Konstitusiya Məhkəməsindən sensasion qərardad

Cəmiyyət

13.12.2019 - 11:50

Bankların xeyrinə misilsiz biabırçılıq: Bundan o tərəfi artıq yoxdur

 

Oktyabrın 11-də Konstitusiya Məhkəməsi qərardad (qərar yox, məhz qərardad – bu, vacibdir!) qəbul edib. Ən azı, saytından belə görünür.

 

Əslində, nə vaxt onu qəbul edib və yerləşdirib – bir Allah bilir, bir də özü! Çünki mətbuatda bu barədə heç bir məlumat getməyib. Halbuki, məsələn, əvvəlki qərardadı mətbuatda dərc edilmişdi. Bu məxfiliyin səbəbi nədir?

 

Səbəb odur ki, bu qərardad ölkənin hüquq sistemini tam alt-üst edib! Konstitusiya Məhkəməsi deyib ki, onun iki qərarında qanunlara verdiyi şərh yalnız bundan sonra yaranacaq münasibətlərə və həmin iki qərarın qəbulunadək məhkəmədə olan işlərə aiddir. Yəni münasibətlər əvvəl yaranıbsa, amma iş hələ məhkəmədə deyilsə, Konstitusiya Məhkəməsinin həmin 2 qərarındakı şərh potensial məhkəmə işlərində rəhbər tutula bilməz. Cəfəngiyat!

 

İndi isə keçək məsələnin mahiyyətinə. Qərardad Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il və 25 iyul 2019-cu ildə kredit xətti üzrə zaminlik və ipoteka müqavilələrinə dair qərarlarına dairdir (həmin məsələ üzrə ölkədə konstitusion böhran da yaşanmışdı, çünki Ali Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyi ilə hesablaşmırdı, bu barədə yazmışdım (BAX).

Əkrəm Həsənov, hüquqşünas, bank-maliyyə eksperti