Qarabağda baş verənlər dünyanın gözündə: ipin ucu Kremlə aparır

Aktual

15.09.2022 - 10:15

“Moskva özünü elə aparır ki, sanki, dəniz piyadaları briqadası hələ də Dərbənddə yerləşir və Rusiyanın Cənubi Qafqazdakı vəziyyətə güclü təsir rıçaqları var - lakin Dərbənd briqadası Ukrayna torpaqlarına gömülüb”

Ölkəmizin qərb sərhədləri yaxınlığında son günlərdə baş verənləri necə qiymətləndirmək məsələsi çoxlarını düşündürür. Təbii ki, bu, Azərbaycan vətəndaşlarını narahat edir. Bakının rəsmi versiyasına görə, bütün bunlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində genişmiqyaslı təxribatlarının nəticəsi olub.

Baş verənlərlə bağlı fikirlər necədir? Niyə bunlar baş verir? Hansı faktorlar buna səbəb oldu? Bəlkə, baş verənlər hansısa regiondan kənar qüvvələrin maraqları ilə bağlıdır?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Ukraynalı politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov:

“Bu, Ermənistan hakimiyyətinin 44 günlük müharibənin nəticələri ilə bağlı mövqeyinin dəyişməsi ilə təhrik edilən birdəfəlik aksiyadır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını uzatmağa çalışan İrəvan öz qüvvələrini düz hesablamayıb.

Mənə elə gəlir ki, rəsmi Bakı genişmiqyaslı hərbi əməliyyatların bərpasında maraqlı deyil, çünki bu, İrəvanın Moskvadan asılılığını daha da artıracaq. Amma indi məhz Moskva Ermənistanın siyasi isteblişmentindəki müştəriləri vasitəsilə həlli ləngitmək və sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün əlindən gələni edir.

Nəticədə Ermənistan təmsilçilərindən əvvəlki razılaşmalara birbaşa zidd mesajlar eşidilir. Problem ondadır ki, Moskva (və onun İrəvandakı müştəriləri) özünü elə aparır ki, sanki tam hüquqlu dəniz piyadaları briqadası hələ də Dərbənddə yerləşir və Rusiyanın Cənubi Qafqazdakı vəziyyətə güclü təsir rıçaqları var.

Lakin Dərbənd briqadası Ukraynanın qara torpaqlarında yatır, onu Ukrayna tankları torpağa gömüb. Bu vəziyyətdən yalnız bir çıxış yolu var: Cənubi Qafqazda region dövlətləri arasında dialoq və əməkdaşlıq əsasında sülh yaratmaq”.

Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:

“Ənənəvi olaraq, bu vəziyyətin ABŞ üçün sərfəli tərəflərini qeyd etmək lazımdır - hazırkı eskalasiyanın Moskva ilə Bakı arasında ziddiyyətləri artıra biləcəyi gözləntiləri, o cümlədən Ermənistanda Rusiya və KTMT-nin tənqidi, Türkiyə və İranda isə narahatlıq.

Bununla belə, nəzərə almaq lazımdır ki, hazırda Vaşinqtonun dünyanın digər regionlarında onun diqqətini yayındıracaq çoxlu problemləri var. ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin ölkəsinin Azərbaycanla Ermənistan arasındakı sərhəddəki vəziyyətdən “dərin narahat olduğunu” və “hər hansı bir hərbi əməliyyatı dərhal dayandırmağa” çağırdığını bildirməsi istənilən böyük dövlətin özünü rəsmi olaraq uzaqlaşdırmaq istədiyi münaqişəyə standart reaksiyasıdır.

Doğrudan da, amerikalı diplomat “Ermənistan ərazisində yaşayış məntəqələrinə və mülki infrastruktura hücumları” vurğulayıb. Lakin sentyabrın 13-nə olan vəziyyətə görə, Vaşinqton münaqişə tərəflərinə ciddi təzyiq göstərməkdənsə, gözləməyi üstün tutur.

Çox güman ki, yaxın gələcəkdə Amerika tərəfi həm Bakının, həm də İrəvanın gözləntiləri üzərində oynamağa çalışacaq, onlara ziddiyyətli siqnallar göndərəcək. Beləliklə, Vaşinqton ciddi öhdəliklər götürməyərək, manevr imkanı qazanmağa çalışacaq”.

Gürcüstanlı politoloq, Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev:

“İndiki eskalasiya, məncə, kommunikasiyaların açılması və ölkələr arasında sazişin imzalanması ilə bağlı uzanan danışıqlar prosesinin nəticəsidir. Qarabağ müharibəsindən sonra nizamlanma prosesinin ləng gedəcəyi, amma ölkələrin ən azı iqtisadi məsələlərdə irəliləməyə başlayacağı hissi və ümid var idi. Bunlar baş vermədi.

Bütün danışıq formatları heç nə ilə bitmir. Dəhlizlərin açılması məsələsinin həlli yoxdur. Heç bir kompromis yoxdur. Azərbaycan Ermənistanı qərar qəbul etməyə sövq etmək üçün alət kimi məhz hərbi təzyiqi seçir. Belə olan halda hər şey ermənilərin və azərbaycanlıların öz əlindədir.

Bircə onu deyə bilərəm ki, Rusiyanın təcavüzü nəticəsində minlərlə insan həlak olduğu müharibənin dəhşətlərinə baxanda və bütün dünya Ukraynadan olan qaçqınlara necə kömək etməyi, manyakları dayandırmağı düşünəndə, müharibə və ölüm istisna olmaqla, hər hansı digər bir həll yolu axtarmalıyıq. Bunun üçün bütün variantları sınamaq lazımdır”.

Müəllif: Rauf Orucov