Pedaqoq(ika) ilə şagird arasındakı qarşıdurma

Cəmiyyət

23.01.2021 - 20:08

Həkimlər Klinikalar SEO Xidməti

Şalva Amanaşvili deyir ki, bugünkü şagirdin beyninin inkişafı ilə müqayisədə pedaqogika elmi çox geridə qalıb

 

Bu günlərin söhbətidir. Pandemiya ucbatından məktəblərdə dərslər onlayn keçirilir axı. Hə, həmin onlayn dərslərdən birində belə bir hadisə olub. İbtidai sinfin müəllimi onlayn dərsə yubanıb, indi ya vəlvələdən, ya zəlzələdən müəllim dərsə gec qoşulub. Uşaqlar da onlayn sinifdə yığışıb müəllimi gözləyəndə öz aralarında müəllimin yubanma səbəbləri barədə laf ediblər. 

 

Kimsə qayıdıb ki, hava dumanlıdır, yəqin müəllim dumana düşüb, yolu azıb. Təbii ki, uşaq öz aləmində yoldaşlarına zarafat edib, onsuz da müəllim evdən onlayn qoşulursa, təbii ki, onun dumana düşməsi mümkün deyil. Məsələnin maraqlı tərəfi də elə budur, ona görə zarafat edilib.

 

Uşağın ağzından söz çıxan anda müəllim dərsə qoşulub və bu sözü eşidib. “Onu kim idi deyən, hansı tərbiyəsiz idi?”, - deyə müəllim onlayn “hücuma keçib” uşaqlara qarşı. Heç kim o sözü kimin dediyini söyləməyib. Müəllim sinfin fəallarından birinə acıqlanıb ki, sən də o sözə gülürdün, nəyə gülürdün?

 

Həmin fəalın nənəsi də onlayn müşahidə aparırmış, tez müəllimin sözünü ağzında qoyub: “Müəllim, o, gülə bilər, uşaqdır, amma sözü o deməyib”.

 

Müəllim nənənin “hücumundan” ehtiyatlanıb dərhal “yaxşı, bildik”, - deyə “geri çəkilib”.

 

Əlqərəz, söhbət o qədər böyüyüb ki, sinif rəhbərinə şikayət gedib, o da qoşulub dərsə, daha doğrusu, dərs əvəzinə gedən “razborkaya”. Sinif rəhbəri deyib ki, müəllim, o uşağın əvəzindən mən sizdən üzr istəyirəm, kimliyini də soruşmayın. Uşaqdır, bilməyib, indi anası mənə zəng elədi ki, dərsə qoşulmağa qorxur, çox peşmandır, ağlayır. Müəllim sinif rəhbərinin bu xahişindən və üzründən sonra yumşalıb, dərsin son beş dəqiqəsini dərs keçib.

 

İbtidai sinif rəhbərinin bu addımı ona qarşı rəğbət yaratdı məndə, düşündüm ki, şükür, elə müəllimlərin (caynağından demək istəmədim) əlindən uşaqları alacaq belə müəllimlərimiz var, yoxsa necə olardı uşaqlarımızın taleyi...

 

Dünyada humanist pedaqoqikanın olmasını və olmalı olduğunu sübut edən pedaqoq Şalva Amanaşvili deyir ki, bugünkü şagirdin beyninin inkişafı ilə müqayisədə pedaqogika elmi çox geridə qalıb: “Və təhsil müəssisələrində, xüsusən postsovet məkanında şagirdlə pedaqoqikanın qarşıdurması yaranır. Bundan ən çox əziyyəti şagirdlər çəkir, valideyinlər isə bunu hiss edir, başqa heç nə edə bilmirlər”.

 

Söhbətin məğzi odur ki, pedaqoq bu gün öz şagirdindən geri qaldığı üçün ona təhsil verməyi bir yana, onda olanı da məhv edir. O uşaq bir daha öz fikrini izhar etməyəcək, qorxacaq, çəkinəcək, içinə qapanacaq, ən yaxşı halda. Ən pis halda da qorxaq və yaltaq olacaq. Halbuki, heç bir problem yaratmadan, uşağın zarafatla dediyi fikri interaktiv oyuna çevirmək olardı.

 

Məsələn, “hə, uşaqlar, heç təsəvvür etməzdiniz, necə bir dumana düşmüşdüm və nələrlə rastlaşdım. Sizcə, dumana düşəndə adam nələrlə rastlaşa bilər?”, - deyə hər uşağın bir kəlmə fikrini alıb həm ortamı yığardım, diqqətlərini cəlb edərdim, həm də uşaqlarda düşünmə, fantaziya, hekayə qurmaq kimi keyfiyyətlər formalaşdırardım. Bax, budur pedaqoqika, pedaqoji yanaşma…

 

Bir də üstünə sevgi gəlsə, müəllim peşəsini, millətini-uşağı sevsə, pedaqoq(ika) ilə şagird arasında qarşıdurma heç zaman yaranmaz...

 

Ramilə Qurbanlı

Xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş