Parisdən Bakıya kompliment ünvanlandı, amma...

Siyasət

20.05.2024 - 17:11

Bəlkə də, Makron indi başa düşəcək ki, əsl siyasətçilər dünyaya ayıq gözlə baxmalıdırlar

Bu günlərdə Yeni Kaledoniyada baş verən hadisələr Fransanın xarici siyasətini parlaq bir ifadə ilə xarakterizə edə bilər: nə uğrunda mübarizə aparırdılarsa, onu da aldılar. Erməni separatçılarına açıq dəstək verən və “Qarabağ xuntasının müstəqilliyini” tanıyan qətnamələr qəbul edən Fransa Azərbaycanı Yeni Kaledoniyada kütləvi iğtişaşlarda ittiham edib.

Belə ki, Fransanın daxili işlər naziri Cerald Darmanin “France 2” telekanalına müsahibəsində Azərbaycan hakimiyyətinin Yeni Kaledoniyadakı hadisələrə müdaxilə etdiyini söyləyib: “Bu, fantaziya deyil. Təəssüf ki, bəzi separatçılar Azərbaycanla razılığa gəliblər. Müdaxilə cəhdləri olsa belə, Fransa öz ərazisi üzərində suverenliyini qoruyub saxlayır”.

Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etirazlarını dəstəkləməkdə ittiham edən Fransa Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri bununla bir tərəfdən Bakıya gözəl təriflər yağdırır, digər tərəfdən isə Azərbaycanın addımları qarşısında Parisin müstəmləkə siyasətinin acizliyini vurğulayır.

Axı, Yeni Kaledoniyada kütləvi etirazlar ona görə başlamadı ki, bu il aprelin 18-də Azərbaycan ilə Yeni Kaledoniya arasında mənəvi-siyasi dəstəyi nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalandı. Narazılığa səbəb mayın 14-də Fransa parlamenti tərəfindən yerli seçkilərdə seçki korpusunun genişləndirilməsi ilə bağlı qanun layihəsinin qəbul edilməsi olub. Bu qanun Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərə seçkilərdə səs vermək imkanı verir.

Hal-hazırda Yeni Kaledoniyanın muxtariyyətini genişləndirən və üç müstəqillik referendumunu təmin edən 1998-ci il Noumea Müqaviləsi zamanı seçici siyahılarında olan vətəndaşlar və onların uşaqları səs vermək hüququna malikdir. 2021-ci ildə keçirilən sonuncu referendum müstəqillik tərəfdarları tərəfindən boykot edilib.

Qanun layihəsinin qəbulu əslində Parisin 1998-ci ildə verdiyi vədlərdən əl çəkməsi deməkdir. Qanun layihəsinin əleyhdarları bunun Yeni Kaledoniyadakı fransızyönlü siyasətçilərə fayda verəcəyini və illərlə seqreqasiya və ayrı-seçkilikdən əziyyət çəkən yerli Kanak əhalisini daha da marginallaşdıracağını deyirlər.

Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyət elan etdi və Hind-Sakit Okean bölgəsindəki coğrafi mövqeyinə görə Paris üçün strateji əhəmiyyət kəsb edən adaya əlavə polis qüvvələri göndərdi.

Bundan əlavə, “Politico” qəzetinin yazdığına görə, Fransa rəhbərliyi etirazların Rusiya və Azərbaycan tərəfindən idarə olunması versiyasına inanır. Belə ki, Fransa kəşfiyyatçısı nəşrlə söhbətində bildirib ki, “biz Rusiya və Azərbaycanın Yeni Kaledoniyada həftələr, hətta bir neçə aydır fəaliyyətini aşkar etmişik, onlar Fransanın müstəmləkəçi dövlət olması versiyasını təbliğ edirlər”.

Qəribdədir ki, “Politico” və Darmanin Fransa Prezidenti Emmanuel Makronun 2022-ci ilin oktyabrında “France 2” telekanalının “L'Evenement” proqramında ifadə olunan fikirlərinin məzğzini dəyişərək təkrarlayıblar. Makron müsahibəsində deyib ki, “Rusiya Qarabağ münaqişəsindən istifadə edib, müdaxilə edib və Türkiyənin şərikliyi ilə Azərbaycanın oyununu açıq-aşkar oynayıb”.

“O (Rusiya – red.) Ermənistanı zəiflətmək üçün ora qayıtdı. Burada baş verənlər isə hamımızı zəiflətmək və parçalamaq üçün Qafqazda iğtişaşlar yaratmağa çalışan Rusiyanın sabitliyi pozan manevridir”, - deyə Fransa lideri bildirib.

Bundan əlavə, Makron Azərbaycanın Qarabağ bölgəsini “mübahisəli” və “beynəlxalq səviyyədə tanınmayan” bölgə adlandırıb. O, həmçinin Bakını “çoxlu insanın ölümünə səbəb olan dəhşətli müharibəyə başlamaqda və bu ərazini ələ keçirməkdə” ittiham edib.

Hazırda Yeni Kaledoniyada keçirilən kütləvi etirazlar Makrona yaxşı xatırladır ki, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa və ölkəmizi Ermənistana qarşı “təcavüz”də ittiham etməyə ehtiyac yoxdur. “Uzaqgörən” Fransa Prezidentinin şəxsi siyasi təcrübəsindən bunu öyrənmək üçün ibrətamiz şansı var idi. Bəlkə də, o, indi başa düşəcək ki, əsl siyasətçilər dünyaya ayıq gözlə baxmalıdırlar. Baxmayaraq ki, sonuncu fikir açıq-aşkar Makrona aid deyil...

Müəllif: Asif Aydınlı