Koronavirus həqiqətləri: Təşviş inamsızlıq qədər təhlükəlidir

Cəmiyyət

15.12.2020 - 23:52

Həkimlər Klinikalar SEO Xidməti

Psixoloq: “İmmun sistemini gücləndirən əsas amillərdən biri psixoloji sağlamlıqdır”

 

Dünyada və Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artan sürətlə davam edir. Nəticədə xüsusi karantin rejimi sərtləşdirilir, ictimai iaşə obyektləri fəaliyyətini dayandırır, insanlar evə qapanırlar.

 

Pandemiya virusoloji problemlərlə bərabər psixoloji problemlər də yaradır. Bəzi insanlarda bəzən qorxu yaranır ki, mütləq xəstələnəcəklər və özlərini necə qorumaq lazımdır deyə bütün günü fikirləşməyə başlayırlar. Yaxud virusa yoluxub sağalan insanlar arzuolunmaz şəxslərə çevrilirlər – hər kəs onlardan qaçır. Bütün bunlar da insan psixologiyasında travmalara gətirib çıxarır.

 

Mövcud problemlə bağlı AYNA-nın suallarını “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Fidan Azərqızı cavablandırıb:

Xoşbəxtliyin sirri | SENET.AZ

- İnsanlar qeyri-müəyyən və görmədikləri bir virusun törətdiyi bu qədər çətinliklərə müxtəlif cür psixoloji reaksiyalar verirlər. İnsanların dünyagörüşü, hər bir məsələni düşünmək qabiliyyətləri fərqli olduğu üçün onlarda bu, müxtəlif cür təəssürat yaradır. Bəzi insanlar aşırı dərəcədə təşvişlidirlər. Özlərini hər bir şeydən təcrid edirlər.Bəzi insanlar bunu qəbul etməməyə çalışırlar. Onu da qeyd edim ki, bu insanlar daha çox qorxan və daha çox təşviş keçirən insanlardır ki, sadəcə olaraq “qəbul etmirəm”, yəni “mən yoluxa bilmərəm” kimi reaksiya verməklə, sanki bunun çətinliklərindən qaçırlar. Bəziləri özündə baş verən xırda dəyişikliyi belə, böyüdürlər və ətraflarındakı insanları qorxutmağa çalışırlar. Bir qrup insanlar da var ki, testinin nəticəsi pozitiv çıxdığı halda, özünü sağlam kimi göstərərək öz işlərini davam etdirirlər.

 

- Koronavirusa yoluxan elə şəxslər var ki, bundan utanırlar, xəstəliyini gizlətməyə çalışırlar…

 

- Buna iki prizmadan yanaşmaq lazımdır. Birincisi, insanın bundan qaçması və qəbul etməməsi. Məsələn, hər hansı bir insan ömrüboyu onunla davam edəcək bir xəstəliyin olduğunu eşidəndə dərmanları qəbul etmir, sanki bundan qaçır və barışmaq istəmir. Pozitiv nəticə ilə cəmiyyət içərisində olan insanların bir qrupu  bu insanlara aiddir ki, bunu qəbullana bilmirlər. İkincisi, insanlar hər hansı bir insanın COVID-19-a yoluxduğunu, testinin pozitiv çıxdığını eşidəndə onlara qarşı o qədər sərt reaksiya verirlər ki, həmin insanı özlərindən uzqlaşdırmağa çalışırlar və onu bir infeksiya mənbəyi kimi görməyə başlayırlar. Və normal olaraq da insan ətrafında bu cür reaksiyalı insanları gördüyü üçün, hər hansı viusa yoluxduqları zaman bunu gizlətməyə çalışırlar. Təbii ki, hər iki halda da bu, düzgün addım deyil.

 

- Kiminsə yoluxuduğunu bildiyimiz halda, ona necə reaksiya verməliyik?

 

- Təbii ki, hər bir məsuliyyətli insan virusa yoluxduğu zaman özü özünü təcrid edəcək. Bunun üçün 14-21 günlük müddət var. Bu müddət ərzində həmin insan müalicəsinə davam edəcək. Bu, hər birimizin yoluxa biləcəyi bir virusdur və insanlar sadəcə bu virusun faizinə deyil, rəqəmlərinə daha çox üstünlük verirlər. Ölüm faizi çox az faizlidir, amma insanlar onu rəqəm olaraq qəbul etdikləri zaman bu, onlar üçün çox qorxulu gəlir. 80 faiz insan bunu daha yüngül formada keçirirlər.

 

- Virusdan qorunmaq üçün üç sadə qayda var – maska-əlcək, spirt və sosial məsafə. Bəzən elə insanlar onlar ki, bu qaydalara ifrat dərəcədə adaptasiya olurlar. Bütün günü əllərini spirtləyirlər, adam görən kimi sanki qaçırlar, üç maskanı üst-üstə taxan, dayanmadan temperaturunu ölçən insanlar var. Belə təşviş əlavə psixoloji travmalar yaratmır?

 

- Koronavirus təşviş pozuntusu olan insanlara daha pis təsir edir. Təşviş pozuntusu yaşayan insanlar buna aşırı dərəcədə reakisya verirlər. Təbii ki, bu da normal deyil. Hər bir xəstəlikdə olduğu kimi, bu xəstəlikdə də insanın immun sistemini gücləndirən əsas detallardan biri psixoloji olaraq sağlam olmasıdır. Məsələn, belə düşünək ki, biz imtahana hazırlaşırıq. Biri var ki, normal olaraq imtahanın qaydalarına əməl edərək hər hansı bir fənni oxuyaraq hazırlaşaq, biri də var ki, stress keçirək. Bu, bizim diqqətimizi, qavramağımızı və digər proseslərimizi də ləngidəcək və normal olaraq yaxşı nəticə göstərə bilməyəcəyik. Xəstəliklə mübarizədə də eyni vəziyyətdir. Aşırı dərəcədə qorxu yaşayacaqsa, maskları üst-üstə taxacaq. Sadəcə olaraq sadə qaydalara əməl etməklə kifayətlənmək olar.

 

- Aşırı müdafiə hissi nələrə səbəb olur?

 

- Belə insanları təşviş pozuntusu qrupu altında birləşdirsək, panik atak kimi psixoloji narahatlıqlar yaşaya bilərlər. Bu, bir tərəfdən təbii bir prosesdir. Çünki müəyyən vaxtdır ki, biz bu virusun içərisindəyik və hələ də nə qədər davam edəcəyi və ya nə vaxt bitəcəyi ilə bağlı da qeyri-müəyyənlik var. İnsanlar normal olaraq öz rituallarından, yəni hər zaman vərdiş etdikləri həyat tərzlərindən uzaqlaşıblar. Amma aşırı təşviş varsa və ya yaxınında belə bir insanlar varsa, onlar professional olaraq dəstək almalıdırlar. Çünki bu insanlar xəstəliklə qarşılaşdıqları zaman da çox pis reaksiya verəcək və çox təşvişli olacaqlar. Bu da onların sağalma müddətini uzadacaq və ya immun sistemlərini zəiflədəcək.

 

- “Bu virus nə vaxt tamamilə aradan qalxaca” deyə narahatlıq keçirənlər də var…

 

- Peyvəndlərlə bağlı qeyri-müəyyənlik, vaksinin tapılmaması da psixoloji problemlərə yol açır. Tarixə nəzər salsaq, bundan əvvəlki viruslar da müəyyən bir vaxtdan sonra çəkilib. Heç biri uzunmüddətli və ömürlük davam etməyib. Təbii ki, bu virus da çəkilib gedəcək. Xəstəliyin aradan qalxması müddətində insanların psixologiyasında da sağalma baş verəcək.

 

- Son olaraq cəmiyyətə tövsiyələriniz nədir?

 

- İlk olaraq immun sistemini gücləndirəcək hər bir prosesə müəyyən qaydada əməl etsinlər. Tibbi maska və əlcəklərdən düzgün istifadə etsinlər. Özlərini normada qorumağa çalışsınlar. Əgər bu virusla rastlaşacaqsa, tez bir zamanda bu barədə aidiyyəti orqanlara məlumat versinlər və müalicələrinə davam etsinlər, özlərini bir müddəlik izolə etsinlər. Digər respirator qriplər kimi bu virusdan da bir müddət sonra sağalıb, yenidən cəmiyyətə qayıdacaqlarını düşünsünlər. Ən əsası isə özümüzü qoruduğumuz kimi, psixoloji olaraq da düşüncələrimizi kənar informasiyalardan və ya mənfi xəbərlərdən qorumağa çalışaq. Burada bir tərəfdən qeyri-müəyyənlik, digər tərəfdən də informasiyanın çoxluğu öz təsirini göstərir. Hər gün ölüm xəbərlərini oxumaq, faiz nisbətinə, statistik rəqəmlərə köklənmək insanların təşvişini artıracaq. Müalicəsi baş tutan, sağalan insanların yüksək faizi olan bir xəstəlikdir. Çalışsınlar ki, sağalan insanlardan özlərinə örnək götürsünlər. Və bu xəstəliyi yaşayan insanlar da digərlərini daha çox qorxudaraq yox, prosesi tam olaraq izah edərək maarifləndirsinlər.

Müəllif: Ülviyyə Şahin