“Müddətli həqiqi hərbi xidmətdən imtina edə bilmərik” – <font color=red> DEPUTAT</font>

Aktual

12.12.2020 - 10:31

Arzu Nağıyev: “Müqaviləli ordu sisteminə keçmək gələcəyin işidir”

 

“Azərbaycan Ordusunun Vətən müharibəsində keçirdiyi uğurlu əməliyyatlar bir sıra xarici dövlətlərin orduları tərəfindən öyrənilir. Burada əsas məsələ müasir texnikadan istifadə ilə bağlıdır. Hər bir ölkənin ordu quruculuğunda qarşısında dayanan vəzifə hərbi texnikanı peşəkarcasına istifadə edə bilən kadr bazasının yetişdirilməsidir. Azərbaycan Ordusunda istər artilleriyaçılar qrupu, istər quru qoşunları, istərsə də Xüsusi Təyinatlı Qüvvələr olsun - onların hamısının kordinasiyalı təşkili nəticəsində uğurlu əməliyuyatlar aparıldı. Müharibədə əsas taktikadır, strategiyadır və döyüş bacarığını ortaya qoya bilən şəxsi heyətdir. Bunların hamısının vəhdəti nəticəsində qələbə qazanılır”.

 

Bu sözləri AYNA-ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib. Millət vəkili Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin inkişafı istiqamətində atılmalı olan addımlardan danışıb.

Arzu Nağıyev: Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin  yaradılması vaxtında verilmiş qərardır

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan Ordusunda müəyyən dəyişikliklərin vacib olduğu haqqında fikirlər səslənir. Ekspertlər hesab edirlər ki, Vətən müharibəsi həm də onu üzə çıxardı ki, daha az şəxsi heyətlə komplektləşdirilmiş peşəkar ordu dəstələrinin yaradılmasına daha çox üstünlük verilməlidir. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) timsalında demək olar ki, peşəkar dəstələrin keçirdiyi hərbi əməliyyatlar daha səmərəli və yüksək nəticə verir.

 

Ali Baş Komandan, Prezident İlham Əliyev də müharibə zamanı keçirdiyi hərbi müşavirədə ordumuzun daha müasir, yeni şəraitə uyğun inkişafı haqqında fikirlərini bildirmişdi. Eyni zamanda, Prezident qeyd etmişdi ki, silah alınması istiqamətində də müasir texnikalara üstünlük verilməsi günün tələbinə çevrilib.

 

A.Nağıyev toxunulan məsələlərin zəruriliyini sadalamaqla yanaşı, qeyd edib ki, bəzi ölkələr var, ordusunda ən müasir silahlar mövcuddur, amma ondan istifadədə tam nəticə qazana bilmirlər: “Məsələn, ABŞ Vyetnam müharibəsində ən son model silahlardan istifadə etdi. Amma tam qələbəyə nail ola bilmədi. Deməli, texnika ilə yanaşı, orduda əsas komponentlərdən biri də müharibəyə psixoloji hazırlıq və şəxsi heyətdə ruh yüksəkliyinin vacibliyidir. Ona görə də düşünürəm ki, təkcə texniki təchizat da qələbəni şərtləndirmir. Azərbaycan Ordusunda ruh yüksəkliyi və vətənpərvər hisslər güclüdür. Eyni zamanda, müasir texnikadan istifadə də yüksək səviyyədədir”.

 

“Azərbaycanın Ali Baş Komandanı çıxışlarında dəfələrlə bildirib ki, ordumuz modernləşməlidir. Həm səhrada, həm dağda, həm düzdə, yəni, bütün vəziyyətlərdə peşəkar əməliyyat apara bilən orduya malik olmalıyıq. Hesab edirəm ki, bu istiqamətdə mühüm addımlar atılıb. Bu gün Azərbaycanın NATO standartlarına uyğun kadr potensialı var, həmçinin, Rusiya, Türkiyə və digər hərbi məktəbləri keçmiş hərbçilərimiz var. 44 günlük Vətən müharibəsi bir daha ordumuzun gücünü, səviyyəsini göstərdi. Nəyimiz var, nəyimiz yoxdur, güclü tərəfimiz nədir, harda zəiflik var, hamısını öyrənə bildik”, - deputat bildirib.

 

Nağıyev söyləyib ki, ordumuzun yenilənməsi, komplektləşdirilməsi işləri bundan sonra da davam edəcək: “Düşünürəm ki, əməliyyatlar tam şəkildə analiz olunacaq, analizin nəticəsi ortaya qoyulacaq və nələrin dəyişməli olduğu gündəmə gələcək. Əlbəttə, inkişafa doğru addımlar atılmalıdır. Dünya dəyişir, döyüşlər günü-gündən formasını dəyişir. Biz də ordumuzu müasir standartlara uyğunlaşdırmalıyıq, inkişaf etdirməliyik. Bəli, bizim güclü ordumuz var. Gücümüzün daha da artırılması istiqamətində strategiya müəyyənləşəcək, addımlar atılacaq”.

 

Ənənəvi hərbi xidmətə çağırış, şəxsi heyətin sayında azaldılmalar məsələsinə gəldikdə isə, Milli Məclis üzvü bildirib ki, peşəkar ordu dəstələrinin yaradılması vacib və günün tələbidir: “Amma indiki məqamda müddətli həqiqi hərbi xidmətdən imtina etmək də düz deyil. Biz hazırda müqaviləli ordu sisteminə keçmirik. Ona görə çağırışçılar da olmalıdır. Çağırışçılar gələcəyin ehtiyat qüvvələridir, könüllüləridir. Onlar hərbi xidmətdə olarkən bir çox təlimlərə qatılırlar. Əsgərlik müddətindən sonra ehtiyata buraxılırlar. Müharibə vəziyyətində onların xidmətindən yararlanılır. Müqaviləli ordu sisteminə keçmək gələcəyin işidir”.

Müəllif: Anar Bayramoğlu