Laçın dəhlizinin ləğvinə doğru: alternativ yola kim nəzarət etməlidir?

Aktual

09.07.2022 - 10:25

QAT sədri: "Azərbaycan çalışmalıdır ki, yeni yolda Rusiya sülhməramlıları köhnə yoldakı kimi özlərini oraların ağası kimi hiss etməsinlər"

Sabiq dövlət müşaviri: "Yol bizim mülkiyyətimizdə olduğu üçün  Azərbaycanın hüquqları da reallaşacaq"

Laçın şəhərinə daxil olmadan keçən yeni avtomobil yolunun istifadəyə verilməsindən sonra ermənilərin Laçın şəhəri və əvvəlki dəhlizin ətrafındakı kəndləri boşaltması məsələsi gündəmin əsas müzakirə mövzularındandır. Yola nəzarətin necə həyata keçiriləcəyi, Rusiya sülhməramlılarının və Azərbaycanın yol üzərində nəzarət funksiyalarının necə bölüşdürüləcəyi kimi suallar meydandadır. 

Qeyd edək ki, Laçın şəhərindən yan keçən yol istifadəyə verildikdən sonra Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər yeni yoldan istifadə edəcəklər. Bundan sonra Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları Laçın dəhlizi adlanan yola yox, yeni yola nəzarət edəcəklər. Gözlənilən odur ki, yeni yolda təbii olaraq, Azərbaycanın da keçid məntəqələri fəaliyyətə başlasın. 

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi bitəndən sonra Laçın boşaldılsa da, Laçın dəhlizi ətrafındakı sülhməramlılar nəzarət edən müəyyən yaşayış məntəqələrində ermənilər yaşamağa davam edirdilər. Sosial şəbəkələrdə yayılan bəzi görüntülərə görə, Laçında qalmış ermənilər artıq əraziləri tərk etməyə başlayıblar. Xəbərlərə görə, onlar ənənələrinə uyğun olaraq, Kəlbəcəri tərk edərkən törətdikləri əməlləri təkrarlayırlar - Laçını da yağmalayır, tikililəri uçurur, ağacları kəsir və s.

Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı AYNA-ya deyib ki, Laçın şəhərindən yan keçən yolun işə düşməsi Qarabağda vəziyyəti dəyişdirəcək. 

Onun sözlərinə görə, yeni yol istifadəyə verildikdən sonra ermənilərin bir çox əsassız iddialarına son qoyulacaq, eyni zamanda, təxribat əməlləri azalacaq: "Ermənilər fəaliyyətdə olan yol vasitəsilə, Rusiya sülhməramlılarının da dəstəyi ilə Laçının özündə, həm də yolətrafı kəndlərdə mövcudluqlarını qoruyurdular. Yeni yolun çəkilişi onların bir çox arzularının üstündən xətt çəkir”. 

“Hələ ki, yolun istifadəyə veriləcək dəqiq tarixi məlum deyil. Ermənilər bütün cəhdlərlə yeni yolun açılmasına mane olmağa çalışırlar. Yolun Ermənistan hissəsində bu günədək heç bir iş görülməyib. Ermənistan tərəfi müxtəlif bəhanələrlə vaxtı uzatmaq istəyir. Hesab edirəm ki, Azərbaycan məsələni gündəmə gətirməli, erməni tərəfin də tikinti işlərinin başlaması və sürətlə həyata keçməsinə nail olmalıdır”, - A.Nağı qeyd edib. 

Yeni yola nəzarət mexanizminə gəlincə, A.Nağının sözlərinə görə, güman ki, ilk vaxtlar nəzarət sülhməramlılar tərəfindən həyata keçiriləcək: “10 noyabr razılaşmasında bu format nəzərdə tutulur. Amma Azərbaycan çalışmalıdır ki, yeni yolda Rusiya sülhməramlıları köhnə yoldakı kimi özlərini oraların ağası kimi hiss etməsinlər. Ümumiyyətlə isə Laçın yoluna tam nəzarət Azərbaycanın əlində olmalıdır. Çünki bura Azərbaycan ərazisidir və ərazimizdə öz qanunlarımız işləməlidir". 

A.Nağı Laçında və ümumiyyətlə, Qarabağda ermənilərin sayının azaldığını da əlavə edib: “Bizdə olan məlumatlara görə, Laçının kəndlərində çox az sayda ermənilər qalıb. Onlar əsasən Zabux kəndindədirlər ki, onlar da 10 il bundan əvvəl Suriyadan, Liviyadan qanunsuz köçürülən ermənilərdir. Həmin ermənilərin Laçında qalmasının özü də absurddur. Özləri də bunu başa düşür və çəkilib gedirlər. Yola nəzarət özümüzə qayıtdıqda, sonra isə bu təmizləmə prosesi daha sürətlə gedəcək. Bununla yanaşı, ermənilər Laçını tərk edərkən Kəlbəcərdə törətdikləri vandalizmi təkrarlayırlar. Hesab edirəm ki, Azərbaycan bunun qarşısının alınması üçün Rusiya sülhməramlılarına müraciət etməlidir”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də bildirib ki, Laçından yan keçən yol Azərbaycan üçün vacib əhəmiyyətə malikdir. 

Analitik AYNA-ya deyib ki, Laçından Xankəndinə, oradan da Ermənistana keçən yolu Azərbaycan çəkir və həmin yol Azərbaycanın dövlət mülkiyyətidir: "Gələcəkdə həmin yola nəzarət  Azərbaycanın suverenliyi altında olan bir yol kimi dəyərləndirilir. Yeni yolun 5 kilometrlik məsafəsi bir çox insanlarda da fərqli  təəssürat yaradır. 5 kilometrlik məsafəyə nə Rusiya nəzarət edə biləcək, nə də digərləri. Azərbaycanın buradakı uduşu ondan ibarətdir ki, yol Azərbaycan tərəfindən tikilir, bütünlüklə Azərbaycanın mülkiyyəti olacaq. Azərbaycanın burada təhlükəsizliyi təmin etmək hüquqları yaranacaq. Bu, 10 noyabr Üçtərəfli Birgə Bəyanatda öz əksini tapıb". 

"Yeni yol Azərbaycan tərəfinin bölgədə suverenliyinin bərpası istiqamətində əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, yeni yol köhnə Laçın dəhlizinin ləğvi ilə nəticələnəcək. Sülhməramlıların nəzarətində olan ərazilərdə Azərbaycanın həmin yola nəzarəti məsələsi mübahisə yaratsa da, gedən proseslərdən belə aydın olur ki, həmin yola Azərbaycan özü nəzarət etməli olacaq. Yolun təhlükəsizlik məsələləri  Azərbaycanın üzərinə qoyulub. Yol bizim mülkiyyətimizdə olduğu üçün  Azərbaycanın hüquqları da reallaşacaq". 

Q.Hüseynli də hesab edir ki, ermənilərin Laçını tərk edərkən etdikləri vəhşiliklərin qarşısı alınmalıdır: "İndi orada məskunlaşan bəzi terrorçu ünsürlər çıxmayacaqlarını bildirirlər. Bunlar mənasız bəyanatlardır. Özləri də bilirlər ki, onlar əraziyə qeyri-qanuni şəkildə məskunlaşdırılıblar. Çıxmağa məcbur olacaqlarını bildikləri üçün indidən dağıntılarla məşğuldurlar. Məlumatlara görə ağacları kəsirlər, təbiətə zərər vururlar. Tikililərin sökülməsi, materialların daşınması haqqında səhih bilgilər var. Düşünürəm ki, bunun qarşısının alınması üçün bölgəyə nəzarət məsuliyyətini həyata keçirdiyini iddia edən Rusiya sülhməramlılarına müraciət edilməlidir. Diqqətlərinə çatdırılmalıdır ki, Azərbaycana məxsus şəhərin, əmlakın ermənilər tərəfindən talanmasının, yağmalanmasının qarşısı alınmalıdır". 

Müəllif: Anar Bayramoğlu