Milli Məclisdə qiymət artımından şikayət: “Ötən il 100 manata aldığımız ərzağı...”

Cəmiyyət

25.11.2022 - 14:05

Gələn ilin büdcə layihəsi ikinci oxunuşdan keçdi: deputatlar təkliflər, nazir söz verdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında 19 məsələ müzakirəyə çıxarılıb. Toplantıda Baş nazir Əli Əsədov və digər hökümət nümayəndələri də iştirak ediblər. Əvvəlcə Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova Kambocaya səfərindən və orada keçirdiyi görüşlərdən danışıb. S.Qafarova səfər çərçivəsində 9 ikitərəfli görüş keçirdiyini bildirib.

Spiker: “Mina bərpa işlərinə ciddi əngəl törədir”

“Görüşlər zamanı Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərlə öz torpaqlarını 30 illik işğaldan azad etməsi, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səyləri haqqında məlumat verdim. Müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistanın əldə olunan razılaşmalara əməl etməkdən boyun qaçırmasından danışdıq”, - spiker vurğulayıb.

Milli Məclisin Sədri eyni zamanda, Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın şəhər və rayonlarını, infrastrukturu, mədəni və tarixi abidələri tamamilə dağıtmasından da söz açıb: “Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və tikinti işləri həyata keçirir, ərazilərimiz bərpa edilir. Lakin Ermənistanın ərazilərdə basdırdığı çoxlu sayda mina bərpa işlərinə ciddi əngəl törədir. İki il əvvəl müharibə başa çatandan indiyədək mina partlayışları nəticəsində təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb”.

Deputat narahatdır: “Məhkəmə qərarları icra olunmursa, bu investorları da ölkəyə investisiya qoymaqdan çəkindirəcək”

Daha sonra iclasda gələn ilin dövlət büdcəsi ikinci oxunuşda müzakirə edilib. Müzakirə zamanı deputat Qüdrət Həsənquliyev məhkəmə qərarları ilə bağlı narazılığını bildirib. Millət vəkili qeyd edib ki, ölkədə ilin sonuna 1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir: “Bu, kifayət qədər böyük rəqəmdir. Məhkəmə qərarlarının icra olunmamasının səbəbi bununla bağlıdır”.

“Vətəndaşların narazılığı əsasən məhkəmələrin ədalətsiz qərar qəbul etməsi, yaxud ədalətli qərarların icra edilməməsi ilə bağlıdır. Məhkəmə qərarlarının icrası üçün büdcədən vəsait ayrılmalıdır. Bu, dövlətçilik üçün çox mühümdür. Əgər məhkəmə qərarları icra olunmursa, bu investorları da ölkəyə investisiya qoymaqdan çəkindirəcək. Xahiş edirəm ki, hökumət üzvlərindən bu istiqamətə vəsait ayırsınlar”, - deyə Həsənquliyev əlavə edib.

Millət vəkili Elşad Mirbəşir səhiyyə xərclərindən danışıb və deyib ki, büdcədən səhiyyə xərcləri üçün 1,9 milyard manat nəzərdə tutulub: “Güzəştli müalicələrin nəzərdə tutulduğu xərclərdə Spinomuskular atrofiya (SMA) xəstələrinə diqqətin artırılmasına ehtiyac var. Azərbaycanda da belə xəstələr var. Xahiş edirəm, hökumət üzvləri bu məqama diqqət yetirsinlər. SMA xəstəlikli uşaqlar nəzarətə götürülsün. Onların ineksiya yolu ilə müalicəsi mümkündür. Azərbaycanda 28 belə xəstə uşaq var. Bu uşaqların hər birinin müalicəsi üçün 2 milyon manat tələb olunur”.

Millət vəkillərindən tarixi şəxsiyyətlərlə bağlı təklif

Deputat Tahir Kərimli müzakirə zamanı təklif edib ki, Azərbaycanda tarixi şəxsiyyətlərə heykəl qoyulsun. Onun sözlərinə görə, vətənpərvərliyi inkişaf etdirmək üçün belə məsələlərə biganə qalınmamalıdır: “Şeyx İbrahimə, Hacı Çələbiyə, Cavanşirə heykəllər qoyulmalıdır. Qəbələ Albaniyanın paytaxtı olub və tarixi ərazi sayılır. Tarixi ərazilərə diqqət yetirilməlidir”.

“Gələn il azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti Elza İbrahimovanın 85 illiyi tamam olacaq. Amma onun adının əbədiləşdirilməsi üçün görülən işlər yarımçıq qalıb”. Bu sözləri deputat Qənirə Paşayeva deyib. Millət vəkili Baş nazirə üz tutaraq bildirib ki, sənətçinin 85 illiyinə az qalıb: “Hörmətli Baş nazirin burada olmasından istifadə edərək bildirirəm ki, Elza İbrahimovanın yaşadığı yerdə memorial abidənin qoyulmsı ilə bağlı qərar vardı. Amma təəssüf ki, memorial abidə qoyulmayıb. Elza xanımın Vətən, Qarabağ üçün çox vacib, gözəl əsərləri var. Onu diqqətdən kənar qoymaq olmaz. Gələn il yubileyi ilə bağlı onun adının əbədiləşdirilməsi üçün işlər görülməlidir”.

Deputat bahalaşmadan gileyləndi: “Ciddi addımlar atılmalıdır”

Deputat Zahid Oruc isə bahalaşmadan gileylənib. Millət vəkili deyib ki, minimum əmək haqqının 300 manat olduğu zamanda inflyasiyanın həddi istehlakın dəyərinin daha ədalətli olmasını tələb edir: “Hesab edirəm ki, bahalaşmanın qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. 2019-cu ildə 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ildə 300 manatlıq minimum maaşdan daha yüksəkdir. Yəni ki, siz ötən ilin noyabrında 100 manata aldığımız ərzağı indi 115 manata deyil, 125 manata alırsınız. O cümlədən, xidmətlər səbətində təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 14 manat artırıb”.

“Əgər dəyişikliklər aparılsa, əhalinin sosial təminatı yaxşılaşar. 2022-ci ildə yarım kiloqramlıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırılıb. Belə bahalaşmanın qarşısını alaq üçün işlər görülməlidir”, - Z.Oruc vurğulayıb.

Gələn ilin büdcəsinin xərcləri açıqlandı

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov büdcənin əsas xərclərini açıqlayıb. Nazir bildirib ki, 2023-cü ilin dövlət büdcəsi Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş əsas inkişaf prioritetlərinin və dövlətin əsas funksiyalarının, o cümlədən, müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət, sahibkarlığın inkişafı, aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə xərclərin maliyyələşdirilməsini təmin edəcək.

“33 milyard 300 milyon manat məbləğində nəzərdə tutulan büdcə xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Əsaslı xərclərin 3 milyard manatı işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə, Böyük Qayıdışın təmin edilməsinə, infrastrukturun qurulmasına və digər tədbirlərə yönəldiləcək”, - deyə nazir əlavə edib.

Nazirdən deputatın Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsi fikirlərinə reaksiya: “Tamamilə yanlışdır”

Nazir Milli Məclisin əvvəlki iclaslarındakı çıxışlarda Azərbaycanda kişilərin 47 faizinin 65 yaşına çatmadan vəfat etməsi fikrini qəbul etməyib. Onun sözlərinə görə, bu, tamamilə yanlışdır: “2021-ci ildə 76 min 878 nəfər dünyasını dəyişib, onların 40 minindən çoxu kişilərdir. Vəfat edən kişilərin 21 min 339 nəfəri 65 yaşdan yuxarı olub. 47 faiz anlamına yalnız bu göstərici uyğun gəlir. 5 milyon 74 nəfər kişi var, onların 6,7 faizi 65 yaşından yuxarıdır, 93,3 faizi 65 yaşına çatmayanlardır. Məntiqi olaraq daha yüksək çəkiyə malik olan 93,3 faiz hissənin dünyasını dəyişməsi kifayət qədər məntiqlidir. Həmin qruplarda 65 yaşına qədər dünyasını dəyişən kişilər 0,4 faizdir. Beləliklə, son illərin ölüm ehtimallarına əsasən, yeni doğulanların 79,5 faizi 65 yaşına çatıb. Kişilər üzrə bu göstərici 75,3 faiz, qadınlar üçün isə 85,1 faizdir”.

“Bundan əvvəl parlamentin iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsini bildirmişdi. O təklif etmişdi ki, buna görə də, kişilərin pensiya yaşı aşağı salınmalıdır. Göründüyü kimi, deputatın dedikləri həqiqəti əks etdirmir, statistikalar fərqlidir”, - nazir əlavə edib.

Maliyyə naziri: “Deputatların təkliflərinə baxılacaq”

S.Şərifov onu da bildirib ki, deputatların büdcə müzakirələri zamanı təmsil etdikləri regionların qaz və su təchizatı, məktəblərin tikintisi, yol infrastrukturu və digər məsələlərlə bağlı təkliflərinə aidiyyəti qurumlar tərəfindən baxılacaq: “Qaldırılan məsələlərin 2023-cü il büdcəsi çərçivəsində həll edilməsi və ya növbəti ilin dövlət büdcəsinə daxil edilməsi ilə bağlı qərar müvafiq qurumların təhlilləri nəticəsində veriləcək”.

Müzakirələrdən sonra Milli Məclis “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 29 963 720,0 min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 530 714,0 min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində müəyyən edilir.

Müəllif: Anar Bayramoğlu