“Gürcüstan problemə laqeyd yanaşmağa davam edərsə, Azərbaycanla münasibətləri korlana bilər"

Siyasət

16.07.2019 - 10:08

İlqar Vəlizadə: "Bu insidentlərə Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasında maraqlı olan xarici qüvvələr də qarışa bilər"

 

“Müşahidələr onu göstərir ki, Keşikçidağla bağlı vəziyyət dəyişməz olaraq qalır. Gürcüstan vətəndaş cəmiyyətinin bəzi nümayəndələri hələ də destruktiv mövqelərində dururlar. Təəssüflər olsun ki, bu təhlükəli mövqeyə, daha doğrusu, problemli məsələyə Gürcüstanın səlahiyyətli orqanları laqeyd yanaşır. Hərçənd ki, burada müxtəlif təxribatçı hallar baş verə bilər və ara-sıra baş verir”.

 

Bunu AYNA-ya Keşikçidağda baş vermiş insidenti şərh edərkən, politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, məsələyə diqqətlə yanaşılmalıdır: “Görünür ki, Gürcüstan tərəfindən bu məsələyə lazımi diqqət ayrılmır. Keşikçidağ Azərbaycanla Gürcüstanın sərhəd zonasıdır. Orada sərhədçilər fəaliyyət göstərir və həmin sərhədçilərin fəaliyyətinə həm Azərbaycan, həm də Gürcüstan tərəfindən heç kəs qarışmamalıdır. Ora xüsusi mühafizə zonasıdır və orada hər hansı hadisə baş versə, ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək".

 

"Azərbaycan tərəfindən belə xoşagəlməz hadisələr baş vermir, Azərbaycan ictimaiyyətinin nümayəndələri hər hansı təhlükəli addımlar atmır. Ancaq Gürcüstan tərəfinə belə imkanlar daha çox yaradılır. Nəticədə də belə xoşagəlməz hadisələr baş verir", - deyə politoloq vurğulayıb.

Картинки по запросу İlqar vəlizadə

İ.Vəlizadənin fikrincə, belə hallar Gürcüstanın səlahiyyətli orqanlarının başısoyuqluğunun, səriştəsizliyinin əlaməti də ola bilər: “Çünki son vaxtlar Gürcüstanda təxribatların sayı çoxalıb. Düşünmək olar ki, Gürcüstan tərəfi bu təxribatların qarşısını almaq üçün lazımi tədbirlər görmür. Digər tərəfdən, müəyyən siyasi qüvvələr var ki, vəziyyəti qarışdırmaq və bundan siyasi dividend kimi istifadə etmək istəyirlər. Gələn il Gürcüstanda parlament seçkiləri baş tutacaq. Çalışırlar ki, ucuz spekulyasiyaların əsasında özlərinə reytinq qazansınlar”.

 

Müsahibimiz hesab edir ki, bu insidentlərə Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasında maraqlı olan xarici qüvvələr də qarışa bilər: "O zaman kiçik insidetlər böyük insidentlərə, ölkələr arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər”.

 

Politoloqun qənaətincə, burada Bakı-Tibilisi-Qars dəmiryol xətti amili də rol oynaya bilər: “İl ərzində Bakı-Tibilisi-Qars dəmiryol xəttinin yükü artırılıb. Bu, strateji dəmiryol xəttinə Azərbaycan, Gürcüstan və Türkiyədən əlavə, digər oyunçular - İran və Rusiya maraq göstərir. Eyni zamanda bu ilin axırına qədər Cənub Qaz Dəhlizi layihəsi bitir, Azərbaycan qazı Avropaya gedəcək. Yenə də burada açıq-aşkar görünür ki, sərhəddə olan prblemlər qabarıq şəkildə inkişaf etsə, bu, layihələrə də mənfi təsir göstərəcək. Bunda maraqlı olan tərəflər var və həmin tərəflər bizə bəllidir”.

 

İlqar Vəlizadənin sözlərinə görə, Gürcüstan hökuməti özü bu məsələyə bu cür başısoyuq yanaşsa, bu insidentlər böyüyə bilər: "Həmçinin digər maraqlı tərəflər bu vəziyyətdən öz xeyrinə istifadə edə bilər. Yəqin ki, yaxın vaxtlarda bu insident hər iki ölkənin rəsmi orqanlarının diqqət mərkəzində olacaq. Yəqin ki, daha çox Gürcüstan tərəfi bu insidentlərin baş verməməsi üçün səylər göstərəcək, Azərbaycan tərəfi də Gürcüstana mesajlar verəcək”.

 

“Belə vəziyyətdə cəmiyyətin nümayəndələrinə müraciət etmək lazımdır ki, təxribata yol verməsinlər. Təxribatın böyüməsi üçün destruktiv qüvvələrə imkan verilməməlidir. Azərbaycan tərəfi bu məsələyə çox təmkinli yanaşır, təxribatlara yol vermir, yəqin ki, Gürcüstan tərəfi də buna çalışır. Ümid edirəm ki, bu insident böyüməyəcək” – deyə həmsöhbətimiz əlavə edib.

 

Qeyd edək ki, 14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. 

Müəllif: Rumiyyə Miraslan