Quru sərhədlərimiz niyə hələ də bağlıdır?

Aktual

22.05.2023 - 10:19

Deputat: “Bu, uzun müddət belə davam edə bilməz, mərhələli şəkildə problemin həllinə nail olmaq lazımdır”

Ekspert: “Əgər təhlükəsizlik tədbiridirsə, Gürcüstan, Ermənistan bizdən güclü ölkələrdir?!”

Məlumdur ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan quru sərhədlərini qapalı saxlayır. Pandemiya zəifləyəndən sonra əksər qadağalar aradan qalxsa da, quru sərhədlərlə bağlı məhdudiyyət hələ də aradan qalxmayıb. İyun ayında Nazirlər Kabineti yanında Operativ Qərargahın quru sərhədlərin açılması ilə bağlı qərar verəcəyi gözlənilir. İddialara görə, ilkin olaraq Azərbaycan Türkiyə və Gürcüstanla quru sərhədlərini açacaq.

Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, Operativ Qərargah mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul edir. Lakin Ş.Mustafayev sərhədlərin açılması ilə bağlı dəqiq tarix söyləməyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, sərhədlər mərhələli şəkildə açılmalıdır: “Artıq uzun müddətdir ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Bu səbəbdən sərnişinlər yalnız hava nəqliyyatından istifadə edə bilirlər. Sərhədlərin bağlanması ilə bağlı qərar koronavirus pandemiyasının şiddətli dövründə qəbul edilib. Mövcud şəraitdə isə bu infeksiya tam aradan qalxmasa da, xəstəliyin fəsadları zəifləyib, yoluxma sayı isə azdır. Faktiki olaraq əhali bu pandemiyanı arxada qoyduğunu düşünür. Məhz elə bu səbəbdən də Operativ Qərargah yumşalmalara gedilməsi ilə bağlı qərarlar verib. Xeyli pandemiya qadağası aradan qalxıb”.

“Lakin sərhədlər hələ də bağlıdır. Bu, uzun müddət belə davam edə bilməz. Mərhələli şəkildə problemin həllinə nail olmaq lazımdır. Ölkəmizdə və qonşu dövlətlərdə epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərinin mərhələli açılması ilə bağlı qərarın verilməsi məqsədəuyğun olardı”, - deyə deputat bildirib.

Onun fikrincə, birinci növbədə Azərbaycan Türkiyə və Gürcüstanla quru sərhədləri açmalıdır: “Hər iki ölkədə epidemioloji vəziyyət nəzarətdədir və Azərbaycanla strateji tərəfdaş dövlətlərdir. Bütün bunları nəzərə alaraq, Türkiyə və Gürcüstanla quru sərhədlərimizi açmalıyıq. Ardınca digər dövlətlərin də təcrübəsində bunu nəzərdən keçirə bilərik. Yəni zamanla və mərhələli şəkildə. Situasiyanı da qiymətləndirməklə təbii”.

“Unutmaq lazım deyil ki, sərhədlərin açılması iqtisadi inkişafa, turizmin tərəqqisinə, xarici səfərlərin daha ucuz başa gəlməsinə zəmin yaradacaq. Ölkəmizə təşrif buyuran turistlərin 70 faizi quru sərhədlər yolu ilə gəlir. İnanıram ki, yaxın gələcəkdə bununla bağlı Operativ Qərargah tərəfindən müvafiq qərar veriləcək”, - deyə Bayramov vurğulayıb.

İqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya şərhində söyləyib ki, quru sərhədlərin bu qədər bağlı qalması məntiqə uyğun deyil: “Elan edirlər ki, quru qərhədlərin bağlı qalması pandemiya ilə əlaqədardır. Əslində isə bu, qətiyyən belə deyil. Pandemiya ilə bağlı qərarların çoxu artıq ləğv olunub. Sərhədlərin hələ də bağlı saxlanılması məntiqsizdir”.

“İddia edirlər ki, guya, əhalinin yalnız üçdə biri quru sərhədindən istifadə edir. Bu, tamamilə absurd bir yanaşmadır. Bu, vətəndaşların konstitusion hüquqlarını pozmaqdır. Quru sərhədlər mütləq açılmalıdır, bu qadağanın rəsmi səbəb olan pandemiya ilə heç bir əlaqəsi yoxdur, digər məsələlər isə, sadəcə bəhanədir”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Əlavə edib ki, Azərbaycanda aktiv koronavirusa yoluxma sayı azdır və fəsadları daha yüngüldür: “O zaman niyə sərhədləri bağlı saxlayırlar?! Bu sualın əsaslandırılmış cavabı nədir? Bəlkə, Azərbaycan hökuməti, Operativ Qərargah buna aydınlıq gətirsin. AZAL az gəlir əldə edəcək, zatən AZAL inhisarçıdır, qazanır”.

“Məqsəd daxili turizm obyektlərinin qazanc əldə etməsidirsə, bu da absurddur. O zaman bunun sirri nədir?! Əgər təhlükəsizlik tədbiridirsə, Gürcüstan, Ermənistan bizdən güclü ölkələrdir?! Onlar sərhədlərini açıblar. Bu mövzuya məntiqi yekun vurulmalı və quru sərhədlər ən qısa zamanda açılmalıdır”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev