Parlamentdə gərginlik: “AXC-Müsavatı xəyanətdə ittiham etmək yanlışdır”

Siyasət

08.05.2020 - 13:14

Sabir Rüstəmxanlı: “Bu yanaşmaya son qoyulmalıdır”

 

Əli Hüseynli: “Sabir müəllim, burada heç kim demədi ki, Şuşa Ermənistan tərəfindən işğal edilməyib”

 

Milli Məclisin bugünkü iclasında Şuşanın işğalı ilə bağlı məsələdə gərginlik yaranıb. AYNA xəbər verir ki, mübahisə hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatları Siyavuş Novruzov və Cavid Osmanovun çıxışından sonra baş verib. Belə ki, YAP-dan olan deputatlar Şuşanın işğal edilməsində, həmin dönəm hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyünü günahlandırıblar. Onlar bildiriblər ki, Şuşa həmin hakimiyyətin səriştəsizliyi və xəyanəti nəticəsində işğal edilib.

 

Bundan sonra Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək, YAP-çı deputatların fikirlərinə etiraz edib. Rüstəmxanlı bildirib ki, Şuşanın Azərbaycanın bəzi qüvvələrinin xəyanəti nəticəsində işğal edilməsi ilə bağlı yanaşma səhvdir: “Bəzi cavan deputatlar o dövrdəki hadisələrin içərisində olmayıblar, səthi məlumatlarla çıxışlar edirlər. Biz Şuşada bu qədər şəhid vermişik. AXC-Müsavat iqtidarını tənqid etmək olar. Lakin, o hakimiyyəti xəyanətdə ittiham yanlışdır. Belə fikir, o anlama gəlir ki, guya Şuşanı Ermənistan işğal etməyib. Hesab edirəm ki, bu yanaşmaya son qoyulmalıdır”.

 

Parlament sədrinin birinci müavini Əli Hüseynli isə S.Rüstəmxanlıya cavab olaraq qeyd edib ki, Azərbaycanda Şuşanın işğalına hüquqi qiymət verilib: “Sabir müəllim, burada heç kim demədi ki, Şuşa Ermənistan tərəfindən işğal edilməyib. O zaman bununla bağlı Ali Məhkəmədə məhkəmə prosesi olub. İşğala hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradan məsələlər də hüquqi qiymətini alıb. Buna tam hüquqi qiymət verilib və heç bir halda bizim tərəfimizdən başqa cür yozula bilməz. Şuşa Ermənistan tərəfindən işğal olunub. Amma o zaman Azərbaycanda yaranmış siyasi vəziyyətə hər zaman olduğu qiyməti verəcəyik”.

Müəllif: Ayna.az