Vaşinqtonun hədəfləri var: Tramp Şaraa ilə görüşərək dünyaya mesaj verdi
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb. Görüş hər iki liderin səfər çərçivəsində olduğu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib. Sözügedən görüşün detalları ictimaiyyətə açıqlanmasa da, müzakirə edilən əsas məsələlərin Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti, Suriyada keçid dövrü və beynəlxalq əməkdaşlıqla bağlı olduğu güman edilir. Əl-Şaraa uzun müddət beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan bir fiqur olaraq qalsa da, bu görüş onun legitimlik qazanmaq istiqamətindəki mümkün addımı kimi dəyərləndirilir.
Bu, Trampın Yaxın Şərqdə yeni və səs-küylü addımı kimi qiymətləndirilir. Şaraa illər uzunu qlobal terroçu kimi kimi tanınıb. Tramp isə keçmiş cihadçı ilə əl sıxıb, gülümsəyərək kamera qarşısında çay içib. ABŞ lideri Şaraanı “cavan, yaraşıqlı və güclü keçmişi olan böyük biri” adlandırıb. Tramp keçmiş cihadçını “hər şeyi yoluna qoyacaq şəxs” kimi tərifləyib.
Xarici ekspertlər bildirir ki, Tramp açıq şəkildə Şaraanın liderliyini dəstəkləyir və Suriyaya qarşı onilliklərdir mövcud olan Vaşinqton sanksiyalarını ləğv edir və bir jestlə dünya ictimaiyyətinə mesaj göndərir.
Analitiklərin qənaətincə Trampın bu addımlarının səbəbi stratejidir. Bildirilir ki, Tramp bu addımı ilə regionda Rusiya və İranın mövqeyini sarsıtmaq, Çin investisiyalarına qarşı ABŞ investisiyalarına yol açmaq, eyni zamanda, Səudiyyə Ərəbistanı ilə Türkiyənin bölgədəki mövqeyini gücləndirmək istəyir. Ekspertlər hesab edirlər ki, Suriyadakı yeni hökumət Vaşinqton üçün həm yeni iqtisadi fürsət, həm də siyasi gedişlər üçün tarixi şansdır. Belə ki, ABŞ Suriyanmın 400 milyardlıq bərpa planında Amerikanın aparıcı rol oynamasında, bölgədə yenidən lider statusu qazanmasını hədəfləyir.
Digər tərəfdən, “Anadolu” agentliyi bildirir ki, daha geniş formatda onlayn görüş də keçirilib. Bu virtual sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Suriya keçid dövrü Prezidenti Əhməd əl-Şaraa iştirak ediblər. Onlayn formatda keçirilən bu yüksək səviyyəli danışıqlarda regional təhlükəsizlik, enerji təhlükəsizliyi, humanitar yardım və Suriyanın gələcək idarəetmə modeli kimi mövzuların əsas müzakirə predmeti olduğu bildirilir.
Analitiklər pərdəarxası narahatlıqları da qeyd edirlər. “Reuters” yazır ki, keçmiş cihadçı rejimin insan azadlıqlarına yanaşması hələ də sual altındadır. Trampın mesajı isə aydındır: əgər bir terrorçu keçmişini arxada qoyub ABŞ-la işləmək istəyirsə, Vaşinqton ona şans verir. Bu həm Vaşinqtonun praqmatik yanaşması, həm də Trampın razılaşma ustası olmasının nümayişidir. Ekspertlər hesab edirlər ki, bu, Tramp üçün təkcə Suriyada deyil, ümumilikdə Yaxın Şərqdə yeni düzən yaratmaq cəhdidir. Xarici media yazır ki, masanın bir tərəfində oturan ABŞ lideridirsə, digər tərəfində oturan keçmiş cihadçıdır və davam edir: “Tarix belə ironiyalarla zəngindir. Bir vaxtlar terrorçu damğası ilə axtarılan, başına on milyon dollar vəd edilən şəxs, indi sabitliyin ümidinə çevrilib.