Tunisdə prezident seçkiləri keçirilir

Dünya

15.09.2019 - 13:47

Qeydiyyatdan keçmiş 26 namizəddən 24-ü prezident postu uğrunda mübarizə aparır

Bu gün Tunisdə prezident seçkiləri keçirilir.  AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da səsvermə başlayıb, saat 18.00-da başa çatacaq.

Ölkədə 7 milyon səsvermə hüququna malik seçicinin səs verməsi üçün 30 min seçki məntəqəsi təşkil edilib. Dünən isə  xaricdə yaşayan 400 min tunislinin səsverməsi başlayıb və xarici ölkələrdə yaradılan məntəqələrdə səsvermə 3 gün davam edəcək.

Qeydiyyatdan keçmiş 26 namizəddən 24-ü prezident postu uğrunda mübarizə aparır. Namizədlərdən ikisi müdafiə naziri Abdel Kərim az-Zbeydinin xeyrinə namizədliyini geri götürüb. Prezident postu uğrunda əsas mübarizənin iki namizəd – mediamaqnat Nabil Karui və islamçı Əbdülfəttah Muru arasında gedəcəyi proqnozlaşdırılır.

Seçkilərin birinci turunun nəticələrinin sentyabrın 17-də açıqlanması nəzərdə tutulub. Namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamazsa, seçkilərin ikinci turu oktyabrın 13-də keçiriləcək.

Qeyd edək ki, Tunisdə növbədənkənar prezident seçkiləri son 5 ildə ölkəyə rəhbərlik etmiş Əl-Baci Qaida as-Sebsinin vəfatından sonra təyin edilib.

Müəllif: Ayna.az