“Rus dünyası”nın mahiyyəti: “Bizə qismət olmayan heç kimə qismət olmasın”

Dünya

15.11.2022 - 18:12

Məcburi geriçəkilmə, yoxsa Putinin masasındakı məkrli plan?

Bildiyimiz kimi, çərşənbə günü Ukraynadakı rus işğalçılarının komandiri general Sergey Surovikin Xerson vilayətinin Dnepr çayının sağ sahilində yerləşən qoşunların təchizatındakı çətinliklərə toxunaraq, Rusiya müdafiə naziri Sergey Şoyquya onları sol sahil ərazisinə köçürməyi təklif edib. Bu, Xerson şəhərinin könüllü təslimi deməkdir. Şoyqu bu təkliflə razılaşıb və ordunun çıxarılmasına başlamağı əmr edib.

“Rusiya qoşunlarının Xerson vilayətində Dnepr çayının sağ sahilinə çıxarılması Ukrayna Silahlı Qüvvələrinə Krıma gedən “quru körpüsü”nə - Xersondan təxminən 100 km aralıda yerləşən keçid boğazına atəş nəzarəti etməyə imkan verəcək”, - deyə “The Financial Times” yazır.

Söhbət Xerson - Armyansk, Xerson - Melitopol və Melitopol - Cankoy marşrutlarından gedir. Bu marşrutlar vasitəsilə Rusiya öz qoşunlarını Ukraynanın cənubunda və Krımda təmin edir. Təchizat yollarının özündən əlavə, Ukrayna ordusu yarımadada Rusiyanın silah-sursat anbarlarına və logistika obyektlərinə çatmaq üçün uzaqmənzilli artilleriyadan istifadə edə biləcək.

Ukrayna Müdafiə Nazirliyinin müşaviri Sergiy Kuzanın sözlərinə görə, Xerson bölgəsi hərbi baxımdan strateji əhəmiyyət kəsb edir: “Çünki bu, bizə Krımdan rusların təchizat xətti kimi istifadə etdiyi yollara atəş nəzarəti etmək imkanı verir. Bu, Rusiya qüvvələrinə çox böyük zərbə olacaq”.

Rusiya qoşunlarının Dnepr çayının sol sahilindən çıxarılmasının elan edilməsinə baxmayaraq, Kuzanın sözlərinə görə, onların ən yaxşı quru qoşunları Xerson ətrafında qalıb və Dneprin şərq tərəfinə yerləşdirilən artilleriya cəbhə xəttinə çata bilir.

Bu arada, Xersonun azad edilməsi Ukraynaya dərhal Krıma qarşı genişmiqyaslı hücuma başlamaq imkanı verməyəcək. Bu iddianı “Bloomberg” adı açıqlanmayan Qərb rəsmisinə istinadən səsləndirir: “Ukrayna Silahlı Qüvvələrinin Krıma keçidi yarımada ilə sərhəddə möhkəmləndirilmiş müdafiə xətləri ilə əngəllənəcək”.

Öz növbəsində, Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirir ki, rus qoşunlarının Xersondan Dnepr çayının sol sahilinə geri çəkilməsi daha çox Ukrayna Silahlı Qüvvələrinin uğurlu əməliyyatlarının nəticəsidir, nəinki Ukrayna Silahlı Qüvvələri üçün ruslar tərəfindən tələ.

Amerikalı analitiklərin fikrincə, Ukraynanın avqust ayından etibarən Xerson istiqamətində həyata keçirdiyi əks-hücum əməliyyatlarə əlaqələndirilmiş kampaniyadır. Bu, rus qoşunlarını böyük qurudan hücumlara ehtiyac olmadan Dneprdən geri çəkilməyə məcbur etmək məqsədi daşıyırdı. Bu kampaniyanın uğurlu olacağı ehtimalı var.

“Rusiya qoşunlarının Dnepr çayının sağ sahilindən çıxarılması bəzi Ukrayna və Qərb mənbələrinin iddia etdiyi kimi, Ukrayna qoşunlarını Xerson yaxınlığında döyüşə cəlb etmək üçün hazırlanmış tələ ola bilməz”, - deyən amerikalı ekspertlər əmindirlər.

NATO-nun Baş katibi Yens Stoltenberq də cümə axşamı Romada İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşündə deyib ki, ruslar Xersonu tərk etsələr, bu, Ukraynanın növbəti qələbəsi olacaq.

Eyni zamanda, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixailo Podolyak “Twitter”də yazıb ki, Xersondan geri çəkilən ruslar şəhərdəki yaşayış binalarını və infrastrukturu məhv edir və Dnepr çayının sol sahilindən Rusiya artilleriyası şəhəri əzməyə davam edəcək.

“Rusiya Federasiyası Xersonu “ölü şəhər” etmək istəyir. Rusiya hərbçiləri bacardıqları hər şeyi minalayırlar: mənzillər, kanalizasiya. Sol sahildəki artilleriya şəhəri xarabalığa çevirməyi planlaşdırır. “Rus dünyası” belə görünür: gəldilər, qarət etdilər, bayram etdilər, şahidləri öldürdülər, xarabalıqları buraxdılar, getdilər”, - deyə Podolyak bildirib.

Əvvəllər Ukrayna “Telegram” kanalları Xersondakı teleqüllənin yaxınlığında partlayışlar barədə məlumat yayıb. Sonradan məlum olub ki, televiziya mərkəzinin binası və yaxınlıqdakı bir neçə bina partladılıb, teleqüllənin özü toxunulmaz qalıb. Ruslar həmçinin mobil rabitə qüllələrinin bir hissəsini partladıb və şəhəri enerjisizləşdiriblər.

Xatırladaq ki, Xerson martın əvvəlində rus qoşunları tərəfindən işğal edilib. Bu, “xüsusi hərbi əməliyyat” zamanı ələ keçirilən Ukraynanın yeganə regional mərkəzi idi. Oktyabrın əvvəlində Rusiya hakimiyyəti Xerson vilayətinin ilhaqını elan etdi. Rusiya qoşunları Dnepr üzərindən geri çəkildikdən sonra ərazisinin təxminən yarısı Ukraynanın nəzarəti altında olacaq.

Təcavüzkarın bu geri çəkilişinin əsl səbəbi nədir? Hər şey indiki şəraitdə rus işğalçıları üçün maddi-texniki təchizatın çətinliyi ilə izah olunur, yoxsa başqa bir şey var? Bəzi müşahidəçilərin düşündüyü kimi, bunun arxasında hansısa məkrli planlar dayanırmı?

AYNA-nın suallarını tanınmış ukraynalı ekspertlər cavablandırıblar.

“Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenko:

“Dnepr çayının sağ sahilindəki, o cümlədən Xersondakı rus qoşunları iki səbəbə görə geri çəkilir: Ukrayna Silahlı Qüvvələrinin güclü təzyiqi və Dnepr çayının sağ sahilindəki hərbi qrup (Ukrayna tərəfdən yüksək dəqiqliklə atəşə tutulması nəticəsində) üçün sursat və bütövlükdə təchizatla bağlı vəziyyətin kəskin pisləşməsi. Buna görə də Rusiya komandanlığı iki pis ssenari arasında çətin seçim etdi - ya Ukraynanın cənubundakı hərbi resurslarının əhəmiyyətli bir hissəsini itirmək riski ilə Xersonu müdafiə etmək, ya da Xersonun təslim olması, lakin zəruri olan hərbi resursların, xüsusən Krımın müdafiəsi üçün əksəriyyətini qorumaqla.

Xersonun təslim olması siyasi və təbliğat mənasında ağrılıdır. Və görünür, Kreml bu vəziyyətə nəzarət edə biləcəklərinə qərar verib. Lakin Xerson yaxınlığında böyük hərbi dəstəsini itirməsini Rusiya rəhbərliyi daha böyük təhlükə hesab edirdi. Kreml yəqin ki, bunun Ukraynanın cənubundakı Rusiya hərbi mövqelərini xeyli zəiflədəcəyindən və Ukrayna ordusunun Krıma yol aça biləcəyindən ehtiyat edirdi.

Buna görə də Moskva Xersonun təslim olmasını daha az ağrılı mənfi variant kimi seçdi. Eyni zamanda, onlar bu şəhərin həyat sistemlərini məhv edirlər və ümumiyyətlə, artileriya və kütləvi atəş nəticəsində onu məhv edə bilərlər. Ruslar “heç kimə qismət olmasın!” prinsipi ilə hərəkət edirlər.

Xersonda Ukrayna ordusu üçün hərbi tələlər ola bilər, ona görə də Ukrayna Silahlı Qüvvələri çox ehtiyatlı davranır. İstənilən halda, Xersonun azad edilməsi Ukrayna üçün böyük hərbi-siyasi qələbə olacaq, bu, fevralın 24-dən sonra Rusiyanın zəbt etdiyi işğal olunmuş Ukrayna torpaqlarının azad edilməsi strategiyasının həyata keçirilməsində keyfiyyət mərhələsidir. Kreml üçün isə bu, həm hərbi, həm də siyasi mənada ağır məğlubiyyət olacaq”.

Vasil Ştus Donetsk Milli Universitetinin Siyasi elm və dövlət idarəçiliyi kafedrasının professoru, siyasi elmlər doktoru Mikola Polovıy:

“Təbii ki, mən Xersonda və onun yaxınlığındakı cəbhədə baş verənlərin tam mənzərəsini görmürəm. Ancaq məlum məlumatlara və dolayı sübutlara görə, mən hesab edirəm ki, həqiqətən də qoşunların Xersondan çıxarılmasının əsas səbəbi Ukrayna artilleriyası sayəsində Dnepr çayının sağ sahilində işğalçıların maddi-texniki təminatının kökündən pisləşməsi olub. Təcrübə göstərir ki, rus işğalçıları ələ keçirə bildikləri hər şeyi götürür və onu (şəhərləri/əraziləri) ancaq saxlaya bilmədikləri halda tərk edirlər.

Həm də aydındır ki, Dneprin aşağı axarı irəliləyən qoşunlar üçün kifayət qədər çətin su maneəsidir. Bunun arxasında rus qoşunları canlı qüvvə və texnikanın doldurulmasına qədər oturacaqlarını gözləyirlər.

Eyni zamanda, Rusiya rəhbərliyinin əlavə məkrli planlarını da istisna etmək olmaz. Əvvəllər olduğu kimi, heç bir şübhə yoxdur ki, o, sağ sahildən tamamilə məcburi geri çəkilmə vəziyyətindən özü üçün maksimum fayda əldə etməyə və ya ən azı Ukrayna xalqına maksimum zərər vurmağa çalışacaq. Bəlkə də, növbəti 2-3 həftənin əsas təhlükəsi budur.

Çox güman ki, biz də rusların minalanmış infrastruktur obyektlərini partlatmasını, Rusiya işğalçı ordusunun Xersondakı humanitar mərkəzləri və digər mülki obyektləri artilleriya atəşinə tutmasını gözləyirik. Əminəm ki, ən iyrənc ssenarilərdən biri Rusiya ordusunun rəhbərliyinin masasındadır - işğalçılar tərəfindən artıq minalanmış Kaxovskaya su elektrik stansiyasının bəndinin partladılması, sonradan bənddən Dnepr ağzına qədər geniş ərazini su basması.

Məlumdur ki, raşistlər Ukraynanı bəndi dağıtmaq planlarının olması ilə bağlı qabaqlayıcı ittihamla çoxdan mediada belə bir ssenari hazırlamağa başlayıblar. Eyni zamanda, aydındır ki, bu aktın icrası qaçılmaz olaraq Kaxovskaya su anbarında suyun səviyyəsinin fəlakətli şəkildə aşağı düşməsinə gətirib çıxaracaq ki, bu da Krımın Şimali Krım kanalı vasitəsilə su ilə təmin edilməsini davam etdirməyi fiziki cəhətdən mümkünsüz edəcək. Beləliklə, hesab edirəm ki, Kaxovskaya SES-in bəndinin dağıdılması ssenarisinin həyata keçirilməsi işğalçıların Krımdan çıxarılmasına hazırlığın başlanğıcından xəbər verəcək”.

Müəllif: Rauf Orucov