki onillikdə mən iki-üç belə hadisəni xatırlaya bilərəm, çünki Almaniyada federal Prezident heç nəyi həll etmir, hər şeyi federal kansler həll edir. İndiki Ermənistanda da belədir.

Kreml, prinsipcə, ölkənin indiki dövlət-hüquqi strukturunda Ermənistan Prezidenti postunu kimin tutması ilə maraqlanmır, çünki əsas vəzifə Kremlin münasibətlərini qurduğu Baş nazirdir. Şübhəsiz ki, Kreml analitikləri Ermənistan Prezidentinə nəzər yetirsələr də, praktiki səmərəsiz olduğu üçün onunla təmaslara vəsait sərf etmirlər. Ona görə də, böyük ehtimalla, deyə bilərəm ki, Prezident Sarkisyanın istefasında qətiyyən “bədnam Moskvanın əli” yoxdur, əminəm ki, bunun arxasında sırf biznes maraqları dayanır.

Müəllif: Nicat Hacıyev