Oliqarx dostları və generalitet çara qarşı - Putin Sezarın taleyini yaşaya bilər

Dünya

09.02.2022 - 18:18

Rauf Mirqədirov: "Rusiyada islahatlar heç vaxt "aşağılar"ın tələbi ilə olmayıb, əksər hallarda "yuxarılar"ın təşəbbüsü ilə olub"

Xarici beyin mərkəzləri müasir dövrün imperiyası olan Rusiya Federasiyasının yaxın gələcəkdə çöküşünü proqnozlaşdırırlar. Əsas kimi o gətirilir ki, Vladimir Putin Rusiyasının aqressiv xarici siyasəti, Moskvanın sanksiyalar altında çabalaması imperiyanın dağılmasını tezləşdirəcək. Xüsusilə, Ukrayna ətrafındakı Rusiya ilə ABŞ-NATO qarşıdurması Qərbin sanksiyalarını bir qədər də çoxaldacaq. Artıq ABŞ adminstrasiyası açıq şəkildə bəyan edir ki, növbəti sanksiyalar Putinin yaxın ətrafına, Rusiya liderinə bağlı oliqarxlara tətbiq ediləcək. Bu, təbii ki, oliqarxiyanın etirazına səbəbdir. 

Rusiyalı analitiklərin özləri bildirirlər ki, sanksiyalar siyahısına düşəcək Putinə yaxın biznesmenlər var-dövlətlərini itirməyə başlayanda, qazanclarından məhrum olanda, hədəf kimi elə öz dostlarını - Putini seçəcəklər. Oliqarxiyanın Putinin bu siyasətinə etirazların;n yaxınlarda başlayacağı proqnozlaşdırılır. 

Putin hakimiyyətinin siyasətinə daha bir etiraz isə Rusiyanın ehtiyatda olan hərbçilərindən gəlməkdədir. Məsələn, bu günlərdə Ümumrusiya Zabitlər Assambleyasının sədri vəzifəsini icra edən, ehtiyatda olan general-polkovnik Leonid İvaşov Rusiyanın Ukrayna ilə müharibəsinə qarşı müraciət yayıb. O, Rusiya rəhbərliyini və Prezident Vladimir Putini belə bir müharibə hazırlamaqda ittiham edib və onu istefaya çağırıb.

İvaşovun fikrincə, əvvəllər “başqa çıxış yolu olmayanda, dövlətin və cəmiyyətin həyati maraqları təhlükə altında olanda Rusiya (SSRİ) məcburi (ədalətli) müharibələr aparırdı”. Lakin indi, generalın yazdığı kimi, Rusiyanın mövcudluğu üçün yeganə təhlükə onun daxili həyatının deqradasiyasıdır.

“Xarici təhdidlər hazırda kritik deyil. Bütövlükdə strateji sabitlik qorunur, nüvə silahları etibarlı nəzarət altındadır, NATO qüvvələri güclənmir və onlar təhdidedici fəaliyyət göstərmirlər”, - deyə İvaşov yazır.

Rusiya imperiyasının hazırkı durumu, çöküşə aparan yol və Putin hakimiyyətinin sonu dünya geosiyasi tarixinə nə verəcək? 

"Şimal ayısı" ilə bağlı verilən proqnozları AYNA-ya müsahibəsində siyasi icmalçı Rauf Mirqədirov ətraflı şərh edib. Analitik deyib ki, həmin proqnozların nə dərəcədə gerçək olub-olmaması haqqında danışmaq lazımdır: 

- Geniş mənada proqnozlar gerçəkdir. Söhbət ondan gedir ki, 2000-ci ildə Putin hakimiyyətə gələrkən onun qarşısında iki yol var idi. Bunlardan biri o idi ki, ölkəni islahatlar yolu ilə idarə etməyə başlasın. Yəni ki, bu və ya digər formada Boris Yeltsin xəttini davam etdirsin. Sözsüz ki, islahatlar yolu çox ağrılıdır. İstənilən islahat ilk dövrlərdə vəziyyəti daha da ağırlaşdırır. Ölkəni yenidən qurmaq hər zaman ağrılı olur. Nəticə etibarilə islahatlar onu aparan hakimiyyətin iqtidardan getməsini tezləşdirir. İslahatların bəhrəsini əksər hallarda hakimiyyətə gələn sonrakı qüvvələr görür. Buna misal olaraq Türkiyəni göstərmək olar. Türkiyədə iqtisadi islahatlara Ərdoğan hökumətindən əvvəlki hökumət başladı. Maliyyə naziri Kamal Dərviş vardı, onun başçılığı ilə Türkiyədə islahatlar aparıldı. İlk başlarda vəziyyət ağırlaşdı. İslahatlar nəticə verməyə başlayanda isə AKP hakimiyyətə gəldi və bəhrəni Ərdoğan hökuməti gördü. Deməyim odur ki, Putin Rusiyanın inkişafını istəsəydi, hakimiyyətə gələndə bu yolu seçməli idi. 

- Amma əks yolu seçdi...

- Putin hakimiyyətinin təkrar istehsalı yolunu seçdi. Onun hakimiyyətdə qalmasını təmin edən aqressiv, millətçi, şovinist siyasi xətti əsas götürdü. Bu siyasətin ilk qurbanı Çeçenistan oldu. Çeçenistan məsələsi Rusiya üçün ağrısız keçdi. Çünki beynəlxalq aləm Putin hakimiyyətinin Çeçenistanın müqavimətini qırmaq siyasətini anlayışla qarşıladı. Dünya birliyi hesab etdi ki, Çeçenistanın müqavimət hərəkatında rəhbərliyi artıq radikal islamçılar ələ keçiriblər, gec-tez islamçılar Çeçenistanda hakimiyyətdə olacaqlar. Bu, Qərbdə o qədər də pozitiv qarşılanmır. Ona görə də beynəlxalq birlik Putinin  bu siyasətini qəbul etdi. Hətta 2008-ci ildə də Putinə inam var idi. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana təcavüzünə görə Qərbdəki bəzi qüvvələr Mixail Saakaşvilini günahkar hesab etdilər. Hesab etdilər ki, Saakaşvili əslində Putini müharibəyə təhrik edib. 2014-cü ildə Krımın ilhaqı və Donbass münaqişəsi dönüş nöqtəsi oldu. Qərbdə bir çoxları anlamağa başladı ki, Putinin siyasətinin mahiyyəti nədir. Bütövlükdə götürəndə, Qərbdə hələ də tam anlamırlar ki, Putinin məqsədi nədir. Onlar hesab edirlər ki, Putinin məqsədi imperiyanı bərpa etməkdir. Əslində isə bu, Putin üçün məqsəd deyil. Kreml rəhbəri üçün əsas məqsəd öz hakimiyyətinin təkrar istehsalıdır. İmperiyanın bərpası sadəcə alətdir. Putin Rusiya cəmiyyətində, ictimai fikrində hakim olan dünya görüşünü özünün hakimiyyəti üçün əsas silah olaraq istifadə edir. 

- Rusiya ictimai fikrində hakim olan dünya görüşü deyəndə nəyi nəzərdə tutursunuz?

- Rusiya ictimai fikri bundan ibarətdir ki, Rusiyanın əldə etdiyi torpaqlar tarixi rus torpaqlarıdır. Məsələn, Krımın ilhaqını Rusiya ictimaiyyəti "Putin Rusiyanın tarixi torpağını qaytardı" kimi qəbul etdi. Əslində isə belə deyil, Krımın nə zaman Rusiya nəzarətinə keçməsi tarixdən bəllidir. Lakin rus cəmiyyəti belə düşünmür. Ruslar deyirlər ki, "bütün çətinliklərə, ağırlıqlara dözməyə hazırıq, amma Rusiyadan qorxsunlar, Rusiyanı dünya lider kimi qəbul etsinlər". Rusiyanı çöküşə aparan məhz bu siyasi xətt Putinin hakimiyyətinin yenidən istehsalına imkan yaradır. Xatırladım ki, Çeçenistan müharibəsindən sonra Putinin reytinqi çox artdı. 2008-ci il Gürcüstan müharibəsindən sonra da reytinqi yüksəldi. 2012-ci ildə Putinin reytinqi düşməyə başladı. Hətta ölkədə hakimiyyətin dəyişməsi haqqında söz-söhbət var idi. 2014-cü ildə Rusiya növbəti təcavüzünü Ukraynaya etdi və yenə də Putinin reytinqi pik həddə çatdı. Sonradan Suriya, Liviya hadisələri oldu. Amma hər təcavüzdən sonra Rusiyaya qarşı sanksiyalar artmağa başladı - xaricdəki qətllərlə bağlı sanksiyalar, kibercinayətlərə görə sanksiyalar. Sanksiyaların böyük hissəsi isə Rusiyanın qonşu ölkələrə hərbi təcavüzü ilə bağlıdır. Problem ondadır ki, bu sanksiyalar, Rusiyanın özünə qapanması, hakimiyyətin təmərküzləşməsi sözsüz ki, Rusiyanı gec-tez çöküşə aparacaq. İqtisadiyyatın qanunu budur. İqtisadi sanksiyalar Rusiyanın hansısa təcavüzündə bu ölkənin çox ağır, biabırçı məğlubiyyəti ilə nəticələnəcək. 

- Bu, Rusiyanın müharibədə uduzması proqnozudur?

- Rusiya tarixinə nəzər yetirsək, görərik ki, həmişə bu cür olub. Ölkə həddindən artıq aqressiv xarici siyasət yeridib və nəticədə ağır məğlubiyyətlə üzləşib və Rusiyada ağır böhran yaşanıb. Məsələn, düzdür, SSRİ-nin dağılmasının çoxlu səbəbləri var idi. Amma Rusiya ictimaiyyətini ən çox qıcıqlandıran, rusların özlərinə təhqir kimi qəbul etdiyi hal Əfqanıstan müharibəsindəki məğlubiyyət idi. Ruslar ölkələrinin Əfqanıstandan biabırçı şəkildə çıxmasını özlərinə təhqir kimi qəbul edirdilər. Ondan əvvəlki tarixə də baxmaq kifayətdir. Məsələn, Birinci Dünya müharibəsində Rusiya məğlub oldu, ondan sonra ölkədə inqilablar baş verdi. Rus-Yypon müharibəsindəki məğlubiyyət də sonradan ölkədə böhranlı vəziyyətin yaranmasına səbəb oldu. Yəni ki, Rusiya tarixinə baxmaq kifayətdir ki, bu ölkəni nələr gözləyir. 

- Hesab edirsiniz ki, hazırkı siyasətdən narazılar inqilab edəcəklər?

- Sözsüz ki, Rusiyanın hərbçiləri, biznesmenləri haqlıdırlar ki, Putin Rusiyanı uçuruma aparır. Xırda bir misal gətirim: hazırda neftin qiymətinin artması Rusiya rublunun məzənnəsinə müsbət təsir etmir. Çünki sanksiyalar var. Normalda neftin qiymətinin artması rublun məzənnəsinə müsbət təsir etməlidir, amma əksinədir. Bunu biznesmenlər görürlər. İkinci bir məsələ ondan ibarətdir ki, bu gün Putinlə yaxın olduğuna görə qazanan oliqarxlar var. "Putinin dostları klubu" adlandırılan həmin oliqarxların əsas qazanc yeri xaricdir. Rusiyanın resurslarının satışı hesabına varlanırlar. Məsələn, "Qazprom" xariclə müqavilələri birbaşa imzalamır, yaratdıqları şirkətlər imzalayır və qazın satışını həyata keçirir. Əslində danışıqları "Qazprom" aparırdı. Sadəcə Putinə yaxın oliqarxların qazanmaları üçün bir neçə adamın adına offşor şirkətlər yaradılırdı, həmin şirkət heç bir iş görmədən öz faizini götürürdü. Sergey Rolduqin kimdir - violençelist. Təbii, tanınmış musiqiçidir, dünyada şöhrəti də var və s. Amma üzə çıxdı ki, Rolduqinin hesabında iki milyard dollar pul var. Violençelist nə qədər dünya şöhrətli olsa da, məntiqlə yanaşanda, iki milyard qazana bilməz. Məlumdur ki, bu pulların hamısı Rusiyanın resurslarının cinayətkar yolla satılması ilə qazanılıb. Məsələ burasındadır ki, Putinin təcavüzkar siyasətinə görə artıq Rusiyaya qarşı sanksiyalar ümumi ilə yanaşı, şəxslərə də tətbiq ediləcək. Yəni Putinin dostları sanksiyalara məruz qalacaqlar ki, bu, ajiotajı artıracaq. ABŞ gizlətmir ki, sanksiyalar həm sektorlara, həm də Putinin yaxın ətrafına tətbiq ediləcək. Bu, oliqarxların qazanc imkanlarını məhdudlaşdıracaq. Bu, azmış kimi, Putinin dostlarının hərəkət azadlığı məhdudlaşacaq.

- Yəni bu, Putinin dostlarının Putinə qarşı narazılığını artıracaq... 

- Rusiya oliqarxiyası xoşlayır ki, Avropa ölkələrində yaşasınlar, Avropa sanatoriyalarında istirahət etsinlər. Avropa ölkələrində evləri var, müəyyən biznesləri var və s. Sanksiyalardan sonra Rusiyadan çıxa bilməyəcəklər axı. Bunlar, əlbəttə, narazılığı artıracaq. Təsəvvür edin, odlu-alovlu danışan, Qərbi düşmən kimi görən, Rusiya xarici siyasətinin əsas ideoloqu Sergey Lavrovun qızı Nyu-Yorkda yaşayır. Putinin qızlarından biri Niderlandda yaşayır. Söhbət ondan gedir ki, sanksiyalar birbaşa Putinə, Lavrova və onların ən yaxınlarına qarşı tətbiq ediləcək. Bu, sözsüz ki, onlarda narazılıq doğurur. 

- Oliqarxiyanın narazılığı nə ilə nəticələnə bilər?

- Bunu dəqiq proqnozlaşdırmaq çətindir. Təəssüf ki, Rusiyada islahatlar heç vaxt "aşağılar"ın tələbi ilə olmayıb, əksər hallarda "yuxarılar"ın təşəbbüsü ilə olub. Ona görə də həmin qüvvələrin, oliqarxiyanın cəmiyyətdə geniş dəstək alacağına o qədər də inanmıram. Amma çevriliş cəhdləri ola bilər. 

- Rusiyanın çöküşü, Putinin hakimiyyətdən gedişindən sonra postsovet məkanını nə gözləyir? Kremlin postsovet, xüsusən də Cənubi Qafqaz siyasətində hansı dəyişikliklər olacaqmı?

- Qısamüddətli dəyişikliklər ola bilər. Geniş mənada götürdükdə, problem əslində Putində deyil. Təbii, Putinlə bağlı çoxlu problemlər mövcuddur: şəxsi problemləri, keçmişi ilə bağlı travmaları, kompleksləri var və s. Onun problemləri çoxdur. Hətta həyat və davranış tərzi, özünü maço kimi aparması onun ciddi psixoloji-mənəvi komplekslərinin olduğunu göstərir. Amma ən böyük problem Rusiya cəmiyyətinin düşüncə tərzindədir. Bu, "Böyük Rusiya" şovnizminə əsaslanan imperiya təfəkkürüdür. Sözügedən təfəkkürün dəyişməsi çox çətin məsələdir. Qısamüddətli nəsə dəyişikliklər  olsa da, sonradan həmin təfəkkür yenə də hakim olacaq. 

- Məsələn, SSRİ-nin çöküşündən sonra xalqların bir qismi müstəqillik qazandı, respublikalarını bərpa etdi. Rusiya imperiyasının tərkibində əsarətdə olan xalqlar yenə də mövcuddur. İmperiyanın növbəti çöküşü həmin xalqlara nə vəd edir?

- Yenə deyirəm, Rusiya cəmiyyətinin təfəkküründəki ideologiya imperiya ideologiyasıdır. İkincisi, onu nəzərə almaq lazımdır ki, Rusiya imperiyası ən gənc imperiyalardan biridir. İmperiya təfəkkür tərzindən can qurtarmaq çox çətindir. Məsələn, bu gün ABŞ da imperiyadır. Amma Amerikanın dünyanı idarə etmək aləti Rusiyadan fərqlidir. Tutaq ki, ABŞ-ın alətləri arasında Rusiyadan fərqli olaraq, dollar var, maliyyə aləti mövcuddur. Rusiyanın aləti isə hərbidir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın çox böyük resursları var. Bu resurslar hər zaman Rusiyaya aqressiv xarici siyasət həyata keçirmək imkanı verir. Dediyim resurslar da hələlik tükənməzdir. Deyirik ki, neftə-qaza alternativlər olacaq. Amma söhbət Rusiyanın təkcə neftindən, qazından getmir. Bu ölkənin digər mühüm resursları mövcuddur. Əslində Rusiya resurslarına görə dünyanın ən xoşbəxt ölkəsi olmalı idi. Amma bu resursları aqressiv xarici siyasət aləti kimi istifadə edir. Bu baxımdan imperiya çöküş yaşasa da, imperiya xisləti qalacaq. Əgər Rusiyada əsarətdə olan xalqlar məhv edilməsə, assimilyasiya olunmasa, imperiyanın çöküşündən yararlana bilərlər. Amma bu, daha ağrılı və uzun proses olacaq. 

Müəllif: Anar Bayramoğlu