Nazir pensiya yaşının azaldılmasına “yox” dedi: “Bu, sadə məsələ deyil”

İqtisadiyyat

05.12.2022 - 18:24

Samir Şərifov: “Biz statistikaya görə bilirik ki, ölkədə uzunömürlülük yüsəkdir”

“İnsanlar işləyirlər, amma başa düşmürlər ki, işləməklə yanaşı, pensiya fonduna da pul köçürməlisən”

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi sonuncu (üçüncü) oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” , “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Tibbi sığorta haqqında”, “Büdcə sistemi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” qanunlara, Vergi, Gömrük, Miqrasiya, Əmək məcəllələrinə dəyişiklik layihələri, “Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihələri daxildir.

Gələn ilin dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılacaq

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılacaq. Onun sözlərinə görə, ümumilikdə, bu məbləğ 30 milyard 773 milyon 978 min manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat təşkil edəcək.

Layihədə glən ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik bölməsi üzrə xərclərinin artırılması qərara alınıb. Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 11 milyon 117 min 500 manat artırılaraq, 5 milyard 331 milyon 211 min 93 manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 5 milyard 320 milyon 93 min 593 manat təşkil edirdi. Qanun layihəsinin yeni redaksiyasına əsasən, artırılan vəsait bu bölmə üzrə milli təhlükəsizlik xərclərinə yönəldiləcək. Beləliklə, dövlət büdcəsindən milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 375 milyon 354 min 411 manat olacaq. Əvvəl bu, 364 milyon 236 min 911 manat təşkil edirdi.

Naxçıvan Muxtar Respublikasına ayrılacaq dotasiyanın məbləği artırılır

Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın da məbləği artırılacaq. Bu barədə iclasda iştirak edən maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ikinci oxunuşla müqayisədə üçüncü oxunuşda dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 1,7 milyon manat artırılır: "Birinci oxunuşla müqayisədə söhbət təxminən 1,7 milyon manat artımdan gedir. Müvafiq olaraq, dotasiyanın məbləği 482, 4 milyon manat təşkil edəcək. İlkin dürüstləşməyə nisbətən 32,6 milyon manat artım nəzərdə tutulub".

Qeyd edək ki, ikinci oxunuş üçün 2023-cü ilin dövlət büdcəsinin layihəsində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasını büdcəsinə nəzərdə tutulmuş dotasiya ilə bağlı dəyişikliklər edilmişdi. 2023-cü ilin dövlət büdcəsinin layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiyanın 31,1 mln manat azaldılması, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində öz gəlirlərinin 20 milyon manat artırılması nəzərdə tutulmuşdu.

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Bununla da Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb", - deyən nazir söyləyib ki, Naxçıvan Baş Gömrük İdarəsi dövlət büdcəsindən maliyyələşdiriləcək: "Bununla da ümumilikdə dövlət büdcəsindən Naxçıvana ayrılan 20,6 milyon manat azaldılaraq, Dövlət Gömrük Komitəsinə verilib".

Samir Şərifov: “Normal pensiya almaq üçün 35 il işləməlisən”

Nazir pensiya yaşının azaldılması ilə bağlı deputatlar tərəfindən səsləndirilən təkliflərə də münasibət bildirib. S.Şərifov bildirib ki, pensiya yaşının müəyyən olunması elə də sadə məsələ deyil. Pensiya sisteminin quruluşu maliyyə resursları ilə sıx bağlı olmaldır. Yaşın süni şəkildə azaldılması, yaxud çoxaldırması müəyyən problemlərə səbəb ola bilər. Biz statistikaya görə bilirik ki, ölkədə uzunömürlülük yüsəkdir. Ona görə bu statistikanı nəzərə almaq lazımdır”.

“Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pul alsınlar. Əvvəllər 12 il işləyən adama 25 faizlə pensiya haqqı tanınırdı. Bu gün normal pensiya almaq üçün 35 il işləməlisən. İndi ölkədə insanlar işləyirlər, amma başa düşmürlər ki, işləməklə yanaşı, pensiya fonduna da pul köçürməlisən. Gələcəkdə bunun əsasında pensiya məbləği müəyyənləşəcək", - nazir əlavə edib.

“Bu paket bizə 4 milyard manata başa gəldi”

S.Şərifovun sözlərinə görə, pensiya yaşı ilə bağlı qaldırılan məsələlərdə diqqətli olmaq lazımdır: “Biz o pulu vermədikdə başqa problemlər yaranacaq. Bu gün həm də bizim qarşımızda ən vacib ümdə vəzifə Böyük Qayıdışı təmin etmək və müdafiəni gücləndirməkdir. Ona görə də əsas maliyyə bu sahəyə cəlb olunacaq”.

“2018-2019-cu illərdə minimum əmək haqqını 130 manatdan 200 manata çatdırdıq. Bu paket bizə 4 milyard manata başa gəldi. Hər il pensiyalar üzrə indeksasiya aparılır. Bu il inflyasiya da var. İnflyasiyanın təsirlərini biz pensiyaçılara kompensasiya etməliyik. Növbəti ildə bizim təkcə pensiya fonduna indeksasiya üzrə xərclərimiz əhəmiyyətli dərəcədə artır. Söhbət 15 faizdən az olmayan indeksasiyadan gedir. Ona görə biz baxmalıyıq ki, nə edə bilərik".

Müzakirələrdən sonra gələn ilin büdcə zərfinə daxil olan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müəllif: Anar Bayramoğlu