Rus pulu “ölür”, amma biz də narahatıq: “Manata təsir edəcək”

İqtisadiyyat

02.08.2023 - 13:44

Rusiya valyutasının dəyər itirməsi Azərbaycana necə təsir göstərəcək?

Rusiya valyutasının rekord dərəcədə ucuzlaşması “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) üsyan cəhdindən sonra xüsusi sürət aldı. İndi yeni şoklar olmasa, ekspert dairələri əmindir ki, rublun məzənnəsi 1 dollar üçün 90 rubl, 1 avro üçün 98-100 rubl səviyyəsində olacaq.

İyunun 24-dən, “Vaqner” üsyanı günündən bəri, iki həftədən az müddətdə Rusiya valyutası 1 dollar üçün 90 rubl həddini aşdı və bu səviyyədə möhkəmləndi. Müstəqil analitik Vitali Kaluqinin fikrincə, rubl 90 səviyyəsinə qədər ilişib və iki həftədir ki, oradadır.

Ekspert hesab edir ki, belə durğunluqdan sonra ehtiyat valyutanın rubla nisbətdə yeni və kəskin artımı mümkündür: “Əlbəttə, dollar belə durğun zonalardan güclü şəkildə çıxacaq. Bu, həmişə yüksək volotollik aktivi dayandıqda baş verir. Rubl heç kimə lazım deyil: heç bir valyutada lazım deyil. Dollar üçün yox, yuan üçün, hətta dollar qarşısında zəifləyən, amma rubla nisbətən zəifləməyən lirə üçün də. Burada kursa təsir edən bütün digər səbəblər geri çəkilir”.

Analitik dairələrdə və mediada belə bir fikir var ki, rubla zərbə vuran üsyan cəhdi olub. İğtişaşlara cəhd günü Rusiya bankları valyutanın satış məzənnələrini kəskin şəkildə qaldırdı. Belə ki, dolları 90 rubldan, avronu 100 rubldan baha satıblar, bəzi valyutadəyişmə məntəqələrində məzənnə 1 dollara görə 200 rubla çatıb. Düzdür, elə ertəsi gün valyuta məzənnələri aşağı düşməyə başladı. Bu arada, beş rüb ərzində - 2022-ci il yanvarın 1-dən 2023-cü il martın 31-dək ekspertlər 2008-ci ildən sonra valyutanın ölkədən çıxarılmasının rekord göstəricisi - 160 milyard dollar olduğunu bildirirlər.

“İnsanlar istənilən yolla ölkədən pul çıxarırlar. Əminəm ki, ikinci rüb daha güclü rəqəmlər göstərəcək. Belə şəraitdə, hər şeyi və ya çox böyük bir payı itirmək təhlükəsi olduqda, pul çıxarmaq naminə valyuta almaq üçün məzənnə tamamilə əhəmiyyətsizdir”, - deyə Kaluqin bildirib.

Bu arada, Rusiya Mərkəzi Bankı “Vaqner” üsyanının rublun məzənnəsinə təsirini əhəmiyyətsiz kimi qiymətləndirib: “Rusiyada “Vaqner” qiyamının baş verdiyi iyunun sonundakı hadisələrin töhfəsi rublun məzənnəsinə cüzi təsir göstərdi. Əsasən rublun zəifləməsinə ixracdan gələn valyuta gəlirlərinin azalması səbəb olub”.

Siyasi-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov Rusiya valyutasının məzənnəsinin aşağı düşməsinin əsas səbəbini əmtəə bazarlarında qiymətlərin kəskin ucuzlaşması və ixracatçı lobbisinin güclü təzyiqinin nəticəsi ilə əlaqəli hesab edir. Ekspert rublun devalvasiyasının planlaşdırılmış xarakterini qeyd edir, bunun heç də təsadüfi olmadığınə əmindir: “Hələ Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda rublun dollar qarşısında 80-90 rubl, avro qarşısında 100 rubl səviyyəsinə qədər zəiflədilməsi ideyasını irəli sürmüşdülər. Rusiya valyutasının ümumi zəifləməsi 75 faizə qədər çata bilər və bütün bunlar ixracatçıların gəlirliliyini saxlamaq üçün planlaşdırılmış devalvasiya silsiləsinin nəticəsidir”.

Analitikin fikrincə, neftin qeyri-sabitliyi və əmtəə bazarlarını bürümüş qiymət depressiyası rubla zərbə vurdu və enerji xammalının ixracından da asılı olan digər ölkələrin valyutalarına eyni ssenariyə qarşı zəmanət vermir. İqtisadçı Avropa İttifaqı ilə Çin arasında mümkün və ehtimal ki, gözlənilən ticarət müharibəsinin təsirini bütün bu hekayənin aralıq sürücüsü hesab edir.

Belə qlobal silkələnmə təbii ki, neft hasil edən ölkələri kənara qoya bilməz və Azərbaycan da onlardan biridir. Bu arada Azərbaycan rublun dəyərdən düşməsinin ikitərəfli ticarət üçün nəticələrindən narahatdır. Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramovun qeyd etdiyi kimi, son iki ayda rubl dollara nisbətdə 14 faiz ucuzlaşıb: "İndi sanksiyalar rubla ciddi təzyiq göstərir və bütün bunlar, əlbəttə ki, bizim əsas ticarət tərəfdaşımızın iqtisadiyyatına təsir edir. Biz bundan narahatıq, çünki Rusiya valyutasının manata nisbətdə ucuzlaşması bizim ixraca da təsir göstərəcək, çünki bu, oraya tədarük olunan qeyri-neft məhsullarının qiymətinin ucuzlaşmasına gətirib çıxarır”.

“Rusiyada devalvasiyanın Azərbaycan valyutasına təsiri daha nəzərə çarpacaq, çünki Azərbaycan Rusiyaya əsasən kənd təsərrüfatı məhsulları ixrac edir ki, bu da Rusiya bazarının 7 faizinə qədərini təmin edir. Rusiya valyutasının ucuzlaşması ilə əlaqədar kənd təsərrüfatı məhsulları rus istehlakçıları üçün bahalaşacaq”, - deyə mütəxəssis söyləyib.

Bayramov hesab edir ki, neftin qiymətinin nisbətən rahat olduğu şəraitdə manatın sabitliyi ilə bağlı heç bir qorxu yoxdur: “Əsas ticarət tərəfdaşlarında tədiyə balansının müsbət saldosu və məzənnə dəyişikliyi bu ilin ilk 5 ayında manatın nominal effektiv məzənnəsini 5,1% gücləndirib. Eyni zamanda, tədiyyə balansının müsbət olmasının əsas səbəbi daha bahalı enerji mənbələrinin ixracıdır, lakin bütün bunlar eyni zamanda, ixracımızın strukturunun daha da keyfiyyətcə təkmilləşdirilməsi zərurətindən xəbər verir”.

Müəllif: Emma Rzayeva