“Prezident Administrasiyasında struktur dəyişklikləri baş verə bilər”

Siyasət

21.06.2019 - 13:40

Azər Rəşidoğlu: “Yayılan məlumatlara görə, nazirlik əməkdaşlarına və deputatlara paytaxtı tərk etmək qadağan edilib

 

“Hazırda məni bir sual düşündürür: Elmar Məmmədyarov cənab Boltondan hansı mesajları gətirəcək? Hər kəs bu mesajları gözləyir. Birmənalı şəkildə qeyd edirəm ki, söhbət Qarabağdan getmir, Moskva ilə münasibətlərdən və İranla münasibətlərdən gedir”.

 

AYNA xəbər verir ki, bu fikirləri politoloq Azər Rəşidoğlu öz “Facebook” səhifəsində paylaşıb. Qeyd edib ki, E.Məmmədyarovun ABŞ-a səfəri əsnasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında görüş olub.

 

“Bu görüşdə də söhbət İrana qarşı ABŞ-ın atacağı addımlardan getdi. Elə bu arada Gürcüstanda ara qarışdı və açıq anti-Rusiya ritorikasına keçildi. O da maraqlıdır ki, məlumatlara görə, İlham Əliyev Minskə səfərdən, Avropa Oyunlarında iştirakdan imtina edib. Yenə məlumatlara görə, nazirlik əməkdaşlarına və deputatlara paytaxtı tərk etmək qadağan edilib” – deyə Rəşidoğlu yazıb.

 

Politoloq struktur dəyişikliklərinin davam edəcəyini düşünür: “Zənnimcə, bir sıra nazirliklərdə ciddi dəyişikliklər baş verə bilər. Prezident Administrasiyasında da struktur dəyişkliyi ola bilər, yəni şöbələr yenidən formalaşdırla bilər. Bəzi şöbə rəhbərləri yalnız köməkçi qala bilər, yeni şöbə müdiri təyinatı da istisna edilmir”.

 

“Bu arada xaricdəki müxalif medianın susqunluğu maraq doğurur. Görünür, təlimat gözləyirlər” – siyasi şərhçi əlavə edib.

Müəllif: Ayna.az