Əli yerdən-göydən üzülmüş qadınlar üçün ümid işığı - <font color=red> Regionlarda həyat canlanır</font>

Cəmiyyət

19.09.2019 - 13:00

“Özünə belə, inamı bitmiş qadınları öz qınından çıxardıq”

 

Ölkədə iqtisadi, sosial dirçəlişdən danışanda paytaxtın inkişaf tempindən nümunələr gətirilir, bəs əyalətlərin, bölgələrin durumu necədir? Azərbaycan tək Bakıdan ibarət deyil axı. Bu səbəbdən Avropa İttifaqının  (Aİ) Azərbaycanda keçirdiyi çoxsaylı layihələr, əsasən respubikanın ayrı-ayrı bölgələrini əhatə edir və regionların sosial-iqtisadi vəziyyətinin, insanların rifahının yaxşılaşdırılmasına  yönəldilib. Belə layihələrdən biri də Aİ ilə BMT-nin İnkişaf Proqramının dəstəklədiyi “Genderə həsas Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsidir.

 

Layihə rəhbəri Vüsal Behbudov təqdim olunan fəaliyyətin məqsəd və maraqlı tərəfləri barədə AYNA-ya danışıb. O, müsahibəsində qeyd edib ki, layihə son zamanlar zəruri olan məsələlərdən birinin - ölkədə gender bərəbarliyinin təminatına dəstək layihəsidir. Layihənin ümumi məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına dair milli gündəliyin genderə həssas istiqamətdə işlənib-hazırlanması və həyata keçirilməsində vətəndaş cəmiyyətinin effektiv və fəal iştirakının təşviqidir.

 

V.Behbudovun sözlərinə görə, layihənin icrası zamanı vətəndaş cəmiyyəti və hökümət, dövlət qurumları arasında qarşılıqlı iş və dialoqun qurulması da hədəflənib: “Bəzən qeyri-hökümət təşkilatları irəli sürduyü vacib məsələləri təkbaşına həll etməyə müvəffəq ola bilmir. Bu səbəbdən çox halda dövlət orqanları vasitəçi və ya aparıcı rol oynaya bilir. Düşünürəm ki, artıq aylardır davam edən layihə çərçivəsində bu istəyə nail ola bilmişik, nəticələrimiz də qənaətbəxşdir. Biz sadəcə bölgələrdə insanlara hər hansı işdə istiqamət göstərmək üçün yolları təqdim edirik, layihə bitsə belə, davamlı fəaliyyətlərini arzulayırıq”.

“Layihə Bakı, Ismayıllı, Naxçıvan MR, Şəki, Zaqatala, Balakən, Quba-Xaçmaz, Mingəçevir, Şirvan, Bərdə, Yevlax, Füzuli, Sabirabad, Neftçala, Salyan, Masallı, Biləsuvar, Lənkəran əhatə edir”, - deyə layihə rəhbəri bildirib.

 

QEYD: Azərbaycanda  2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" Qanun qüvvəyə minib. Bu səbəbdən bu istiqamətdə layihənin icrası vacibdir. Bu məsələ BMT-nin 2030-cu ilədək nəzərdə tutulan Dayanıqlı İnkişaf Məqsədlərinin ən əsas istiqamətlərindəndir.

 

“Özünə belə, inamı itmiş qadınları öz qınından çıxardıq”

 

Haqqında danışdığımız layihə özü özlüyündə regionların əhatə dairəsinə görə parçalanıb. Doqquz subqrant layihədən biri Şəki, Qax, Zaqatalanı əhatə edir. Şəkidə fəaliyyət göstərən “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi “Həssas qadın qruplarına qarşı ayrıseçkilik ilə mübarizə” layihəsini həyata keçirir.

 

Haşiyə: Həssas qadınlar – hazırda Azərbaycanın ən ağrılı və çətin yükünü daşıyan qadınlardır. Hər il 10 mindən çox ailə müxtəlif səbəblərdən dağılır, nəticədə daha çox qadınlar boşanma nəticəsində həm maddi, həm də mənəvi zərər alırlar. Cəmiyyətdə movcud stereotiplər, seksual qısnamalar boşanmış damğası vurulmuş qadınların həyatını çox halda cəhənnəmə çevirir. İqtisadi asılılığı olan, valideynlərinin yanına qayıdan və ya qayıda bilməyən, dəstək alan və ya mənəvi cəhətdən qayğı görməyən qadınların yeni həyata başlaması isə ya vaxt alır, ya da özləri tərəfindən sonlandırılır. Dul qadınların vəziyyəti kimsə tərəfindən sığortaya alınmır, yenə də hər şey onların öz cəsarətinə, qüvvəsinə qalır. Bu səbəbdən belə qadınların dəstəklənməsi ən vacib məsələlərdən biri olmalıdır. Çünki təkbaşına qalan qadınların çoxu övladlarına da gün ağlamaq məsuliyyətini daşıyırlar.

 

Beləliklə, məlum layihənin icrası, nəticələri ilə yaxından tanış olmaq üçün Şəkiyə üz tutdum.

 

“Uluçay” təşkilatının nümayəndələri ilə görüş zamanı işlərlə bağlı danışdıq, daha sonra nəticələrlə yaxından tanış olmaq üçün Şəki və Qaxın ayrı-ayrı yerlərini ziyarət etdik. Qeyd edim ki, zaman qıtlığından bu dəfə Zaqatalaya getmədik.

Əvvəlcə layihənin region üzrə koordinatoru İlyas Səfərli məlumat verdi ki, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin proqramlarında gender bərabərliyi, 17 Davamlı İnkişaf Məqsədlərindən (DİM) biri olaraq BMT-nin İnkişaf Proqramı tərəfindən qlobal hədəflər toplusu kimi böyük əhəmiyyət daşıyır: ““Uluçay” gender bərabərliyi problemini həll edən müxtəlif layihələr həyata keçirib. Layihənin ötən müddəti zamanı qadınlara rəhbərlik, marketinq, satış, maliyyə menecmenti, iş qeydiyyatı və qurulması mövzularında təlimlər verilib. Onlara mentorluq və biznesə başlamaq yardımı da olunub. Bir daha vurğulayım ki, bu proqramlar qadınların daha müstəqil olmalarına və cəmiyyətdə daha böyük rol oynamalarına imkan yaratdı. Özlərinə inam, liderlik və idarəetmə bacarıqlarını və icmalarında qərar vermə iştirakını aktivləşdirdi. Hüquqi və psixoloji yardım sayəsində qadınlar maarifləndi. Nəticə olaraq, qadınların sahibkarlığı üçün əlverişli mühitin yaradılması, eyni zamanda iş və məşğulluq imkanlarının yaradılması üçün bütün imkanlardan istifadə olundu”.

 

“Uluçay” təşkilatının rəhbəri Mais Səfərov söhbəti zamanı bildirdi ki, layihənin bir hissəsi uğurla başa çatıb: “Layihə boyu boşanmış və dul qadınlara, həmçinin məhbusların həyat yoldaşlarına qarşı cəmiyyətdə mövcud olan ayrı-seçkilik və sosial təcridin azaldılması hədəfini əsas tutmuşuq. Bilirsiz, nə qədər insan sosial, iqtisadi, psixoloji problemlə yaşayırmış? Biz  bu günə qədər özümüz də başqa layihələrlə çıxış edirdik, amma bu layihə sayəsində məlum oldu ki, insanların, qadınların hüquqi maariflənməsinə ehtiyac var. Layihənin icrasına başladığımız müddətdə ən böyük çətinliyimiz inam məsələsi idi. Çox qadın təlimlərdə iştirak etməyə ürək etmirdi, ailənin, valideynlərin nəyinsə dəyişəcəyinə ümidi yox idi. Yavaş-yavaş təlimdən hüquqi, psixoloji xidmətlərdən yararlanan xanımların özünə inamı da qayıtdı. Biz onların nələrsə ilə barışmaq məcburiyyətini dəyişə bildik. İlk vaxtlar zəiflik göstərən qadınarı, bu gün cəsarətli, bilikli görəndə sevinirik. Bu, əslində onların öz qələbəsidir”.

Son zamanlar cəmiyyətdə boşanma hallarının çoxluğundan narahatlıq keçirən “Uluçay” rəhbəri vurğulayıb ki, layihə müddətində, sanki təcili yardım xidməti fəaliyyəti göstəriblər və iş hələ də davam edir: “Biz münaqişəli ailələr, hər hansı məhkəmə çəkişməsi olduğu anda fəaliyyətə keçirik. Boşanmalar ölkəni ağuşuna alıb. Təəssüf ki, səbəbləri tam araşdırılmayan mövcud vəziyyətdə ər və arvad arasında mübahisələr çox olur. Layihənin ötən müddəti ərzində (7 ay) 100-ə yaxın qadına hüquqi yardım, alimentin, valideyn hüququnun alınması, daşınmaz əmlak kimi məsələlərdə dəstək olunub. Bu proseslərdə bir daha əmin olduq ki, boşanmalarda ailəyə kənar müdaxilələrin təsiri böyük olur. Bu, bütün region üçün keçərlidir. Layihə çərçivəsində Ədliyyə Nazirliyi, məhkəmələrlə də əməkdaşlıq qura bildik, əslində bu, həm bizim, həm də müraciət edənlərin xeyrinə idi. Doğrudan da, hüquqi baxımdan hərtərəfli dəstək nəticəsində bir çox qadının problemlərini həll etmişik. Ən böyük qazanclarımızdan biri də o oldu ki, təlimlərə cəlb olunan qadınlar təkcə özlərini deyil, ailə üzvlərini də dəyişə bildilər. Çünki bəzi hallarda ailə üzvləri qadınların hüquqlarının pozulmasına elə özləri imkan yaradırlar”.

 

M.Səfərov layihənin digər hissəsinin qadınlar üçün bizneslərin qurulması olduğunu dedi: “Təlimlərdən sonra qadınlarımıza öz biznesini yaratmaq imkanı verdik. Əslində, biz bunu layihənin tam sonunda etməliydik, amma biznes layihəsini təqdim edən xanımlarımızı intizarda qoymayıb, birinci mərhələdə bu dəstəyi göstərdik. Onlara biznes sahəsini tam öyrətmək olmasa da, ən azı vacib məqamları aşılaya bilmişik. Bəzi xanımlar əvvəllər pərakəndə şəkildə işləyirdisə, indi təlimatlar, öyrəndiyi biliklər sayəsində işini yürüdə bilir. Hazırda isə növbəti qadın qrupu ilə işlərimizə başlayırıq, bu dəfə daha inamla fəaliyyət göstərəcəyik”.

 

Reportajın bu yerində artıq Şəki və Qax rayonlarında öz işini qurmuş bir neçə xanımın uğur hekayələri ilə tanış olacağıq. Səfərim müddətində həmin xanımlarla görüşdüm və iş yerlərindəki vəziyyətlə tanış oldum. Həm də belə cəsarətli, nümunəvi xanımlarımızla fəxr etdim.

Gunay Həmidzadə - 28 yaşı var, 6 ildir ailə qurub. 5 yaşlı övladı var. Həyat yoldaşı ailəsini atıb Rusiyaya gedib, hazırda orada törətdiyi əməllərə görə həbsdədir. Gənc ana bir vaxtlar çarəsiz idisə, layihə çərcivəsində hüquqi, psixoloji dəstək alıb. “Uluçay” sayəsində işlə təmin olunub. Günayla söhbət zamanı qarşımda güclü, məqsədli xanım gördüm.

Təşkilatın gender məsələləri üzrə eksperti AyseL İsmayılova ilə söhbət zamanı ona müraciət edən qadınların müxtəlif səpkidə problemlərlə qarşılaşdığını bildirdi: “Layihə çərçivəsində bizim maraqlı və vacib təəssüratlarımız formalaşdı. Qadınlarımızın çoxu boşanmaq istəyir, artq ailə içində yaşaya bilmədiyini deyir. Bəzisinin daha çox psixoloji vəziyyəti ilə əlaqədar özünə inamı olmur, belə qadınların psixoloji reabilitasiyası ən vacib məsələdir. Biz ilk müraciət edənə diaqnozumuzu qoyduqdan sonra həmin qadını psixoloqumuza yönəldirik, daha sonra onun müraciətinə baxırıq. Boşanma proseslərində də xoş olmayan hallar olur, iştirak etdiyim proseslərdə qarşı tərəfin inadkarlığı, qadını əzməsi kimi vəziyyətlər də ortaya çıxır. İnanırsız, bizim bir qrup qadınımız təlimlərimizdə iştirakdan sonra xeyli maariflənib, artıq hüquqlarını bilir deyə, maraqlı ideya ilə gəlirlər. Bu, onların qısa müddətdə görkəmlərinə, xarici görünüşlərinə də müsbət təsir edir. Bu, bizi çox məmun edir, məqsədimiz də elə budur. Axı qadınlar cəmiyyətin aparıcı qüvvələridir, ailədə, məişətdə, hər yerdə onların rolu danılmazdır, bu səbəbdən xüsusilə həssas qrupdan olan qadınların həyatına yenidən, sıfırdan başlaması üçün şans verilməlidir. Bu dəstəyi, şansı cəmiyyət ona təqdim etməlidir ki, o da özündə güc tapsın. Yoxsa, stiqma, strereotiplərlə yaşayan cəmiyyət həyatında uğursuzluq yaşamışları əzərək gedəcək, necə ki, bu hallarla tez-tez rastlaşırıq. Layihəmizin birinci hissəsində qadınlarda insanlara inamı qaytarmağa nail olmuşuq, əvvəl üzgün, kədərli, çarəsiz simalarla gələnləri, indi dik, özünə əmin görmək bizi sevindirir. İqtisadi cəhətdən asılılığı olmayan, həm ailəsinə, həm də özünə maddi imkan yaradan, artıq budcə formalaşdırmağı bacaran xanımlarımız başqaları üçün ümid qaynağı baxımından da gözəl nümunədirlər”.

Layihədən yararlanan Arzu Məmmədova artıq özünün “Əsli nənənin təndiri” adlı işini qurub. Arzu 3 uşaq anasıdır, həyat yoldaşı vaxtsız ölüb. Arzunun təndirinə yaxınlaşanda artıq onun bişirdiyi çörəyin qoxusu hər yeri bürümüşdü.

 

Şəki sakini Arzu söhbətimiz zamanı bunları dedi: “Layihə icraçıları məni özümə qaytarıblar, işimdə olan potensialımın üzə çıxmasına imkan veriblər. Təlimlərdə aktiv iştrak etməyə başladım. Mənim üçün həyatda çətin heç nə yoxdur. Həmişə çalışmışam ki, öz gücümə nə isə edim, ali təhsilim olmadığı üçün nələrsə əldə etmək istəmişəm. Təlimlərə qoşuldum, biznesin qurulması, işin təşkili, budcənin yaradılması kimi məsələləri öyrəndim. Sənətim bərbər olsa da, təndir çörəyi yeri açmaq mənim çoxdankı arzum idi. Layihə çərçivəsində mənə təndirin qurulması, obyektin təşkili üçün maddi dəstək göstərildi. Bura verdiyim Əsli adı nənəmin adıdır. Vaxtilə o da çörək yoğurub-yapmaqla məşğul olub, 100 yaşına qədər yaşayan Əsli nənəmin çörəyi məşhur olub. İndi gündəlik tələbatı bilirəm, işlər yaxşı gedir. Gələcək hədəflərim də var. Yəqin ki, bu sahədə yeniliklər etmək və ya başqa sahədə özümü təsdiqləmək istərdim”.

Qaxda yaşayan Ramilə Abbasova isə həyat yoldaşını, hələ qızına hamiləykın itirib. Hazırda 15 yaşlı qızı var. Bərbər işini özü Bakıda öyrənib. Ramilə tək qadın kimi bir çox çətinliklərlə qarşılaşsa da, ümidini itirməyib: “Öyrəndim ki, Şəkidə belə bir layihə həyata keçirilir, orada qadınlar təlimlərə cəlb olunur. Düzü, çoxu bu təlimlərə getməyi ciddi qəbul etmirdi. Hətta məni Qaxdan Şəkiyə təlimə getdiyimə görə qınayırdılar. Biznes plan, idarəçilik, işin qurulması kimi məsələləri öyrəndim. Təlim sonrasında öz işim üzrə qadın salonu açılması üçün müraciət etdim. Mənə salon xidməti üçün lazım olan avadanlıqlar, mebel alındı, dəstək göstərildi”.

 

Ramilənin salonu Qaxın mərkəzi küçəsində yerləşir, özünün dediyi kimi, artıq müştəriləri var.

Qax sakini Əhmədova Narınc da gənc yaşında 2 övladı ilə yaşayır. Narıncla söhbət əsnasında öyrəndim ki, onun Şəki təlimlərinə qatılmasına atasının ciddi narazılığı olub. Buna baxmayaraq, gənc xanım inadkarlığından əl çəkməyib: “Ailəmdə, atamda inamsızlıq vardı. Hər dəfə təlimə getdiyimi eşidəndə məni tənbeh edirdi ki, boşuna gedirsən. Dəfələrlə atamla aramızda mübahisələr də oub. Amma bu gün layihə çərçivəsində yaradılan salonuma gələndə mənimlə fəxr edir, deyəsən, vaxtilə etdiyi etirazdan utanır da (gülür - müəll.). Sağ olsunlar, mənim ayaqda durmağıma yardım etdilər, bu gün öz peşəm sayəsində öz pulumu qazanıram”.

Qaxda biznes layihəsini reallaşdıranlardan bir də “Ladies bakery” şirniyyat evinin yaradıcıları - Pərvanə Dadaşova, Aytən Mustafayeva və Şəhla Allahverdiyevadır. Hər üç xanım layihə sayəsində şirniyyat sexini işə salıb. Onlara sex üçün lazım olan iş imkanı yaradılıb, artıq öz alıcılarını qazanıblar. Konditor xanımlarla söhbət zamanı məlum oldu ki, təlimlərə cəlb olunana qədər xeyli iqtisadi, psixoloji problemlər yaşayıblar. Özlərinin də dediyi kimi, layihə onların həyatında yaxşılığa doğru dönüş nöqtəsi olub.

 

Təqdim olunan xanımlar ölkənin ən gözəl guşələrindən olan Şəki, Qax xanımlarının yalnız bir neçəsi idi. Hansı ki, onlara əl tutulmasa, dəstək verilməsəydi, indi kimlərinsə sözü, baxışı, davranışı nəticəsində əzilərək kiçiləcəkdilər. Demək, DƏSTƏK doğru, gərəkli ünvana ediləndə, belə pozitiv mənzərədən məmunluq duyursan. Ardı gəlsin!

Müəllif: Raminə Eyvazqızı