İctimai iaşə obyektləri bağlanır, 65 yaşdan yuxarı şəxslərin çölə çıxması qadağan edilir
İyulun 5-dən etibarən Qazaxıstan hökuməti koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkədə iki həftəlik sərt karantin rejimi tətbiq edəcək. Bu barədə AYNA Qazaxıstan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, ölkə ərazisində bölgələr arasında gediş-gəliş dayandırılacaq, şəhərlərdə ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bununla yanaşı kütləvi tədbirlərə, bərbər və gözəllik salonlarının fəaliyyətinə, kinoteatrların, ibadət yerlərinin işləməsinə qadağa tətbiq ediləcək. Küçə, park və meydanlarda üç nəfərdən artıq insanın gəzməsi, 65 yaşdan yuxarı insanların ümumiyyətlə hərəkətinin məhdudlaşdırılması gözlənilir. İşçilərin ən azı 80 faizi onlayn rejimdə işləyəcək.
Qeyd edək ki, iyunun 29-da Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev məmurlara sərt karantin tətbiq edilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb. O, məmurları koronavirusla mübarizə üzrə tapşırıqları yerinə yetirmədiklərinə görə tənqid edərək, vəziyyəti müharibə ilə müqayisə edib.
Son məlumatlara görə, Qazaxıstanda 45 min 500-dən çox insan koronavirusa yoluxub, 188 nəfər ölüb.