Koronavirus Azərbaycan təhsil sistemində kardinal dəyişikliyə yol aça bilər

Cəmiyyət

10.03.2020 - 15:15

Ekspertlər hazırkı vəziyyətdən çıxış yolu kimi distant təhsilə keçilməsini görürlər

 

Bildiyimiz kimi, Nazirlər Kabinetinin yeni qərarı ilə Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması, ölkədə yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə tədris-təlim müəssisələrində tətil müddəti mart ayının 20-dək uzadıldı. Bu müddətdə ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı və bununla bağlı bütün tədbirlər təxirə salındı.

 

Bu isə o deməkdir ki, qərar təkcə Təhsil Nazirliyinə tabe olan dövlət təhsil-təlim müəssisələrinə yox, bu tabeçilik formasından asılı olmayaraq, tədrisin bütün pillələri və istiqamətləri üzrə təhsil verilən müəssilərə - özəl orta məktəblərə, ali və orta ixtisas təhsili müəssisələrinə, uşaq bağçalarına, hazırlıq, dil kurslarına, tədris mərkəzlərinə, uşaq psixoloji mərkəzlərinə, repetitorluq fəaliyyəti göstərənlərə də şamil olunur. Bu qaydanı pozan hüquqi və fiziki şəxslər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 100 manatdan 1000 manata qədər cərimə oluna bilərlər.

 

Məktəblərin, xüsusilə hazırlıq kurslarının fəaliyyətinin dayandırılması isə bəzi valideynləri (əsasən də 9-11-ci sinif şagirdlərinin) təşvişə salıb. Valideynlər övladlarının dərs proqramını tam başa çatdıra bilməyəcəklərindən, buraxılış və qəbul imthanlarında aşağı nəticə göstərəcəklərindən narahatdırlar. Maraqlıdır, belə məqamda şagirdlərin dərs proqramından axsamaması üçün nə kimi tədbirlər görmək olardı? Suallarımıza təhsil ekspertləri ilə AYNA tutmağa çalışdıq.

Картинки по запросу

Kamran Əsədov çıxış yolu kimi distant təhsili görür: “Cıxış yolu, 5 ildir ki, layihə və qanunvericilik bazasını hazırladığım distant təhsilin tətbiq edilməsidir. Əgər ölkəmizdə distant təhsil tətbiq edilsəydi, tətil müddətinin nə qədər uzaldılmasından asılı olmayaraq, normal tədrisin axını davam edərdi”.

 

O, təklif edir ki, indiki halda müəllimlər imkan daxilində “Whatsapp” qruplarından istifadə edərək şagirdlərlə işləməlidirlər: “Yəni “Whatsapp”da şagirdlərə tapşırıqlar versinlər, şagirdlər isə tapşırıqları yerinə yetirib video və ya şəkil halında yenidən məllimə qaytarsınlar. Nəzərə alsaq ki, dərsin olub-olmamasından asılı olmayaraq, bütün müəllimlər, hətta saat hesabı dərs deyənlər əməkhaqlarını tam şəkildə alacaqlar. Düşünürəm ki, bunun qarşılığında şagirdlərlə internet resurslarından istifadə edərək işləmək lazımdır”.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov da indiki məqamda çıxış yolu kimi distant təhsili görür: “Distant, onlayn təhsil təhsilin yeni pillələridir, biz bunlara  keçməliyik. İndi biz distant təhsilə keçmək üçün koronavirusa "sağ ol" deməməliyik ki, məktəblərin bağlanması fürsətindən istifadə edərək distant, onlayn təhsilə keçmək şansımız yaranıb. Amma arzumuzla, təkamül yolu ilə yox, xaricdən müdaxilə yolu ilə keçsək, daha yaxşı olar. Belə olan halda həm yeni metodologiyanı öyrənmiş olarıq, həm də uşaqlar tədris proqramından geri qalmaz. Qoy, bütün məktəblər - hansında ki, imkan var - bundan istifadə edərək səfərbər olsun və distant, elektron təhsildən istifadə edilsin”.

Картинки по запросу

“Təhsil Nazirliyi bu məsələni Səhiyyə Nazirliyi ilə müzakirə edərək zəruri qərarlar qəbul edir. Amma etiraf etməliyik ki, koronavirus bizimlə heç bir müqavilə bağlamayıb. Virus sərt addımlarla yayılsa, tətilin müddəti bir qədər də uzadıla bilər. Ona görə də heç kəs deyə bilməz ki, 27 martda koronavirus təhlükəsi bitir. Biz desək də, koronavirus deyə bilməz. Ona görə də ayıq olmaq lazımdır”, - deyə professor əlavə edib.

 

Ş.Əsgərovun fikrincə, koronavirus təhlükəsi olmayan rayonlarımızda təhsili ciddi nəzarət altında davam etdirmək olar: “Məktəblilərimizin bir hissəsini də bu yolla qoruya bilərik. Buraxılmış günlərin tədris yükü barədə isə mütəxəssislər düşünür. Müxtəlif üsullar təbiq oluna bilər, məsələn, şagirdləri 6-cı gün dərsə cəlb etmək olar. Həmçinin tədris müddətini artırmaq, 33 həftədən 35-ə qaldırmaq mümkündür. Valideynlərin narahatlıq keçirməsi də təbiidir. Şübhəsiz ki, tədrisin olmaması şagirdlərdə müəyyən qədər bilik qıtlığı yaradacaq. Amma sonradan səfərbər olaraq həmin bilik qıtlığını aradan qaldırmaq olar”.

 

Qeyd edək ki, dövlət təhsil müəssisələrində 27 mart ilk dərs günüdür. Özəl təhsil-təlim mərkəzləri isə 21 martdan etibarən fəaliyyətlərinə davam edə bilər.

Müəllif: Rumiyyə Miraslan