"Paşinyanın sözlərini fürsət bilməliyik, hərəkətə keçmək zamanıdır"

Siyasət

09.09.2019 - 11:26

Elxan Şahinoğlu: "Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyevin dəyişdirilməsinə nail ola bilərik"

 

"Ermənistanın Baş Naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı son statusda Rusiya ilə Ukrayna arasında girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təqdir edib. “Girovların dəyişdirilməsinin Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasına dəstək olacağına ümid edirik”, - cümləsini yazan Paşinyan iki xalq arasında münasibətlərin bərpasının alternativi olmadığını bildirib".

 

AYNA xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşıb edib. Onun fikrincə, Paşinyanın bu sözlərindən sonra Azərbaycan hərəkətə keçib, Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyevin dəyişdirilməsinə nail ola bilər: "İndi bizdən nə tələb olunur? Azərbaycan Xarici İşlər Nazirliyi təkrar bəyanatlar yaymaqdansa, yaradıcı yanaşma ortaya qoyaraq Paşinyanın son statusundan bəhrələnsin. Paşinyan statusunda girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini tərifləyib. Biz də onun bu statusuna istinad edərək Dağlıq Qarabağdakı iki girovumuzu bizim əlimizdə olan eyni sayda Ermənistan vətəndaşına dəyişdirilməsini təklif edək".

Qeyd edək ki, E.Şahinoğlu daha öncə də belə bir təklif səsləndirmişdi: "Rusiya uzun müddət həbsdə saxladığı ukraynalıları Kiyevə təhvil vermək istəmirdi, bir qismini terrorda, digərlərini sərhəd pozuculuğunda ittiham edirdi. Ukrayna bunun qarşılığında həbs etdiyi Rusiya vətəndaşlarının sayını artırırdı. Onlara qarşı da oxşar ittihamlar irəli sürülmüşdü. Kiyevin bu strategiyası özünü doğrultdu. Bu gün iki ölkə girovları "hamının hamıya" prinsipi ilə dəyişdi. Kiyevin strategiyasından biz də yararlanmalıyıq. Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımızın bizə qaytarılması üçün qarşı tərəfin daha çox hərbçisini və kəşfiyyatçısını ələ keçirməli və İrəvana mübadilə təklifi etməliyik".

Müəllif: Ayna.az