“Əməkhaqqı fondu olmayan kiçik kommersiya, qeyri-kommersiya təşkilatları var ki, onlar bu halda işçisinin pulunu ödəyə bilmir”
Xəbər verdiyimiz kimi, sentyabr ayının 28-də Azərbaycanda hərbi vəziyyət, eyni zamanda da qismən hərbi səfərbərlik elan olundu. Artıq bir neçə gündür ki, ehtiyatda olan hərbi vəzifəlilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlim toplanışlarına cəlb edilirlər.
Çağırılanlar arasında işləyənlər də var. Həmin şəxslər çağırış əsasında təlim toplantılarına cəlb edildiyi halda, iş yerləri və əməkhaqlarının saxlanılıb-saxlanılmaması maraq doğurur. AYNA mövzu ətrafında ekspertlərlə həmsöhbət olub.
Sosial hüquq və əmək qanunvericiliyi eksperti Ruslan Hümbətovun sözlərinə görə, Əmək Məcəlləsinin 179-cu maddəsinin “g” bəndinə əsasən, hərbi və xüsusi toplanışlara çağrılan şəxslərin iş yerləri saxlanılır, orta əməkhaqqı isə Əmək Məcəlləsinin 177-ci maddəsi üzrə hesablanır. Belə ki: Maddı 179. İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar: g) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda.
Ekspert işçinin hansı müddətə çağırışda olmasından asılı olmayaraq, onun bu halda işdən çıxarılmış olub-olmaması ilə bağlı qaranlıq qalan məqama da aydınlıq gətirib: “Bilirsiniz, bunu bəzən səhv salırlar, çünki gələn çağrış (bildiriş) vəsiqələrində “orta əməkhaqqı saxlanılmaqla işdən azad edilir” yazıldığı üçün, işəgötürən və həmkarlar elə başa düşür ki, işçini işdən azad etmək lazımdır. Artıq bununla bağlı mənə bir neçə şirkətdən suallar da gəlib. Bu barədə onu deyə bilərəm ki, yalnız Əmək Məcəlləsinin 68 və 74-cü maddəllərində nəzərdə tutulduğu kimi, tərəflərin iradəsindən asılı olmayan hal olaraq – işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda - işçinin əmək müqaviləsinə xitam verilir. Toplanışa çağırılmış işçilərin isə işdən azad edilməsi qanunla qadağandır”.
“Toplanışa deyil, hərbi xidmətə çağırılan şəxslərlə bağlı isə Əmək Məcəlləsinin 74-cu maddənin “a” bəndi və 68-ci maddəsinə əsasən, həmin şəxslərin əmək müqaviləsinə xitam verilir. Burada söhbət birbaşa hərbi xidmətə çağırılanlardan gedir. Bu zaman da son haqq-hesabdan başqa, minimum ikiqat müavinət hesablanır. Bu zaman müavinət daha çox da ola bilər”, - Hümbətov bildirib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov da qeyd edib ki, “Hərbi vəzifə və hərbi qulluqçular haqqında” Qanuna görə, toplantıya çağırılmış şəxslər iş yerləri saxlanılmaqla işdən azad edilirlər: “Həmin qanunun 52-ci maddəsi ilə toplanışlara çağırılmış hərbi vəzifəlilərin maliyyə və maddi təminatı haqqında belə deyilir: “52.1. Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda, toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquqi varisi tərəfindən ödənilir. 52.2. Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir””.
Ekspertin sözlərinə görə, əməkhaqqı fondu olmayan kiçik kommersiya, qeyri-kommersiya təşkilatları var ki, onlar bu halda işçisinin pulunu ödəyə bilmir və məsələnin bu tərəfi açıq qalır: “Özəl strukturlar, QHT-lərdə işləyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin işçiləri bu halda məvacibini haradan alacaq? Tutaq ki, filankəs QHT-də layihə üzərində işləyir. Lakin həmin şəxs hərbiyə çağrıldığına görə gedir və layihə də tamamlanır. Bəs, həmin şəxsin pulunu kim verəcək? Və yaxud da kimsə fiziki şəxsin yanında və ya MMC-də işləyir. Onun işlədiyi yerin əməkhaqqı fondu yoxdursa, bu halda necə olacaq? Yaxşı olardı ki, bu hallarda qanunvericilikdə nəzərdə tutulsun ki, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir və həmin maddədə də pulu ödəyəcək müvafiq qurum qeyd edilməlidir”.