Moskva üçün güzəştə getməkdən başqa yol qalmır

Siyasət

02.10.2019 - 21:26

Politoloq: “Rusiya 1 yanvar 2020-ci il tarixindən başlayaraq Ukrayna ərazisindən qaz nəqlinə dair razılığa gəlməli olacaq”

 

ABŞ-Ukrayna münasibətləri, ABŞ-ın Ukraynadakı xüsusi nümayəndəsinin istefası, habelə “Şimal axını-2” qaz layihəsi ətrafında yaşananlar son günlər geosiyasi müstəvi əsas müzakirə mövzularındadır. AYNA əməkdaşı bu barədə ukraynalı politoloq Yevgeni Maqda ilə həmsöhbət olub:

 

- Bu yaxınlarda ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Valker istefa verdi. Bu, Ukrayna-Amerika münasibətlərinə necə təsir edəcək?

 

- Kurt Valkerin Ukrayna-Amerika münasibətləri üçün əhəmiyyətini başa düşmək üçün bir faktı xatırlatmaq kifayətdir: o, son iki ildə Ukraynaya 10 dəfədən çox səfər edib və ölkəmizdə baş verənlər barədə sistemli biliyə sahibdir. Bu mənada Valkerin ABŞ-da baş verən siyasi qalmaqalın qurbanı olması əbəs deyil. Mövcud siyasi vəziyyətin ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsinin ləğvinə səbəb olacağını da istisna etmirəm. Amerikanın Ukraynaya dəstəyi Tramp ilə Zelenski arasındakı telefon danışığı zamanı yaşanan qalmaqal səbəbindən təhlükəyə uğradı və bu, həqiqətən rəsmi Kiyevdən fəal mövqe tələb edən bir problemdir. Xüsusilə xatırlatmaq lazımdır ki, Ukraynanın Rusiya ilə qarşıdurması ABŞ-ın qlobal aspektdə maraqlarına cavab verir.

- Bu gün Avropada problemli mövzulardan biri, Ukrayna dəhlizinə alternativ olan “Şimal axını-2” layihəsidir. Sizcə, bu layihə həyata keçiriləcəkmi?

 

- “Qazprom” (Kreml) “Şimal axını-2”ni həyata keçirmək üçün çox səy göstərir, lakin əvvəlcədən planlaşdırıldığı kimi, 2019-cu ilin sonuna qədər istifadəyə verilməsini çatdıra bilməyəcək. Bu, o deməkdir ki, Rusiya 1 yanvar 2020-ci il tarixindən başlayaraq Ukrayna ərazisi ilə qaz nəqlinə dair Ukrayna və Avropa İttifaqı ilə razılaşmalı olacaq. Ukrayna öz anbarlarında rekord miqdarda - 20 milyard kubmetrdən çox qaz toplayıb və demək olar ki, istənilən ssenariyə hazırdır. Kreml bunu bilir, buna görə də təxribatlara və manipulyasiyalara bir daha etibar edəcəklər.

 

- Bu günlərdə İrəvanda Ali Avrasiya İqtisadi Şurasının sammiti oldu. Bu qurumun işini necə qiymətləndirirsiniz? O, nə dərəcədə effektivdir?

 

- Bir iştirakçının üstünlüyünü vurğulamağı hədəfləyən hər hansı bir təşkilat, iştirakçılar arasındakı bərabər nisbətə əsaslanan təşkilatlardan daha az təsirli olacaq. İnanıram ki, Rusiya İranla kifayət qədər güclü əlaqələrin nümayiş etdirilməsində və İrəvanda keçirilən Ermənistan üzərindəki təsir imkanlarını göstərməkdə maraqlıdır.

Müəllif: Nicat Hacıyev