Hökumət büdcəyə əlavə gəlir gətirmək üçün “qırmızı xətti” keçmək istəyir

İqtisadiyyat

17.06.2020 - 13:25

Lüks mallara vergi tətbiqi büdcəyə böyük vəsait qazandırmayacaq, əvəzində isə ciddi fəsadlar meydana çıxacaq

 

Rəsmi rəqəmlərə görə, koronavirus pandemiyası dövlət büdcəsinin icrasına təsir göstərməyib. 2020-ci ilin may ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 348,2 milyon manat köçürüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çoxdur. Ancaq buna baxmayaraq, büdəcəyə gəlirlər əvvəlki səviyyədə deyil və deyəsən, hökumət bu kəsiri hansısa yolla düzəltmək niyyətindədir.

 

Yaxın vaxtlarda Azərbaycanda lüks mallara və aksizli mallara əlavə vergi tətbiq ediləcək. Bunu İTV telekanalında Maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, bu məsələ ilə bağlı təkliflər hazırlanır və yaxın günlərdə layihə şəklində təqdim olunacaq.

 

“Lüks mallar haqqında danışarkən, tütün və tütün məhsullarının, eləcə də avtomobillərin idxalını nəzərdə tuturuq. Siyahıda olan mallara daha çox aksiz vergiləri və vergilərin tətbiqi nəzərdə tutulub. Bu vergilər hesabına əlavə vəsait dövlət büdcəsinə daxil ediləcək", - o bildirib.

Gömrükdən gizlədilən 14 min siqaret aşkarlandı - modern.az

Əvvəlcə hansı məhsulların "lüks" kateqoriyasına təsnif edildiyini dəqiq müəyyənləşdirmək lazımdır. Bütün dünyada bu kateqoriyaya bir neçə yüz min, milyon dəyəri olan çox bahalı mallar - yaxtalar, şəxsi təyyarələr, zərgərlik məmulatları daxildir. Lakin Azərbaycanda lüks mallar kateqoriyasına nələrin daxil edilməsi hələ də tam anlaşılmır. Bunu AYNA-ya iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Əlavə edib ki, ölkəmizdə əhalinin yalnız çox az bir hissəsi bu katoqoriyadan olan mallara sahibdir.

 

“Bizim rəsmi olaraq heç milyonçumuz yoxdur. Əgər avtomobillərdən danışırıqsa, məsələn, dünyada lüks avtomobil deyərkən, dəyəri 250 min dollar civarında olan idman avtomobilləri qəbul edilir. Ancaq ölkəmizdə bu seqmentdə çox az avtomobil satılır. 20-30 min manat dəyərində olan avtomobilləri lüks hesab etsəniz, bu, məsələyə kökündən səhv yanaşma olacaq.  Azərbaycanda uzun müddətdir, əvəzlənməyə ehtiyacı olan köhnəlmiş nəqliyyat vasitələri parkı mövcuddur və idxal olunan avtomobillərə əlavə vergi bu parkı yeniləməyə imkan verməyəcək, əskinə, daha da köhnəldəcək. Bəli, Bakının yollarında şütüyən xeyli sayda bahalı, lüks avtomobillər var, amma paytaxt bütün ölkə demək deyil. Köhnə avtomobillərin yarıdan çoxu Bakıdan kənar regionların yollarındadır. Elə bu amilin özü yol istifadəçiləri üçün təhlükəlidir və ətraf mühitə də mənfi təsir göstərir”, - iqtisadçı bildirib.

 

Onun sözlərinə görə, bir çox ölkələrdə hibrid avtomobillərin və elektrikli avtomobillərin idxalına vergilər, vətəndaşların onları daha rahat və ucuz əldə edə bilmələri üçün ləğv edilir: “İnsanlar benzinə qənaət etmək və ətraf mühitə zərər verməmək üçün bu tipli avtomobilləri almağa meyillidirlər. Əgər Azərbaycanda analoji qərar qəbul edilərsə, bununla yanaşı benzin və ya dizel ilə işləyən, dəyəri 40.000 dollardan çox olan minik vasitələrinə əlavə vergi tətbiq olunarsa, bu addım yaxşı effekt verə bilər. Şərifovun dediyi kimi, dəbdəbəli mallara əlavə vergi tutulması dövlət büdcəsinə maksimum 20-30 milyon manat gəlir verəcək. Bu cür qərarlar qəbul edərkən yalnız büdcə haqqında deyil, həm də bu addımın sosial, iqtisadi və ekoloji nəticələrinin necə ola biləcəyi barədə də düşünmək lazımdır”.

 

Aksizli mallara qoyulan əlavə vergi barədə danışan Cəfərli hesab edir ki, bu addım alkoqol və tütün məhsullarının qiymətlərində artıma səbəb olacaq: “Bu cür məhsulların qiymətinin artması bir çox ölkələrdə baş verir və insanlar buna anlayışla yanaşırlar. Bunlar insanların yaşaması üçün strateji məhsul hesab edilmir. Ancaq hökumətimizin tütün və alkoqolun qiymət artımından sui-istifadə etməsi, xoşagəlməz nəticələrə səbəb ola bilər. Əgər adıçəkilən məhsullar çox bahalaşarsa, bu, qaçaqmalçılığın genişlənməsinə və bazarda saxta məhsulların artmasına gətirib çıxaracaq. Belə situasiya isə, öz növbəsində kustar üsulla düzəldilən alkoqoldan zəhərlənmə hallarının artmasına yol açacaq. Yəni, insanların sağlamlığına təhlükələr artacaq. Vergilərin artırılması məsələsində keçilməsi arzu olunmayan müəyyən bir xətt var. Bəzi dövlətlər bu xətti keçdi və indi bazarı tam inhisara almış saxta məhsullarla mübarizə aparmaq məcburiyyətindədir”.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə hesb edir ki, avtomobillərə əlavə vergi tutulması Konstitusiyanın pozulması kimi qiymətləndirilə bilər. “Çünki, Konstitusiyada vətəndaşların layiqli həyat sürmək hüququ haqqında danışılır və avtomobil də mənzil hüququ kimi belə həyatın tərkib hissələrindən biridir”, - o, AYNA-ya bildirib.

 

Lüks mallara gəldikdə, Ağayevin fikrincə, bu kateqoriyaya çox bahalı zərgərlik və xəz məmulatları, yalnız az sayda insanın əldə edə biləcəyi lüks əşyaları daxil etmək olar: “Belə malların alıcıları azdır və aydındır ki, onlara tətbiq eilən əlavə vergi dövlət xəzinəsinə çox böyük gəlir gətirməyəcək. Aksizli malların dəyərinin növbəti dəfə artması isə saxta malların istehsalını artıracaq. Vergilərin “qırmızı xətti” var və əgər onu keçsən, bu, yalnız vəziyyəti daha da pisləşdirə bilər. İstehlakçı tələbatı azalacaq və bununla yanaşı kölgə iqtisadiyyatının həcmi artacaq”.

Müəllif: Elya Belskaya