“Putin Paşinyanı devirsə, ruslar Qarabağı tərk edəcəklərmi? – Xeyr!”

Siyasət

19.09.2023 - 16:35

Azər Qasımlı: “Azərbaycana hansı Ermənistan lazımdır: Rusiyanın satelliti, yoxsa Qərbin müttəfiqi?”

Belə görünür ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bilərəkdən Rusiyaya qarşı çıxmaq qərarına gəlib. Bugünlərdə o, İtaliyanın “La Republica” nəşrinə müsahibə verib və burada səsləndirdiyi fikirlər Moskvanın ən yüksək səviyyədə qəzəbinə səbəb olub, bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Paşinyana qarşı pisləyici bəyanat yayıb.

Sonra eyni tipli ikinci müsahibə gəlib - Amerikanın “Politico” qəzetinə. Paşinyan burada deyib ki, Rusiya sülhməramlıları Qarabağda öz vəzifələrinin öhdəsindən gələ bilmədiklərindən regionda təhlükəsizlik vəziyyəti sürətlə pisləşir.

Ermənistanın Baş naziri hesab edir ki, əslində sülhməramlılar 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatla qarşıya qoyulan vəzifələri yerinə yetirməkdən geri çəkiliblər: “Bu, ilk növbədə, Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınmasına. Bütün bunlar Rusiya sülhməramlılarının məsuliyyəti olmalı idi, lakin onlar öz missiyalarını yerinə yetirə bilmədilər”.

Paşinyanın sözlərinə görə, bütün bunlar Rusiyanın regionda təsirinin azalmasının nəticəsidir: “Ermənistan Rusiyaya arxalanmadan öz suverenliyini gücləndirməlidir. Biz müstəqil ölkəyə, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərb ilə Şərq, Şimal ilə Cənub arasında toqquşmalara qapılmamaq üçün yollarımız olmalıdır”.

“Rusiya Türkiyə və Azərbaycanla əməkdaşlıqda maraqlıdır və onlarla münasibətləri korlamaq istəmir. Ukrayna ilə müharibə başlayandan sonra isə Rusiyanın Türkiyə və Azərbaycandan asılılığı daha da artıb”, - deyə erməni hökumət başçısı vurğulayıb.

Əlbəttə, maraqlıdır, son vaxtlar Paşinyanın Rusiyaya qarşı ritorikasının sərtləşməsinə nə səbəb olub? Doğrudanmı, o, Ermənistanı Rusiya Federasiyasından mümkün qədər uzaqlaşdırmaq üçün hər cür səy göstərmək müqabilində bəzi Qərb dövlətlərindən özü və ölkəsi üçün müəyyən müdafiə zəmanətləri alıb?

Məsələn, o, Gömrük İttifaqı, KTMT kimi kremlpərəst təşkilatlardan gedəcək, sonra da, Rusiyanın Gümrüdə uzunmüddətli hərbi bazasının olması ilə bağlı razılaşmanı pozacaq, Rusiyadan qurtulacaq...

Təbii ki, vəziyyətin belə inkişafı Cənubi Qafqazın bütün ölkələri üçün faydalı olardı, amma Kreml bununla barışacaqmı? Axı Moskvadan hər şey, hətta Nikolun həyatına qəsd də gözləmək olar.

Baş verənləri AYNA-ya Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı şərh edib:

“Son vaxtlar Paşinyanın Qərbə doğru real addımları müşahidə ediliri və bu, təkcə Ermənistanın Baş nazirinin ritorikasından ibarət deyil. Müşahidə etdiyim bəzi məqamları qeyd etmək istərdim:

  1. Ermənistanın birinci xanımının Kiyevdə keçirilən forumda iştirakı;
  2. Ermənistan-ABŞ birgə hərbi təlimləri;
  3. Azərbaycanla sərhəddə Avropa İttifaqının missiyasının olması;
  4. Ermənistanda bütün Qərb fondlarının olması;
  5. Ukrayna məsələsi ilə bağlı BMT-də Rusiyanın əleyhinə səsvermə;
  6. Ermənistanın ratifikasiya edəcəyi Roma Statutu.

Azərbaycanın ərazi bütövlüyünün tanınması da Paşinyanın Rusiyadan, Putindən ayrılmaq istəyinə dəlalət edir. Azərbaycana hansı Ermənistan lazımdır: Rusiyanın satelliti, yoxsa Qərbin müttəfiqi?

Azərbaycan özü hansı yolu seçir? Avtoritar Rusiyanın müttəfiqinin yolu, yoxsa demokratik inkişaf yolu?

Əgər sual təkcə Qarabağdan gedirsə və ölkənin inkişafının özünün bu məsələyə heç bir aidiyyəti yoxdursa, gəlin bu suala cavab verək: əgər Putin Paşinyanı devirə və Ermənistanı öz qanadı altına qaytara bilsə, Rusiya sülhməramlıları Qarabağı tərk edəcəkmi? Rusiya Qarabağı real olaraq, Azərbaycan ərazisi kimi tanıyırmı? Cavabım: xeyr!

Bəs Ermənistan KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxsa, Rusiya Qarabağı tərk edəcəkmi? Cavabım, yenə də xeyrdir.

Ancaq bir “amma” var. Rusiyanı Cənubi Qafqazdan yola salmayana qədər, Moskva buranı tərk etməyəcək. Bunu isə ancaq Qərb və Ukraynanın döyüş meydanında qələbəsi edə bilər.

Rusiya Ermənistanın Baş nazirini vəzifəsindən uzaqlaşdırmaq istəyirmi? Şübhəsiz ki, bütün hay-küy buna görədir. Hətta düşünürəm ki, bu məsələdə hər şey kulminasiya nöqtəsinə çatır.

Eyni zamanda, Azərbaycan Rusiyanın bunu edəcək alətinə çevrilməməlidir. Bu, ölkəmizin milli maraqlarına cavab vermir. Paşinyan, təbii ki, mələk deyil. Amma, hələ ki, Ermənistanda bizim üçün bundan yaxşı siyasətçi yoxdur.

Qarabağla bağlı əsas problemli sual: Rusiya sülhməramlılarını kim əvəz edəcək? Əgər biz beynəlxalq sülhməramlı kontingentlə razılaşsaq, onda nə edə bilərik? Ya Qarabağda antiterror əməliyyatı keçirməliyik (ölkə hakimiyyəti bunu etməyəcək, çünki başqa bir “miloşeviçlər”ə çevrilmək riski var), ya da Qərbin demokratik tərəfdaşı olub, Brüssel danışıqları trekində məsələləri həll etməliyik”.

Müəllif: Rauf Orucov